Məhkəmə qərarları › İş №2-1(118)-527/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-527/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-527/2022 24.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 10.12.1995-ci ildən 30.08.2004-cü ilədək "xxxx" Kiçik Müəssisəsində, eləcə də 2004-2007-ci illərdə BOS Şelf MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehin pensiya təyinatından imtina haqqında qərarının ləğv edilməsi və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əfqanıstan müharibə veteranı xx.xx.1961-ci il təvəllüdlü iddiaçı 1983-cü il tarixindən etibarən rəsmi qaydada əmək fəaliyyəti ilə məşğuldur. Ümumi iş stajı 28 il 7 ay 01 gündür. Ümumi iş stajının 15 il 7 ay 6 günü isə ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində (elektrik qaynaqçısı peşəsi üzrə) keçmişdir. Uzun müddət işsiz qaldığından və pensiya yaşına çatdığından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məqsədilə Azərbaycan Respublikası Prezident Administrasiyasına iddiaçı tərəfindən ərizə ilə müraciət edilmişdir. Müraciətinə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) tərəfindən baxılmışdır. Fondun 30.11.2020-ci il tarixli, **********5 nömrəli cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) müraciət etməyi tövsiyə olunmuşdur. Verilən tövsiyəni nəzərə alaraq, 23.02.2021-ci il tarixində yuxarıda qeyd olunan məsələ ilə əlaqədar Filiala müraciət edilmişdir. Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinə əsaslanaraq, güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında qərar qəbul edilmişdir. Belə ki, qərarda qeyd olunmuşdur: “Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin ümumi iş stajınız 01 yanvar 2006-cı il tarixinədək 25 ildən (13 il 4 ay 23 gün), güzəştli iş stajınız 12 il 6 aydan (1 il 4 ay) az təşkil edir”. Göstərilənləri nəzərə alaraq, iddiaçının 60 yaşı tamam olduqdan sonra o, 01.10.2021-ci il tarixində yenidən Filiala ərizə ilə müraciət etmişdir. Filial tərəfindən yenidən pensiya təyinatından imtina haqqında qərar qəbul edilmişdir. Qərarda qeyd olunur: “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (20 il 4 ay 22 gün (23.10.1979- 04.11.1981-ci il, 10.01.1983-17.09.1983-cü il, 16.11.1983-12.02.1985-ci il, 18.03.1985- 25.01.1991-ci il, 06.02.1991-13.06.1991-ci il, 21.08.1992-21.12.1992-ci il, 04.01.1993- 22.10.1993-cü il, 24.09.1994-01.11.1995-ci il, 01.09.2004-31.12.2005-ci il tarixləri arasındakı dövlər)) təşkil edir. Bundan başqa sizin güzəştli iş stajınız da 12 il 6 aydan az (5 il 1 ay 6 gün (07.01.2008-13.02.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40800.00 manat hesablandığı halda fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125.70 manat təşkil edir”. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan maddədən də göründüyü kimi güzəştli şərtlərlə pensiya hüququ üçün tələb olunan staj 25 ildir (və həmin müddətin ən azı 12 il 6 ayı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə keçməlidir). İddia ərizəsinə qoşma olaraq əlavə edilən əmək kitabçasının surətindən də aydın olur ki, iddiaçının stajı 25 ildən çoxdur (həqiqi hərbi xidmətdə olma müddəti hesablanmadan 28 il 7 ay 01 gün). Həmin müddətin 15 il 7 ay 6 gününü isə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı müddət təşkil edir. 01.03.2016-cı il tarixindən 29.08.2016-cı il tarixinədək iddiaçı işsizlikdən sığorta ödənişi almışdır. İmtina barədə qərarda ümumi iş stajı hesablanarkən işsizlikdən sığorta ödənişi aldığı müddət, eləcə də 1996-2004, 2004-2007-ci illər ərzində olan əmək fəaliyyəti nəzərə alınmamışdır. Əlavə olaraq, Filial tərəfindən iddiçıya şifahi olaraq bildirilmişdir ki, 2006-cı il tarixədək işlədiyi müəssisələrdən (əmək kitabçasında qeyd olunan) əmək fəaliyyətinə dair arayış təqdim etsin. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və BOS ŞELF şirkətindən aidiyyəti arayışları əldə edərək Filiala təqdim etmişdir. 1996-2004-cü il tarixlərində işlədiyi müəssisələr isə artıq fəaliyyət göstərmədiyindən müvafiq arayışları əldə etmək mümkün olmamışdır. Əmək kitabçası əmək stajını təsdiq edən əsas sənəd hesab edildiyindən əmək fəaliyyətini təsdiq edən əlavə arayış və ya hər hansısa arxiv sənədinin tələb olunması yuxarıda göstərilən maddəyə ziddir. 2013-cü il tarixindən etibarən iddiaçı işsizdir, hər hansı bir yerdən gəliri yoxdur. Yaşı ilə əlaqədar olaraq müraciət etdiyi heç bir işə qəbul edilmir. 2020-ci il tarixində miokard infarktı keçirmiş, hal-hazırda ürəyə gedən üç əsas damardan ikisi funksiyasını itirmiş, birinə isə üç ədəd stend qoyulmuşdur. Bununla yanaşı, ağciyər və nəfəs yollarında da problem olduğundan o, artıq işləyə bilmir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Bildiririk "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (20 ay 22 gün (23.10.1979- 04.11.1981-ci il, 10.01.1983-17.09.1983-cü il, 16.11.1983-12.02.1985-ci il, 18.03.1985- 25.01.1991-ci il, 06.02.1991-13.06.1991-ci il, 21.08.1992-21.12.1992-ci il, 04.01.1993- 22.10.1993-cü il, 24.09.1994-01.11.1995-ci il, 01.09.2004-31.12.2005-ci tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı 12 il aydan az (5 il 1 ay gün (07.01.2008- 13.02.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33125,70 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 10.12.1995-ci ildən 30.08.2004-cü ilədək "xxxx" Kiçik Müəssisəində, eləcə də 2004-2007-ci illərdə BOS Şelf MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • İş materiallarında olan cavabdeh orqanın 30 noyabr 2020-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən iddiaçıya Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etməsi tövsiyə olunmuş və həmin filialın 02.04.2021-ci il tarixli, **********8 nömrəli imtina məktubunda iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • İşdə olan BOS Şelf MMC tərəfindən tərtib olunmuş 18.02.2021-ci il tarixli güzəştli arayışa əsasən iddiaçının BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 2 il 8 ay 12 gün təşkil edir. • İşə əlavə edilmiş Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 16.02002021-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı həmin zavodun Üst tikililərinin yığılması və quraşdırılması sexində 07.01.2008-ci il tarixdən (30.12.2007-ci il tarixli 371/k saylı əmr) 13.02.2013-cü il tarixinədək (13.02.2013-cü il tarixli 540/k saylı əmr) əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir. İş stajı 5 il 1 ay 6 gün təşkil edir. • İşdə olan AT-İİİ № ******* saylı əmək kitabçasının surətinə əsasən iddiaçı 10.01.1983-17.09.1983-cü illər, 16.11.1983-12.02.1985-ci illər, 18.03.1985-25.01.1991-ci illər, 06.02.1991-13.06.1991-ci illər, 20.06.1991-20.08.1992-ci illər, 21.08.1992- 21.12.1992-ci illər, 04.01.1993-22.10.1993-cü illər, 24.09.1994-01.11.1995-ci illər, 10.12.1995-30.08.2004-cü illər, 01.09.2004-14.05.2007-ci illər, 07.01.2008-13.02.2013-cü illər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin əmək kitabçasının surətinə əsasən iddiaçı 10.12.1995-ci ildə, 27/k nömrəli əmrlə həmin müəssisədə 2 nömrəli şöbəyə fəhlə işinə qəbul edilmiş, iddiaçıya 16.11.1996-cı ildə 29/k nömrəli əmrlə 3-cü dərəcəli əl qaynaqçısı, 04.10.1998-ci ildə, 11/k nömrəli əmrlə 4-cü dərəcəli əl qaynaqçısı, 12.03.2001-ci ildə 5-ci dərəcəli əl qaynaqçısı vəzifəsi verilmişdir. İddiaçı 30.08.2004-cü ildə, 9/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 15.03.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, "xxxx" Kiçik Müəssisəsi 09.08.1994-cü il tarixdə 14746 nömrə ilə dövlət qeydiyyatına alınmışdır (nizamnaməsi əlavə olunub). • Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan BOS ŞELF MMC-nin məlumatına əsasən iddiaçı 01.09.2004-cü il tarixdən 14.05.2007-ci il tarixədək BOS ŞELF MMC-də qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynağında) peşəsində işləmişdir. İddiaçının həmin dövrdə aldığı əmək haqqı barədə məlumat əmək haqqı cədvəlində qeyd edilmişdir. • İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 26.04.2022-ci il tarixli əmək haqqı barədə arxiv arayışına əsasən iddiaçının iş stajı 2008-ci ilin yanvar ayından 2013-cü ilin fevral ayınadək olan əmək haqqı cədvəlləri ilə sübut olunur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq sosial sığorta stajının olmasından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinatların, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 02.04.2021-ci ildə müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının ünvan 1kəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). 01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş və iş stajı; 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. İş materiallarından göründüyü kimi, iddiaçı onun 10.12.1995-ci ildən 30.08.2004-cü ilədək "xxxx" Kiçik Müəssisəsində, eləcə də 2004-2007-ci illərdə BOS Şelf MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh orqan isə iddiaçının tələbinə etiraz edərək iddiaçının ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə 12 il 6 aydan az olmasını bildirərək imtina etmişdir. Habelə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Məhkəmə ilkin olaraq, iddiaçının 2004-2007-ci illərdə BOS Şelf MMC-də işləməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan həmin MMC-nin məlumatına əsasən iddiaçı 01.09.2004-cü il tarixdən 14.05.2007-ci il tarixədək BOS ŞELF MMC-də qaynaqçı (əl ilə qaynaq aparan elektrik qaynağında) peşəsində işləmişdir. Əlavə edilmiş əmək haqqı cədvəllərinə əsasən iddiaçının pensiya hesablanması üçün nəzərə alınan əmək haqqısı 2004-cü ilin sentyabr ayından 2007-ci ilin may ayına kimi ümumilikdə 25880,89 manat məbləğində olmuşdur. İş materiallarında olan əmək kitabçası ilə də həmin müddət öz təsdiqini tapmışdır. İddiaçının 10.12.1995-ci ildən 30.08.2004-cü ilədək "xxxx" Kiçik Müəssisəsində işləməsi ilə bağlı məhkəmə müəyyən edir ki, işdə olan iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən iddiaçı 10.12.1995-ci ildə, 27/k nömrəli əmrlə həmin müəssisədə 2 nömrəli şöbəyə fəhlə işinə qəbul edilmiş, iddiaçıya 16.11.1996-cı ildə 29/k nömrəli əmrlə 3-cü dərəcəli əl qaynaqçısı, 04.10.1998-ci ildə, 11/k nömrəli əmrlə 4-cü dərəcəli əl qaynaqçısı, 12.03.2001-ci ildə 5-ci dərəcəli əl qaynaqçısı verilmişdir. İddiaçı 30.08.2004-cü ildə, 9/k nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan əlavə məhkəmə sorğusu nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 15.03.2022-ci il tarixli məktubunda "xxxx" Kiçik Müəssisəsinin 09.08.1994-cü il tarixdə 14746 nömrə ilə dövlət qeydiyyatına alınması bildirilmişdir. Beləliklə, iddiaçı 10.01.1983-17.09.1983-cü illər, 16.11.1983-12.02.1985-ci illər, 18.03.1985-25.01.1991-ci illər, 06.02.1991-13.06.1991-ci illər, 20.06.1991-20.08.1992-ci illər, 21.08.1992-21.12.1992-ci illər, 04.01.1993-22.10.1993-cü illər, 24.09.1994- 01.11.1995-ci illər, 10.12.1995-30.08.2004-cü illər, 01.09.2004-14.05.2007-ci illər, 07.01.2008-13.02.2013-cü illər ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni, iddiaçının ümumi əmək stajı 25 ildən, güzəştli əmək stajı 12 il 6 aydan artıqdır. Bundan əlavə iddiaçının 2006-cı ilə qədər 20 il iş stajı mövcud olduğundan pensiya kapitalının kifayət qədər olmasına dair tələb həmin dövrdə qüvvədə olan qanunvericiliklə tələb edilmirdi. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 10.12.1995-ci ildən 30.08.2004-cü ilədək "xxxx" Kiçik Müəssisəində, eləcə də 2004-2007ci illərdə BOS Şelf MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 10.12.1995-ci ildən 30.08.2004-cü ilədək "xxxx" Kiçik Müəssisəində, eləcə də 2004-2007-ci illərdə BOS Şelf MMC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar