Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5319/2024 26.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon X2 İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.01 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayon X2 İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.01 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayon X3 İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ona 0.10 hektar torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində 60 kv.m ölçüyədək fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bu günə kimi həmin torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. 2022-ci ildə məhkəməyə müraciət edərək, ona ayrılmış torpaq sahəsinin 0.09 ha hissəsi üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Sumqayıt inzibati Məhkəməsinin 2- 1(118)-2603/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və qərar qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən icra edilərək, ona **********94 reyestr nömrəli çıxarış təqdim edilmişdir. Lakin, Abşeron rayon X3 İcraiyyə Komitəsinin 28 sentyabr 1990- cı il tarixli, 250 saylı qərarı ilə ona ayrılmış 0.10 hektar torpaq sahəsindən yerdə qalan 0.01 ha torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. Sözügedən torpaq sahəsinə dair Masazır bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxanş da hazırlanmışdır. Qeyd olunan torpaq sahəsinin yerdə qalan 0.01 ha hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçüsü sənədinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat torpaq sahəsi ilə bağlı müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verərək ərizənin icrasından imtina etmişdir. Cavabdeh öz imtinasını qanunsuz olaraq aşağıdakı kimi əsaslandırmışdır. Sözügedən torpaq sahəsinə dair bir dəfə məhkəmənin qərarı əsasında mülkiyyət hüququnun qeydiyyata alınmasını və 0.01 torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağında yerləşdiyi səbəbindən icra edə bilməmişdir. Cavabdehin gətirdiyi əsaslar qanunsuzdur. Əvvəla iddianın qanuni olmasının əsasları Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2603/2022 nömrəli inzibati işin məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1 (118)-2603/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarından göründüyü kimi ərizəsi əsasında sözügedən torpaq sahəsinin 0.09 ha hissəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir və bu hal onun kosnstitusion hüququdur. Yəni, cavabdehin bu kimi mənasız mövqeyi iddiaçının mülkiyyəti üzərində hansı formada sərəncam verməyinə müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də cavabdeh inzibati orqanın bu mövqeyi qanunsuzdur. Cavabdeh inzibati orqanın imtinasında göstərdiyi 0.01 torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağında yerləşdiyinə münasibətdə bildirir ki, Sumqayıt inzibati Məhkəməsinin 2-1 (118)-2603/2022 nömrəli inzibati işi üzrə məhkəmə araşdırması aparılmış və Azərbaycan Avtomobil Yolları tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi yer avtomobil yolunun mühafizə zolağına heç bir aidiyyəti yoxdur. Yəni, torpaq sahəsi respublika əhəmiyyətli yollarının mühafizə zolağına düşmür, torpaq sahəmin yerli əhəmiyyətli torpaq sahəsinin yaxınlığında yerləşməsinə baxmayaraq qanunvericiliklə mühafizə zolağına ehtiyac yaranmır. Mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin yerli əhəmiyyətli yolun kənarında olması Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyindən və Abşeron Rayon İcra Hakimiyyətindən məhkəməyə daxil olmuş məktublar ilə öz təsdiqini tapır. Yəni kəndin içindən keçən yollar üçün mühafizə zolağı anlayışı qanunda göstərilməmişdir. Belə olan halda cavabdehin imtina məktubunda göstərdikləri, vətəndaşı süründürməçiliyə vadar edilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri” nin təstiq edilməsi haqqında 11 sentyabr 2015-ci ıl tarixli, 298 saylı Qərarının 1.1-ciyarımbəndinə əsasən respublika əhəmiyyətli avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının eni 30 metr təşkil edir. Qeyd olunan Qərarın 1.1-cı yarımbəndi belə anlam verir ki, həmin mühafizə zolağında nəinki tikililər, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahələri mövcud ola bilməz. Bütün bunlara baxmayaraq cavabdeh inzibati orqan tərəfindən müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərii oimadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: X1 Agentliyinin xx.xx.2022-ci il tarixli, ********* saylı məktubunda sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma zolağının nəzərə alınmadığı qeyd edilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2603/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı əsasında İddiaçı adına Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinə reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarış, torpaq sahəsinin təhvil verilməsi barədə dekabr 1988-ci il tarixli akt, cavabdeh orqanın imtina məktubu iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2024cü il tarixli, 5-29/2-743/2024 saylı məktubunda torpaq sahəsinin yerli əhəmiyyətli avtomobil yolunun kənarında yerləşdiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan X1 Agentliyinin xx.xx.2024-cü il tarixli 11-1/2-7404-8/2024 saylı məktubunda 0.10 ha (tərkibində olan 0.01 ha torpaq sahəsi) yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağının müəyyən edilmədiyi qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon X2 İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.01 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı Sumqayıt İnzibati Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 21(118) 2603/2022 saylı qərarı əsasında **********94 reyestr nömrəli çıxarış ilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun artıq bir dəfə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi aşkar edilmişdir. Həmçinin 0.01 ha torpaq sahəsinin yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. İşin hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2603/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı əsasında İddiaçı adına Abşeron rayon Masazır kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinə reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi iddiaçı ona ayrılmış 0.09 ha torpaq sahəsi üzərində hüququn qeydə alınmasına nail olmuşdur. Bundan sonra iddiaçı 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.01 ha hissəsi üzərində hüququn qeydə alınması üçün cavabdehə müraciət etsə də cavabdeh tərəfindən torpaq sahəsinin mühafizə zolağında yerləşməsi əsası ilə imtina verilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə (0,10 ha torpaq sahəsi) avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır (“Avtomobil Yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə əsasən). Qeyd edilən hal Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2603/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarında və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-228/2023 saylı qərarında da vurğulanmışdır. Həmçinin məhkəmə sorğusuna cavab olaraq torpaq sahəsinin yerli əhəmiyyətli avtomobil yolunun kənarında yerləşdiyi, 0.10 ha (tərkibində olan 0.01 ha torpaq sahəsi) yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağının müəyyən edilmədiyi qeyd edilmişdir. (Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/2-743/2024 saylı məktubu, Azərbaycan X1 Agentliyinin xx.xx.2024-cü il tarixli 11-1/2-7404-8/2024 saylı məktubu) Göründüyü kimi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon X2 İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli, 250 saylı qərarı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.01 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5319/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5319/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver