Məhkəmə qərarları › İş №2-1(118)-5328/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5328/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5328/2025 25.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: yetkinlik yaşına çatmayan uşağın soyadının dəyişdirilməsi) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi X4 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Regional Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 15 dekabr 2024-cü il təvəllüdlü övladları - X1 “Göyüşov”-dan “Vüqarlı”-ya dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 25 sentyabr 2024cü il rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 15 dekabr 2024cü il təvəllüdlü X5 anadan olmuşdur. Övladlarının doğum haqqında şəhadətnaməsində soyadı “Göyüşov” olaraq qeyd edilmişdir. Övladlarının soyadının “Göyüşov”-dan “Vüqarlı”ya keçirilməsi ilə bağlı iş üzrə cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsələr də, cavabdeh tərəfindən imtina edilmişdir. Bildirirlər ki, uşaqlarının soyadının dəyişdirilməsinə hər ikisi razıdır, lakin cavabdeh heç bir əsas olmadan onların soyadının dəyişdirilməsindən imtina etmişdir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər.

3. Cavabdehin iddiaçılara ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15H-15/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, “xx.xx.2024-cü ildə anadan olmuş övladınız X1 “Göyüşov”-dan “Vüqarlı”-ya dəyişdirilməsi ilə bağlı ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda, qeyd edirik ki, Məcəllənin 189cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən, soyadın dəyişdirilməsi ilə bağlı müraciətinizin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.”.

4. Məhkəmənın iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümyəndəsi V.Göyüşov iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

6. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

7. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

8. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

10. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.

11. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. AZ-İİ 640821 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.

13. AZ-V 073781 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Atası İddiaçı2, anası İddiaçı1dır.

IV. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.

15. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir.

16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq, uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq, uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.

İV. Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

19. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 25 sentyabr 2024-cü il rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 15 dekabr 2024-cü il təvəllüdlü X5 anadan olmuşdur. Övladlarının doğum haqqında şəhadətnaməsində soyadı “Göyüşov” olaraq qeyd edilmişdir. Övladlarının soyadının “Göyüşov”-dan “Vüqarlı”-ya keçirilməsi ilə bağlı iş üzrə cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsələr də, cavabdeh tərəfindən imtina edilmişdir.

20. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15H-15/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda, qeyd edirik ki, Məcəllənin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

21. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə məhkəmənin mövqeyi Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2026/2024 nömrəli qərarında qeyd edilmiş mövqeyi ilə uyğundur. Belə ki: -“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan fərqli olaraq, ondan daha yüksək hüquqi qüvvəyə malik olan Ailə Məcəlləsinin 53.3-cü maddəsində uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyi qeyd edilmişdir. -“Bir qayda olaraq” birləşməsinin leksik mənası o deməkdir ki, adətən qəbul edilmiş hallar mövcuddur, lakin bunlardan kənara çıxılması istisna deyil. Başqa sözlə, uşağın soyadı adətən valideynlərin soyadı ilə müəyyən edilir, lakin bu qaydadan istisna mümkündür. -Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mövcud olan hallar iddiaçının atasının (uşaqların ata xətti tərəfdən olan babası) adının övladlarına soyad kimi seçməsi qəbul edilə bilən sayılmalıdır. -Qanunvericilikdə müəyyən əsaslar olduqda uşağın soyadının valideynlərin soyadı ilə deyil, uşağın babasının soyadı ilə müəyyən edilməsi barədə birbaşa qadağa olmadığından işin hazırki vəziyyətində iddia əsaslı hesab edilməlidir. -Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün həm də “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. -Həmin qərarda qeyd edilmişdir ki, “Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir Eyni zamanda, ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər.”.

22. Məhkəmə qeyd edir ki, iddiaçının uşaqlarına “Vüqarlı” qoymaq istədiyi soyadında uşaqların mənafeyinə xələl gətirən, onların cinsinə uyğun olmayan və ya gülünc yaradan hal müəyyən edilmir. “Vüqar” adı iddiaçının atasının adıdır, iddiaçının atasının torpaqların düşməndən azad olunmasında müəyyən xidməti olmuşdur. Soyadın dəyişdirilməsi ilə bağlı valideynlər arasında fikir ayrılığı olmamışdır. Belə olan halda uşaqların “Göyüşov” soyadının dəyişdirilərək “Vüqarlı” soyadı verilməsindən imtina üçün faktiki və hüquqi əsas olmadığından iddia əsaslı hesab edilməli, bununla bağlı doğum akt qeydində düzəliş ediliməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

23. Məhkəmə həmçinin onu da qeyd edir ki, soyadların Azərbaycan dilinə uyğunlaşdırılması ilə bağlı 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara əsasən, "-ov" "-yev", sonluqlu soyadlar "-lı" (sözün kökündən asılı olaraq, "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilərlər.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

25. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

26. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. 15 dekabr 2024-cü il təvəllüdlü X2 doğum haqqında akt qeydində düzəliş edilərək uşağın soyadının dəyişdirilib "Vüqarlı" müəyyən edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X7-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar