Məhkəmə qərarları › İş №2-1(118)-5263/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5263/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5263/2025 07.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 58 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən, Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 58 saylı qərarı ilə mülkiyyətinə həyətyanı məqsədilə 0.06 ha torpaq sahəsi satılmışdır. Qeyd olunan torpaq sahəsinin satışına, torpaqayırma zamanı torpaqların təyinatı üzrə istifadə olunmasına nəzarət edən orqan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən müsbət rəy verilmiş, Torpaq sahəsinin planı və ölçüsü işlənilmiş, alqısatqı aktı tərtib olunmuş və torpaq sahəsinin əldə olunması üçün bələdiyyənin hesabına pul köçürtmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən, Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 58 nömrəli qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli b58 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin rəyi, torpaq sahəsinin A №024860 saylı planı və ölçüsünün təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən sözügedən torpaq sahəsinə dair tərtib olunmuş müayinə (baxış) aktına əsaslanaraq torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçının naturada göstərdiyi Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair müayinə aktının surəti və yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. Elektron kadastr məlumat bazasında iddiaçıya məxsus olan **********0076 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində öz əksini tapır. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin ətrafında yerləşən torpaq sahəsinə reyestr nömrəsi **********74 olan çıxarış verilmişdir. Həmin çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunur. İddiaçıya məxsus olan **********0076 nömrəli plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin sahə və konfiqurasiya uyğunsuzluğu vardır və həmin uyğunsuzluq cavab məktubuna əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Bundan əlavə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 37 kv.metr hissəsi **********0092 nömrəli plan ölçü sənədi ilə üst-üstə düşür. **********0076 və **********0092 nömrəli plan ölçü sənədlərinin təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunur. Məhkəmə sorğusuna cavab olaraq X1 filialının xx.xx.2025-ci il tarixli məktubu ilə Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 58 saylı qərarının və əlaqəli sənədlərin arxiv surəti məkhəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 58 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh qeyd edir ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən, Şamaxı rayon Şəhriyar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 58 nömrəli qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi mənzil tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 58 saylı qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdehin imtinasın münasibətdə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin torpaq sahələrinə verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin 37 kv. metr hissəsinin **********0092 nömrəli plan ölçü sənədi ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki tələb sənəd üzrə mövcud 0.06 ha torpaq sahəsi barəsində olduğundan qeyd edilən hissədə mübahisə yaranmır. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 58 saylı qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar