Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5314/2023 19.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı və Xırdalan südçülük sovxozunun direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli və 28 noyabr 1989-cu il tarixli, 108 nömrəli əmri ilə ona ayrılmış Masazır kəndi ərazisində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid ailəsinin üzvüdür, Abşeron rayonu, Masazır kəndində yerləşən 10 ha torpaq sahəsi üzərində Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı ilə adına Xırdalan südçülük sovxozunun direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli və 28 noyabr 1989-cu il tarixli, 108 nömrəli əmri ilə ayrılmış 0.10 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi ona təhvil verilmiş, faktiki olaraq istifadə və sahibliyindədir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirə bilməmişdir.İddiaçı 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayon Xırdalan qəsəbə X3 icraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı ilə Abşeron rayonu, Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli , 3-21- 3-32/2-K-0046-8/2023 nömrəli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı və Xırdalan südçülük sovxozunun direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli və 28 noyabr 1989-cu il tarixli, 108 nömrəli əmri ilə iddiaçıya ayrılmış Masazır kəndi ərazisində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz bildirmişdir ki, aparılan araşdırma zamanı iddiaçıya ayrılan torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı hazırkı ərizəyə əlavə olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nin 30 mart 1990-cı il tarixli, 23/6 saylı qərarından çıxarışının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi, Sözügedən qərardan çıxarışda torpaq sahəsi 0.10 ha göstərilsə də, yerquruluşu planından çıxarış və faktiki vəziyyətdə 0.0844 ha olduğu, iddia predmeti olan daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki yerləşmə arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də iddiaçının müraciəti müsbət həll edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra cavabdeh təşkilat etiraza əlavə olaraq bildirmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin etiraz ərizəsində etiraz üçün əsaslardan biri kimi iddia predmeti olan daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki yerləşmə arasında uyğunsuzluq olduğu qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən 4 saylı Abşeron Ərazi idarəsinə 11 avqust 2023-cü il tarixli və 06 sentyabr 2023cü il tarixli iki ayrı-ayrı müraciətləri ünvanlanmış, müraciətlərə eyni torpaq sahəsinə dair iki müxtəlif yerquruluşu planından çıxarış təqdim edilmişdir. 11 avqust 2023-cü il tarixli müraciətə əlavə edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu, sözügedən yerquruluşu planından çıxarışda qeyd olunan koordinatların başqa torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. 06 sentyabr 2023-cü il tarixli müraciətə əlavə edilmiş yerquruluşu planından çıxarışda qeyd olunan koordinatlarla iddiaçının faktiki istifadəsində olan koordinatların eynilik təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmənin ötən iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-K-0046-8 nömrəli imtina məktubu, etiraz ərizəsi, Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarından çıxarışın surəti, X2 rayon filialı tərəfindən verilmiş F-985 nömrəli, xx.xx.2021-ci il tarixli arxiv çıxarışının surəti, Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş yerquruluşu planından çıxarışın surəti, torpaq sahəsinin yerləşdiyi yerin fotoşəkilləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRXin 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3- 32/2-V-0016-8 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarına əsasən, Abşeron rayonu, Xıralan Südçülük sovxozu ərazisində 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır.İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün cavabdehə müraciət etmiş lakin, cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarət olmuşdur. 1) Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, 2) Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Xırdalan qəsəbə XDS İK-nin 30 mart 1990-cı il tarixli, 23/6 saylı qərarından çıxarışının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyi, 3) Sözügedən qərardan çıxarışda torpaq sahəsi 0.10 ha göstərilsə də, yerquruluşu planından çıxarış və faktiki vəziyyətdə 0.0844 ha olduğu, 4) İddia predmeti olan daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki yerləşmə arasında uyğunsuzluq olduğunun müəyyən olunması. Cavabdehin inzibati orqan iddiaçının müraciətini təmin etməməsində haqlı olmamışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi zaman etibarı ilə səlahiyyətli qurum olan Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarına əsasən iddiaçıya ayrılmışdır. Həmin qurumun verdiyi qərarların etibarlılığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndi ilə öz təsdiqini tapır.Belə ki, qeyd olunan Fərmanda rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunur. Cavabdehin imtinasında gətirdiyi 1-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Göründüyü kimi yerquruluşu işlərinin aparılması cavabdehin qanunvericiliklədən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Ona görə də, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Belə ki, Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarından və digər səlahiyyətli orqanlar tərəfindən təsdiqlənmiş sənədlərin surətindən göründüyü kimi səlahiyyətli orqan olan yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmış və qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. Bu fakt iş materillarına əlavə edilmiş Abşeron rayon X5 arayışı ilə də öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, Abşeron rayon Masazır Bələdiyyəsinin tərtib və təsdiq etdiyi yerquruluşu planında 0.0844 ha torpaq sahəsinin koordinatları göstərilmişdir. Qeyd olunanlar inzibati orqanının gətirdiyi 1-ci arqument əsassız edir. Cavabdehin gətirdiyi 2-ci arqumentə, yəni Abşeron rayonu Xırdalan qəsəbə XDS İKnin 30 mart 1990-cı il tarixli, 23/6 saylı qərarından çıxarışının həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verildiyinə münasibətdə bildirilir ki, sözügedən qərar iddiaçıya məhz fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlıdır. Bu səbədən məhkəmə cavabdehin gətirdiyi 2-ci arqumentini də əsassız hesab edir. Cavabdehin gətirdiyi 3-cü arqumentə, yəni sözügedən qərardan çıxarışda torpaq sahəsi 0.10 ha göstərilsə də, yerquruluşu planından çıxarış və faktiki vəziyyətdə 0.0844 ha olduğuna münasibətdə məhkəmə bildirir ki, iddiaçı iddia tələbində 0.10 ha torpaq sahəsi üzərində deyil, 0.0844 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınmasını xahiş etmiş və məhkəmə hesab edir ki, iddiaçının bu tələblə çıxış etməsi onun konstitusion hüququdur. Ona görə də cavabdeh təşkilatın qeyd olunan arqumenti də əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi sonuncu arqumentə, yəni iddia predmeti olan daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki yerləşmə arasında uyğunsuzluq olduğunun müəyyən olunmasına münasibətdə məhkəmə bildirir ki, cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi etiraza əlavəsində bildirmişdir ki, iddiaçının 06 sentyabr 2023-cü il tarixli müraciətə əlavə edilmiş yerquruluşu planından çıxarışda (0.0844 ha) qeyd olunan koordinatlarla iddiaçının faktiki istifadəsində olan koordinatlar eynilik təşkil edir. Belə olan halda cavabdehin gətirdiyi bütün arqumentlər əsassız olur. Beləliklə də cavabdeh təşkilat tərəfindən iddiaçıya ayrılmış 0.0844 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaması İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinasında gətirdiyi bütün arqumentlər əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon Xırdalan qəsəbə X3 İcraiyyə Komitəsinin 30 mart 1990-cı il tarixli, 23/6 nömrəli qərarı və Xırdalan südçülük sovxozunun direktorunun 23 mart 1989-cu il tarixli, 25 nömrəli və 28 noyabr 1989-cu il tarixli, 108 nömrəli əmri ilə iddiaçıya ayrılmış Masazır kəndi ərazisində yerləşən 0.0844 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-5314/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5314/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver