Məhkəmə qərarları › İş №2-1(118)-5299/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5299/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5299/2025 19.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icarə hüququnun qeydiyyata alınması) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “icarə hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 19 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Türkan qəsəbəsi üzümçülük sovxozunda yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Bakı şəhəri, Türkan qəsəbəsi üzümçülük sovxosunda yerləşən 18 sot torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2011-ci il tarixli, 2517 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Türkan qəsəbəsi, üzümçülük sovxozunda yerləşən 0.18 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2517 nömrəli Sərəncamına əsasən, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0.18 ha kənd təsərrüfatı məqsədli torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı ayrıldığı təsdiq edilmişdir. Həmin sərəncamdan göründüyü kimi, Abşeron rayonunun X10 Fondunda saxlanılan torpaqlardan Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0.18 ha torpaq sahəsi 99 (doxsan doqquz) il müddətinə iddiaçıya icarə qaydasında verilməsi barədə tərtib edilmiş icarə müqaviləsi və digər torpaqqayırma sənədləri təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli, 197 nömrəli rəyində göstərilmişdir ki, qeyd olunan ərazidən İddiaçı 99 il müddətinə 0.18 ha torpaq sahəsinin icarəyə verilməsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2517 nömrəli Sərəncamına əsasən qanunamüvafiq sayılır və həmin şöbə bu torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Bundan əlavə, xx.xx.2011-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına 2517 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan sənədləri əlavə etməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh qurum müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasında bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli, 2517 nömrəli sərəncamı və icarə müqaviləsi ilə 0.18 ha torpaq sahəsinin İddiaçı 99 il müddətinə icarəyə verildiyi müəyyən edilmişdir. Bununla yanaşı, qeyd olunmuşdur ki, kənd təsərrüfatı təyinatlı torpaqlar qanunvericiliyə əsasən maksimal 49 il müddətinə icarəyə verilə bilər. Həmçinin, təqdim edilmiş icarə müqaviləsinin qanunamüvafiq qaydada təsdiq edilmədiyi (hüquq sahibinin imzasının olmadığı) göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanuni hüquqlarını pozur. Arxiv məlumatlarına əsasən, 1800 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair İddiaçı ilə xx.xx.2011-ci il tarixdə bağlanmış 2517 nömrəli müqavilənin mövcud olması təsdiq olunmuşdur. İddiaçı gələcəkdə yarana biləcək bütün mümkün mübahisələrin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bildirir. İddiaçı hesab edir ki, cavabdeh qurum “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin qanunun 15-ci maddəsinə zidd olaraq ona əsassız imtina vermişdir.

4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron İcra Hakimiyyəti başçısının 13 dekabr 2011-ci il tarixli 1261 nömrəli sərəncamı ilə İddiaçı 0.18 ha torpaq sahəsinin 99 il müddətinə icarə qaydasında ayrıldığına baxmayaraq, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqların qanunvericiliklə 49 il müddətinə icarəyə verilə bildiyi, müraciətə əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qanunamüvafiq qaydada təsdiq (hüquq sahibinin imzası ilə) edilmədiyi müəyyən olunmuşdur.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

7. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İddia tələbi icarə hüququnun qeydiyyata alınması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

13. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 2016 saylı məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Türkan üzümçülük sovxozu ərazisində icarə yolu ilə 99 (doxsan doqquz) il müddətinə İddiaçı kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.18 hektar torpaq sahəsi ayrılmışdır. Torpaqdan müvəqqəti istifadə hüququna dair hüquqi sənəd alınması üçün torpaqayırma sənədləri göndərilir.

14. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 2517 saylı sərəncamından görünür ki, Abşeron rayonunun X10 Fondunda saxlanılmış torpaqlardan Türkan üzümçülük sovxozu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,18 hektar 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında İddiaçı torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilsin. Fiziki şəxsə tapşırılsın ki, torpaq üzərində hüququn qeydə alınmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon ərazi idarəsi vasitəsi ilə təmin etsin.

15. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli, 197 saylı rəyindən görünür ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X10 Fonduna aid olmaqla Türkan üzümçülük sovxozu ərazisində yerləşməklə, yararsız kimi uçota alınmışdır. Həmin ərazidən İddiaçı 99 ( doxsan doqquz) il müddətinə 0,18 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə DTXK- nin Abşeron rayon şöbəsi etiraz etmir.

16. X9 saxlanılmış aktdan görünür ki, tərtib edilir ondan ötəri ki, İddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək icarə qaydasında 0,18 hektar torpaq sahəsi istədiyini, kənd təsərrüfatı məhsulları istehsalı arzusunda olduğunu bildirmişdir. İstənilən torpağa baxış keçirərkən müəyyən olundu ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim olunmuş, X9 saxlanılmış torpaq sahəsi Türkan üzümçülük sovxozu ərazisində yerləşməklə, yararsız kimi uçota alınmışdır. İstənilən torpaq sahəsinin 1:10000 miqyaslarında yerquruluşu planı hazırlanmış və sərhədləri göştərilmışdir. Yuxarıdakıları nəzərə alaraq İddiaçı 99 (doxsan doqquz) il müddətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi ayrılmasına komissiya etiraz etmir.

17. Torpaq icarəsi müqaviləsindən görünür ki, Abşeron rayonu xx.xx.2011-ci il 2517 nömrəli Abşeron rayon icra hakimiyyəti adından gələcəkdə “İcarəyəverən” şəxsində bir tərəfdən, X1 rayon İcra Hakimiyyətinin başçısı gələcəkdə “İcarəçi” adlanan Bakı şəhəri Türkan üzümçülük sovxozunda yaşayan İddiaçı şəxsində digər tərəfdən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2011-ci il tarixli 2517 saylı qərar əsasında müqavilə bağladılar.

18. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 3- 21-3-32/2-7583/2025 saylı məktubdan görünür ki, müayinə olunan torpaq sahəsi digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür.

19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, MA seriyalı çıxarışdan görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0.20 ha torpaq sahəsi ünvanına icarə hüququ X2 adına xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır.

20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışdan görünür ki, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0.38 ha torpaq sahəsi ünvanına icarə hüququ X3 adına xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsilə qeydiyyata alınmışdır.

21. xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi yol ilə sərhəddir, daş hasarın daxilində yerləşir. Faktiki koordinatlar əlavə edildi.

22. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2025-ci il tarixli, 3- 21-3-30/2-44878/2025 saylı məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən aidiyyəti üzrə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur.

23. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 03 oktyabr 2025-ci il tarixli, 3-21-3-02/2-10418/2025 saylı məktubundan görünür ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Türkan üzümçülük sovxozunun hüdudları daxilində yerləşir.

IV. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

29. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

30. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

31. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ... Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ... Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

IV. Məhkəmənin mövqeyi

33. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

34. Məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2517 nömrəli Sərəncamına əsasən, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 0.18 ha kənd təsərrüfatı məqsədli torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı ayrıldığı təsdiq edilmişdir. Həmin vaxtdan sözügedən torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir.

35. Cavabdehin imtinasının dəlilləri sırasında qeyd edilmişdir ki, Abşeron Rayon icra Hakimiyyəti baçşısının 13 dekabr 2011-ci il tarixili 2517 nömrəli sərəncamı və icarə müqaviləsi ilə 0.18 ha torpaq sahəsinin İddiaçı 99 (doxsan doqquz) il müddətinə icarəyə verildiyi müəyyən edilmişdir. Qeyd edirlər ki, kənd təsərrüfatı təyinatlı torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada 49 il müddətinə icarəyə verilə bilər. Bundan başqa, müraciət üzrə əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qanunamüvafiq qaydada təsdiq (hüquq sahibinin imzası ilə) edilmədiyi aşkar edilmişdir.

36. Məhkəmə qeyd edir ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, iddiaçının istifadəsindədir, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 2517 nömrəli Sərəncamının ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.

37. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

38. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ onun müraciəti əsasında qeydiyyata alınmalıdır.

39. Bu zaman inzibati orqanların funksional səlahiyyət bölgüsü, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aidddir. Qeydiyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

40. Hazırki mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.

41. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

42. Məhkəmə həmçinin qeyd edir ki, sənədlərin əsilləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir.

43. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

48. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Türkan qəsəbəsi üzümçülük sovxosunda yerləşən 18 sot torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar