Məhkəmə qərarları › İş №2-1(118)-528/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-528/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-528/2024 24.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 saylı 29 yanvar 1988-ci il tarixli qərarı əsasında qeydə alınmış (30511 nömrəli reyestr kitabı, 419 nömrəli iventar işi) faktiki daxili ölçülərinə uyğun olaraq yaşayış sahəsi 40 kv m, köməkçi sahəsi 9 kv m olan 2 otaqdan ibarət fərdi yaşayı evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon X5 İcraiyyə Komitəsinin qərarı ilə İddiaçı adına qeydə alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 saylı, 29 yanvar 1988-ci il tarixli qərarı əsasında qeydə alınmış (30511 nömrəli reyestr kitabı, 419 nömrəli iventar işi) faktiki daxili ölçülərinə uyğun olaraq yaşayış sahəsi 40 kv m, köməkçi sahəsi 9 kv m olan 2 otaqdan ibarət fərdi yaşayı evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X5 İcraiyyə Komitəsinin 08/08 saylı 29 yanvar 1988-ci il tarixli qərarı ilə ünvan 2i ünvanında yerləşən yaşayış sahəsi 40,0 kv m, köməkçi sahəsi 9,0 kv m olan iki otaqdan ibarət yaşayış evinin iddiaçının adına verilməsi qeydə alınmış və bununla bağlı müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh 04 aprel 2023-cü il tarixli məktubu ilə müraciətin icrasından əsassız olaraq imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi vasavıs evinə dair təqdim olunmuş 30511 reyestr və 419 inventar nömrəli texniki pasportda göstərilən fərdi aşayış evinin daxili ölçüləri ilə faktiki daxili ölçüləri arasında uyğunsuzluq olduğu, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, həmin tikilinin paylı mülkiyyət növünə aid olduğu müəyyən edilmişdir. Belə ki, sözügedən tikilinin vahid memarlıq tərtibatına malik bir dam örtüyü altında yerləşdiyi, ümumi tikilinin tərkib hissəsi (qonşu yaşayış evinin ortaq damı) olduğu, lakin həmin tikiliyə dair hüquqmüəyyənedici və texniki sənədlərin, o cümlədən digər payçının razılıq ərizəsinin hazırki ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Texniki İnvertarlaşdırma Bürosu tərəfindən verilmiş 419 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2ində yerləşən 40 kv m yaşayış sahəsi, 90 kv m köməkçi sahəsi olan 2 otaqlı yaşayış evi İddiaçı adına qeydə alınmışdır. - iyun 2004-cü ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd İddiaçı məxsus ünvan 2ində yerləşən yaşayış evi barəsindədir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 30554 reyestr, 425 reyestr nömrəli qeydiyyat vəsiqəsi reyestr kitabında aparılmış qeydiyyata əsasən Abşeron XDS İcraiyyə Komitəsinin 28 yanvar 1988-cı il tarixli 08/08 nömrəli qərarı əsasında verilmişdir. Qeyd edilən qərar arxivdə aşkar edilməmişdir. İddiaçı adına 30511 reyestr, 419 inventar nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə dair arxivdə və reyestr kitabında məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş imtina barədə bildiriş məktubunda barəsində müraciət edilmiş fərdi yaşayış evinin “tikilinin vahid memarlıq tərtibatına malik bir dam örtüyü altında yerləşdiyi, ümumi tikilinin tərkib hissəsi (qonşu yaşayış evinin ortaq damı) olduğu” qeyd olunduğu, lakin faktiki olaraq texniki cəhətdən paylı istifadə edilən fərdi yaşayış evinin qonşuya aid olan hissəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Fərdi yaşayış evinin qonşuya aid olan hissəsinin yerləşdiyi 0.0563 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********18 reyestr nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Müraciətdə qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvan 2ində yerləşən 40 kv m yaşayış sahəsi, 90 kv m köməkçi sahəsi olan 2 otaqlı yaşayış evinə dair müayinə aktı məhkəməyə göndərilmişdir. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon XDS İK-nın xx.xx.1988-cı il tarixli, 08/08 saylı Sərəncamın təsdiq olunmuş surəti məhkəməyə gğndərilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, X4 və X2 adına ünvan 3 ünvanında fərdi yaşayış evinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mübahisə predmeti olan fərdi yaşayış evinə yerində baxış keçirərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Abşeron rayon XDS İn-n xx.xx.1988-ci il tarixli 08/08 saylı qərarına əsasən Abşeron rayonu ərazisində vətəndaşlara məxsus, movcud normadan artıq olmayan, qırmızı xətti pozmayanvə yaşayış evləri üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri olan vətəndaşlara qeydə alma vəsiqəsinin verilməsi qərara alınmışdır. Həmin qərara əsasən Abşeron rayon X1 və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya Abşeron rayon Masazır kəndində yerləşən yaşayış sahəsi 40.0 kv m, köməkçi sahəsi 9.0 kd m olan fərdi yaşayış evinə dair 30511 reyestr kitabında 419 nömrə ilə qeydə alınmış qediyyat vəsiqəsi verilmişdir. Həmin evə dair 2004-cü ilin iyun ayında texniki pasport tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, nə qeydiyyat vəsiqəsində, nə də texniki pasportda həmin evin paylı mülkiyyətdə olması qeyd edilməmişdir. İddiaçı mülkiyyət hüququnun qeydə alınmasına dair yeni çıxarış almaq üçün müraciət etdikdə cavabdeh həmin evin qonşu ilə paylı mülkiyyətdə olması, yəni eyni damın altında yerləşməsinə istinad edərək ona imtina cavabı vermişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsinə əsasən, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.(13.2) Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.(13.3) Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir.(13.4) Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə qonşu Quliyeva Fatmanın torpaq sahələri arasında bölgü sxemi tərtib edilmiş, sonuncunun mülkiyyətində olan torpaq sahəsinə dair mülkiyyət hüququq qeydə alınsa da, evə dair hüququ qeydə alınmamışdır. İddiaçının iki otaqdann ibarət yaşayış evi isə Abşeron rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydə almış və müvafiq qeydiyyat vısiqəsini vermişdir. Məhkəmə tərəfindən mübahisəli evə yerində baxış keçirilərkən müəyyən edildi ki, iddiaçıya məxsus fərdi yaşayış evi iki yaşayış otağı və köməkçi sahədən ibarətdir, ayrıca giriş-çıxışı, həyətində sanitar qovşağı və yardımçı sahələri vardır. Eyni zamanda evin qonşunun evinin damı ilə eyni olduğu müəyyən edildi. Məhkəmə qeyd edir ki, iddiaçının adına paylı mülkiyyət hüququ əsasənda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətində olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsinin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə müvafiq olaraq əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli fərmanı ilə təsdiq edilmiş «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsviri»nin 2.7-ci bəndinə görə daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə təqdim olunur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli ev paylı mülkiyyət hüququ kimi qeydə alınmadığından və iddiaçnını evi fərdi yaşayış evinin tərkib hissəsi olması təsdiq edilmədiyindən iddia tələbi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 saylı, 29 yanvar 1988-ci il tarixli qərarı əsasında qeydə alınmış (30511 nömrəli reyestr kitabı, 419 nömrəli iventar işi) faktiki daxili ölçülərinə uyğun olaraq yaşayış sahəsi 40 kv m, köməkçi sahəsi 9 kv m olan 2 otaqdan ibarət fərdi yaşayı evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar