Məhkəmə qərarları › İş №2-1(118)-5299/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5299/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5299/2023 15.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Qanunvericiliklə təyin edilmiş pensiya məbləğindən 2023-cü ilin iyun ayından hər ay tutulan 67,77 manat pulun tutulmasının qanunsuz hesab edilərək tutulan pul məbləğinin geri qaytarılaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ildə fevral ayının 18-də Qubadlı rayonu Yuxarı Mollu kəndində anadan olmuş, xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilədək 35 nömrəli Sumqayıt şəhər Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1978-ci ildə Sumqayıt Səthi Aktiv Maddələr zavodunda texnoloji avadanlıqların təmiri üzrə çilingər vəzifəsində çalışmağa başlamış, xx.xx.1979-cu ildə iş yerim saxlanılmaqla hərbi xidmətə çağırılmışdır.Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1981-ci il tarixdə yenidən zavoda əvvəlki iş yerimə qayıtmış, xx.xx.1981 -ci il tarixdən yenidən Sumqayıt Səthi Aktiv Maddələr zavodunda əmək fəaliyyətini davam etdirməyə başlamış və xx.xx.1991-ci il tarixədək həmin zavodda əsas və texnoloji sexlərdə texnoloji avadanlıqların təmiri üzrə çilingər, usta vəzifələrində işləmiş, hal-hazırda ARDNFŞ-nin X1 nəzdində fəaliyyət göstərən Etilen Politilen zavodunda əmək fəaliyyətimi davam etdirir. Əmək fəaliyyətinə heç ara verməmiş və ümumi iş stajı 48 ildən çoxdur. Məlumat üçün bildirir ki, xx.xx.2010-cu il tarixli ərizə ilə DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona əmək şəraitinə görə güzəştli şərtlərlə 50 yaşında pensiya təyin edilməsi ilə bağlı müraciət etmişdir.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli qanunun Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarm: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə, kişilər 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququna malikdirlər. Qanunun bu müddəasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əlavənin 1 nömrəli siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. Göründüyü kimi ona əmək şəraitinə görə güzəştli şərtlərlə 50 yaşında pensiya hüququ verən iş stajını xx.xx.1997-ci il tarixli, 321-1QD saylı Qanun qüvvəyə minənədək qazanmış və ona 50 yaşından pensiya təyin edilməsi tam qanuni olmuşdur. Ona pensiya təyinatı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Belə ki, xx.xx.2010-cu il tarixdən 50 yaşında pensiya təyin edilməsi tələbim Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin verdiyi Apellyasiya şikayətinə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasında xx.xx.2011-ci il tarixdə baxılmış və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Ancaq Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi düz 9 ay icra olunmamış qaldı. X3 müraciətindən sonra məhkəmənin çıxarmış olduğu qətnamə yarımçıq da olsa icra olunmuşdur. Məhkəməni inzibati orqanla uzun sürən çəkişmələrlə yormaq istəmir, çünki əmək pensiyam düzgün hesablanmadığından, bu qurumla xeyli yazışmaları olmuşdur.2023-cü ilin may ayında Mərkəzi Filialdan şəxsi istifadəsində olan mobil telefon nömrəsinə sms bildiriş göndərilərək əmək pensiyamın məbləğinin 677,67 manat olduğu göstərilmişdir.Həmin aydan sonra, yəni 2023-cü ilin iyun ayından hər ay əmək pensiyasından 67,77 manat pulun tutulmasının şahidi olmuşdur. Birdən-birə belə bir tutulmanın hansı əsasla aparılmasını aydınlaşdırmaq məqsədilə iyul ayında DOST mərkəzində inzibati orqana rəsmi müraciət ünvanlamış və Mərkəzi Filialdan xx.xx.2023-cü il tarixli müraciətinə verilən cavab məktubundan belə məlum olur ki, onun 50 yaşında pensiyaya çıxmağı qanunsuz hal hesab edilməlidir. Əslində o, 52 yaşında pensiyaya çıxamalı idi. Lakin, nədənsə o, 50 yaşında pensiyaya çıxmış, əlavə olaraq inzibati orqan özünə məxsus heç bir əsası olmayan mənasız bir hesablama apararaq əslində ona hesablanmalı olan pensiya məbləğini müəyyən edərək, güya artıq ödəmələrin həyata keçirildiyinə əsaslanaraq 67,77 manat pulun tutulmasına qanuni don geyindirməyə çalışmışdır. Hesab edir ki, inzibati orqan tərəfindən həyata keçirilən bu qanunsuz hesablamanın və tutulmanın heç bir hüquqi əsası mövcud deyildir. Bildirir ki, ondan daha öncə də pensiyanın düzgün hesablanmadığına görə tutulmalar olmuşdur. Demək olar inzibati orqan peryodik olaraq ondan pul tutulmasını həyata keçirir. xx.xx.2017-ci ildən xx.xx.2021-ci il tarixləri arasında düz 4 il ərzində hər ay pensiyasından 85,65 manat tutulmuşdur. O vaxt da bu tutulmanın hansı əsasla aparılması barədə DSMF-yə rəsmi müraciəti olmuşdur. xx.xx.2019-cu il tarixdə DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən müraciəti cavablandırılaraq bildirilmişdir ki, güya yenə də pensiyanın yenidən hesablanmasında hansısa hesab səhvləri olmuşdur və bu məqsədlə ondan 2483,82 manat artıq ödənilmiş vəsait müəyyənləşdirilərək tutulması barədə qərar qəbul edilmişdir.Cavabdehin onun müraciətinə verdiyi 3 vərəqlik cavab məktubunda heç bir əsası olmayan hesablama aparılması barədə izahatına geniş yer verilsə də, nədənsə ötən 4 il ərzində tutulmuş pul məbləği ilə bağlı məsələyə toxunulmamışdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-10374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Əmək Pensiyasının yenidən hesablanması” haqqında qərarının ləğv edilməsi, eyni zamanda Qanunvericiliklə təyin edilmiş pensiya məbləğindən 2023-cü ilin iyun ayından hər ay tutulan 67,77 manat pulun tutulmasının qanunsuz hesab edilərək 2023-cü ilin noyabr ayınadək tutulmuş pul məbləğinin geri qaytarılaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, araşdırma zamanı, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 30 il 1 ay 25 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,60 manat (30,15 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2012-ci il tarixinə indeksləşdirilib 62,91 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6318,72 manat sığorta kapitalına uyğun 43,88 manat (6318,72:144) və baza hissəsi (85,00 manat) əlavə edilərək 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixinə 191,79 manat (62,91+85,00+43,88 (indeksləşdirilərək və sonrakı hesablamalar nəzərə alınmaqla xx.xx.2017-ci il tarixinə 241,04 manat)) ödənilməli olduğu halda, səhvən 50 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixinə 153,38 manat (indeksləşdirilərək və sonrakı hesablamalar nəzərə almmaqla xx.xx.2017-ci il tarixinə 219,66 manat) əmək pensiyası müəyyən edilməklə iddiaçıya ödənilib. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.Araşdırma zamanı, iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 21681,66 manat sığorta kapitalına uyğun Fondun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının 21681,66 manat sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 143 (63 il 6 ay- 57 il 7 ay=71 ay+(144 ay-72 ay)) aya böiünməklə (21681,66:143=151,62 manat) həmin tarixə qanuni əmək pensiyasının (241,04 manat) üzərinə əlavə edilərək (241,04+151,62=392,66 manat (indeksiəşdirilərək və təhsil illəri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 677,67 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 26914,03 manat sığorta kapitalı 143 aya bölünərək (26914.03:143=188,21 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (219,66+188,21=407,87 manat (indeksiəşdirilərək və təhsil illəri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 703,18 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıq ödəmə məbləği yalnız son üç üçün müəyyən edilib. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 775,21 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub.Cavabdehin hərəkətləri qanuni olduğundan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin 3-17-1/3-3-10374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Əmək Pensiyasının yenidən hesablanması” haqqında qərarın surəti, etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə ona ödənilmiş əmək pensiyası məbləğinin cavabdeh tərəfindən tutulmağa başlanıldığı vaxtdan yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və imtina məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya keçmişdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuşdur. Cavabdeh təşkilatın gətirdiyi arqumentlər məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, inzibati orqanını hərəkətləri qanunsuz olmuşdur. Belə ki, iddiaçıya aid pensiya işindən görünür ki, ona əmək şəraitinə görə güzəştli şərtlərlə 50 yaşında pensiya hüququ verən iş stajı xx.xx.1997-ci il tarixli, 321-1QD saylı Qanun qüvvəyə minənədək qazanmış və ona 50 yaşından pensiya təyin edilməsi qanuni olmuşdur. İddiaçının 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1327/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və cavabdeh tərəfindən icra olunmuşdur. Belə olan halda cavabdeh təşkilatın gətirdiyi arqumentlər yalnız yeni açılmış halların araşdırılmasının nəticəsi olaraq həllini tapa bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-10374/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Əmək Pensiyasının yenidən hesablanması” haqqında qərarı ləğv edilsin, eyni zamanda Qanunvericiliklə təyin edilmiş pensiya məbləğindən 2023-cü ilin iyun ayından hər ay tutulan 67,77 manat pulun tutulmasının qanunsuz hesab edilərək 2023-cü ilin noyabr ayınadək tutulmuş pul məbləğinin geri qaytarılaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar