Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5295/2025 19.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in “Əlillik” altsisteminə daxil etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci ildə səhhətində yaranan ciddi problemlər nəticəsində açıq ürək əməliyyatı keçirib. Bundan bir il sonra - 2021-ci ildə isə ayağına protez damar qoyulması əməliyyatı keçirib və 2023-cü ilə qədər yataq xəstəsi kimi müalicələr qəbul edib.Nəticə etibari ilə 2020-ci ildə düçar olduğu xəstəlik nəticəsində 18 iyun 2024-cü ildən orqanizm funksiyalarının 31-60 faiz pozulmasına görə əliliyi müəyyən edilib və həmin tarixdən ona 150 (yüz əlli) manat məbləğində sosial müavinət təyin edilib.Sonradan isə iddiaçının sözügedən əliliyi etibarsız hesab edilib və orqanizm funksiyalarının 61-80 fazi pozulması müəyyən edilib və ona proaktiv qaydada 13 sentyabr 2024-cü ildən əlilliyə görə 220 (iki yüz iyimi) manat sosial müavinət təyin edilib.Hazırda o, həmin müavinəti alır.Həm ilkin, həm də ikinci əlillik təyinatının məlumatları Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sona MEİS adlandırılacaq) “Əlillik” altsistemində öz əksini tapıb. İddiaçı 21 yanvar 2025-ci ildə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət edərək, ona əlilliyin təyin olunmasının 2020-ci ildə düçar olduğu ürək xəstəliyi və onun səhhətində yaratdığı fəsadlarla bağlı olduğunu, lakin ayaqlarında yaranan problemlərə görə hərəkət qabiliyyətini itirdiyi və Agentliyə gedə bilmədiyi üçün əlilliyin vaxtında təyin olumadığını bildirib, əlillik müavinəti almaq hüququnun 2020-ci ilin noyabrından yarandığını, buna görə də 2020-ci ilin noyabrından 2024-cü ilin iyun ayına kimi ona əlillik müavinətinin hesablanaraq ödənilməsini xahiş edib. Mərkəzi filaldan iddiaçıya göndərilmiş 13 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilib ki, “MEİS-in “Əlillik” altsistemində ərizənizdə qeyd etdiyiniz dövr üzrə (xx.xx.2020-xx.xx.2024) əlilliyiniz barədə məlumat əks olunmadığından sizə həmin dövr üzrə əlilliyə görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki sözügedən dövr üzrə əlilliyinizin olması haqqında məlumatların MEİS-in “Əlillik” sisteminə daxil edilməsi üçün Agentliyə müraciət etməyiniz tövsiyə olunur”.Cavabda 2020-ci ilin noyabrından 2024-cü ilin iyun ayı daxil olmaqla olan dövr üçün əlilliyin olması barədə məlumatların MEİS-in "Əlillik" altsisteminə daxil edildikdən sonra iddiaçının həmin dövr üçün əlilliyə görə sosial müavinət hüququna təkrar müraciəti əsasında yenidən baxıla biləcəyi vurğulanıb.İddiaçı bu cavaba uyğun olaraq 21 fevral 2025-ci ildə cavabdehə yazılı müraciət edib, qurumdan xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in "Əlillik" altsisteminə daxil etməyi xahiş edib. Cavabdeh qurumun iddiaçıya göndərilmiş 13 mart 2025-ci il tarixli cavab məktubunu ilə onun müraciəti müsbət həll edilməmişdir.Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Sumqayıt, 15ci məhəllə, 17A ünvanında qeydiyyatda olan İddiaçı (FİN-xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin F00196406JVA nömrəli göndərişinə əsasən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və 2.6.1.1 bəndinə əsasən orqanizmin funksiyalarının 60% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı aparılmışdır. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin F00196406JVA nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında 2.6.1.1 bəndinə əsasən orqanizmin funksiyalarının 60% pozulmasına görə 1 il müddətinə əlillik təyinatı əsaslı olaraq aparılmışdır. Əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırkı vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilmiş miokard infarktı Ətraf arteriyalarının aterosklerozu, Aşağı ətrafların İİİ-İV dərəcəli obliterasiyaedici oterosklerozu. Periferik damarların digər dəqiqləşdirilmiş xəstəlikləri, aşağı ətrafların İİİİV dərəcəli işemiyası. Aortokoronar şuntlu transplantatın olması, ÜİX AKŞx4- dan sonrakı vəziyyət.(2020)) diaqnozun uyğunluq təşkil etməsi və 2.6.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının 65% pozulmasına görə 2 il müddətinə əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.6.1.2 bəndinə əsasən orqanizmin funksiyalarının 65% pozulmasına görə 2 il müddətinə əlillik təyinatına əsas var. Qeyd olunan qərar iddiaçıya xx.xx.2024-cü il tarixdə SMS bildiriş vasitəsilə elan edilmişdir.... Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu, etiraz ərizəsi, iddiaçıya aid inzibati icraat materiallarının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1786/2025 nömrəli qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ xəstələndiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlilliyin təyin edilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyə müraciət etmiş, inzibati orqanın imtina qərarı ilə onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının hüquqi marağı onun xəstəliyinin yarandığı xx.xx.2020-ci ildən əlillik təyinatının aparıldığı xx.xx.2024-cü il tarixdək olan müddətdə əlilliyinin elektron altsistemə daxil edilməsindən ibarətdir. Təqdim edilən iş materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2024-cü ildən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60% pozulmasına görə 1 il müddətinə əlillik təyin edilmiş, daha sonra onun əlilliyinin səbəbli əlaqəsi dəyişdirilərək, həmin tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə iddiaçı cavabdehə müraciət etdiyi tarixədək əlilliyi olan şəxs olmamış, həmin tarixdək tibb müəssisəsinin göndərişini cavabdehə təqdim edilmədiyindən onun bu statusu olmamışdır. Beləliklə, inzibati orqanın üzərinə iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi, yəni müvafiq tarixlərdə əlillik dərəcəsinin əlillik alt sisteminə daxil edilməsi öhəliyinin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “onun xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə əlilliyinin olması barədə məlumatları MEİS-in “Əlillik” altsisteminə daxil etməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2-1(118)-5295/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5295/2025
19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver