Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5314/2024 10.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı Mehdı̇ li Namı̇ q Talış oğlunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Mehdı̇ li Namı̇ q Talış oğlu (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı “diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin mümkünlük iclasları 24 sentyabr 2024-cü il və 10 dekabr 2024-cü il tarixlərə təyin edilmişdir və bu barədə proses iştirakçılarına lazımi qaydada məktub və SMS vasitəsilə bildirişlər göndərilmişdir. Hər iki bildirişdə iddiaçının diqqətinə çatdırılmışdır ki, “Məhkəməyə gəlməməyin səbəbləri barədə iclasın təyin olunduğu vaxtadək məhkəməyə məlumat verilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 62.3-cü maddəsinə uyğun olaraq Sizə xəbərdarlıq edilir ki, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyiniz halda Sizin iştirakınız olmadan işə baxılması və iş üzrə qərar qəbul edilməsi mümkündür. Nəzərinizə xüsusilə çatdırılır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarı və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, iddianın mümkünlük şərtlərinin araşdırılması və müvafiq hüquqi yardım göstərilməsi məqsədilə məhkəmə iclası təyin edilmişdir.” Məhkəməyə 19 sentyabr 2024-cü il tarixdə daxil olmuş ərizədə iddiaçı cavabdeh inzibati orqan ilə barışıq əldə etmək üçün vaxt verilməklə iş üzrə icraatın müvəqqəti dayandırılmasını xahiş etmişdir. Lakin ərizədə istinad edilmiş halı təsdiq edən heç bir sənəd, məktub, müraciət və s. əlavə edilməmişdir. İddiaçı məhkəmə prosesində iştirak etmədiyi üçün, ən azından bu barədə ərizəsinə dair izahat belə verməmişdir. Bundan əlavə məhkəmə nəzərə alır ki, hazırki iş Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərardadı ilə ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmiş və 23 iyul 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X1 şikayətinə dair 8 iyul 2013-cü il tarixli Qərardadı ilə inzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55- ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Məhkəmə iddiaçıların müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmələrini və hər hansı digər vasitələrlə məhkəmə ilə əlaqə saxlamamalarını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, iddiaçıların icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət onların icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPMin 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçıların icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı tərəf ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Məhkəmənin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və İPM-in 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mehdı̇ li Namı̇ q Talış oğlu cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı "diplomun ölkə ərazisində tanınması və ekvivalentin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) şikayət verilə bilər. Hakim Könül Həbibova
Məhkəmə qərarları › İş №2-1(118)-5314/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5314/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver