Məhkəmə qərarları › İş №2-1(118)-5311/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5311/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5311/2024 04.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “mənzilin sənədləşdirilməsi” iddia tələbi üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Sumqayıt İnzibati Məhkəməsinin 7 may 2024-cü il tarixli, 2-1(118)-2588/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

2. Cavabdeh İddiaçı göndərilmiş 14 noyabr 2023-cü il tarixli, 5-74/2-1457/2023 nömrəli məktubundan görünür ki, müraciətinin ətraflı və obyektiv araşdırılması məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən rayon İcra Hakimiyyəti başçısının Ağalıq inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu verilmişdir. Sorğuya cavab olaraq rayon icra Hakimiyyəti başçısının Ağalıq inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilmişdir ki, sözügedən mənzil atası Nəsrəddin Məhhərrəmova 1996-cı ildə kənddə aparılan Aqrar İslahat zamanı bağışlanmışdır. Hal-hazırda həmin mənzildə həyat yoldaşı ilə yaşayır. Qeyd edilmişdir ki, yaşadığı mənzilin sənədləşdirilməsi ilə əlaqədar köməklik göstərilməsi rayon icra Hakimiyyətinin səlahiyyətləri xaricindədir, yaşadığı mənzilə mülkiyyət hüquqlarının tanınması ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ

İddia tələbinin dəlilləri

3. İddiaçı (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Ağalıq kəndində yaşadığı mənzilin sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair etirazın dəlilləri:

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçının cavabdehə qarşı tələbinə dair iddiasının təmin olunmamasını və mənzilin sənədləşdirilməsi vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən 2 mərtəbəli yaşayış binası 1996-cı ildə islahat zamanı iddiaçının mərhum atası X1 bağışlanmışdır. Nəsrəddin Məhərrəmov vəfat etdikdən sonra həmin mənzildə iddiaçı arvadı ilə birlikdə yaşayır. Bildirilir ki, o, yaşadığı mənzilin sənədləşdirilməsi yaşamaq hüququnu təsdiq edən order vasitəsilə sənədləşdirilir. Lakin 2009-cu il sentyabr ayının 1-dən etibarən yaşamaq hüququnu təsdiq edən orderin verilməsi rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmışdır. Qeyd olunan tarixdən sonra rayon İcra Hakimiyyəti tərəfindən yaşamaq hüququnu təsdiq edən orderlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi şöbəsi tərəfindən qəbul edilmədiyindən, verilən orderlərlə bağlı 5 saylı Xaçmaz Ərazi şöbəsi tərəfindən məhkəmələrə şikayətlər verilmişdir. İddiaçının rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərinə baxılmış və ona yaşadığı mənzilin sənədləşdirilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan başqa, iddiaçı dəfələrlə cavabdeh orqanın məsul şəxslərinin qəbulunda olmuş və ona bir daha mənzilin sənədləşməsi ilə bağlı qanunvericiliyin tələbləri geniş surətdə izah olunmuşdur.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

10. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

12. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

13. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

15. Məhkəmə iddia ərizəsi və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. 16.Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 17.Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. 18.İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 19.İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılır. 20.İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara öhdəliyin icrası haqqında iddia kimi baxılır. 21.İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 22.Məhkəmə araşdırılması ilə məlum olur ki, tələblə bağlı iddiaçının iş üzrə iddiası düzgün cavabdeh inzibati orqana qarşı qaldırılmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubda bildirilmişdir ki, yaşadığı mənzilin sənədləşdirilməsi ilə əlaqədar köməklik göstərilməsi cavabdehin səlahiyyətləri xaricindədir. Eyni zamanda, iddia tələbinə dair etiraz məktubundan müəyyən olunur ki, hazırkı tələb üzrə səlahiyyətli orqan olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsini hesab edir. 23.Hazırki iş üzrə məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşaraq, eyni zamanda iddiaçıya hüquqi yardım edərək bildirir ki, hazırki iş üzrə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsidir. 24.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) 25.Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. 26.Əlavə olaraq qeyd edilir ki, hazırkı iddia mümkün sayılmadığından iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün əlavə araşdırılma aparılmasına zərurət görmür və özünün bu mövqeyini prosessual qənaət prinsipinə uyğun hesab edir. 27.İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 28.Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Şabran rayonu, Ağalıq kəndində yaşadığı mənzilin sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar