Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-527/2021 17.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx xxxx 1993cü ildən xx xxx 1994-cü ildək N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı yuxarıda qeyd olunan iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuş, xx xxxx 1993-cü ildən xx xxxxxx 1994-cü ilə qədər Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. Bunu ona məxsus olan H3 ******* saylı hərbi biletinin 7, 12 və 13-cü səhifələrində aparılmış müvafiq qeydlər təsdiq edir. Həmçinin onunla eyni zamanda döyüşmüş şahidlər (keçmiş döyüşçü yoldaşları) onun N saylı hərbi hissədə döyüşməyini təsdiq edə bilərlər. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi xahişi ilə Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, 9/2-9021 saylı məktubunda göstərilmişdir ki, N saylı Hərbi hissə komandirinin dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində xidmətiniz barədə məlumat aşkar olunmamışdır. Həmin məktubda qeyd edilmişdir ki, N saylı Hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından barənizdə əlavə araşdırma aparmaq mümkün olmamışdır. Digər bir müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9/2- 16699 saylı məktubunda da birinci məktııbdakı hallara görə xahişi təmin edilməmişdir. O cavabdehin imtinasını əsassız hesab edir. Belə ki yuxarıda qeyd etdiyi kimi döyüşən ordu sıralarında vuruşmuş və bunu ona məxsus olan hərbi bilet və onunla eyni zamanda hərbi xidmətdə olmuş keçmiş hərbiçilər təsdiq edə bilər. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsini qəbul etmirlər, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki iddiaçı Müdafiə Nazirliyinin komissiyasının rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. AR İPM-nin 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 47.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi və adının verilməsini məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qoyaraq tələbini ona yönəltsə də, həmin orqana müharibə veteranı vəsiqəsi və adının verilməsini tələbi ilə müraciətləri olduğu müəyyən olunmur. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə müvafiq vəsiqənin verilməsi öhdəliyidir ki, buna görə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırki işdə iddiaçı tərəfindən ona müharibə veteranı vəsiqəsi və adının verilməsi ilə bağlı inzibati orqanın müvafiq komissiyasına müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə hansı inzibati orqandan ona müharibə veteranı vəsiqəsi və adının verilməsi ilə bağlı tələb edilərsə, eyni tələb ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-527/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-527/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver