Məhkəmə qərarları › İş №2-1(118)-533/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-533/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-533/2022 09.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona, əmək kitabçasında əmək stajıyla bağlı aparılmış qeydlər əsasında güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı əmək kitabçasında əmək stajıyla bağlı aparılmış qeydlər əsasında güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur, hazırda 58 yaşı vardır, xx.xx.1980-ci ildən «Qafqazenerjiquraşdırma» idarəsində elektrik qaynaqçısı vəzifəsində əmək fəaliyyətinə başlamış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuş, həmin idarənin Sumqayıt şəhərində fəaliyyət göstərən filialında eyni vəzifədə işləmiş və bu idarədə əmək fəaliyyəti xx.xx.2003-cü ilədək davam etmişdir. Daha sonra xx.xx.2003-cü ildə "xxxx" MMC müəssisəsinə qaynaqçı vəzifəsində işə qəbul edilmiş və xx.xx.2007-ci ilədək bu müəssisədə çalışmışdır. İşdən çıxdıqdan sonra Sumqayıt şəhər Məşğulluq Mərkəzində bir il işsiz kimi qeydiyyatda olmuş və xx.xx.2008-ci ildə "xxxx" MMC-nin Sumqayıt Tikinti Quraşdırma sahəsinə 6-cı dərəcəli qaynaqçı vəzifəsində işə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən çıxmış və xx.xx.2009-cu ildə "xxxx" ASC-yə STP Tikinti layihəsinin quraşdırma sahəsinə elektrik qaynaqçısı vəzifəsində işə qəbul edilmiş və xx.xx.2011-ci ildə işdən çıxmışdır. xx.xx.2011-ci ildə iddiaçı "xxxx" MMC müəssisəsinə qaynaqçı vəzifəsində işə qəbul edilmiş və hal-hazırda da bu şirkətdə çalışır. İddiaçının yaşı və güzəştli şərtlərdə işlədiyi iş sahələrində topladığı əmək stajı ona güzəştli əsaslarla əmək pensiyasına çıxmağına imkan verdiyi üçün bununla bağlı cavabdeh təşkilata müraciət etmiş və ona verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda cavabdeh təşkilat güzəştli əsaslarla pensiyanın təyin edilməsindən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.2003-cü illər arasındakı dövr ərzində işlədiyi qeydlər əmək kitabçasına daxil edilsə də həmin qeydlərə dair arxiv arayışı olduqdan sonra bu məsələyə baxılacaqdır. Bundan sonra o, Milli Arxiv İdarəsinin Sumqayıt filialına müraciət etmiş və ona rəsmi məktub verilmişdir ki, “Qafqazenerjimontaj” Trestinin arxiv sənədləri arxivə təhvil verilməmişdir. İddiaçı belə hesab edir ki, cavabdeh ondan əmək kitabçasında qeyd edilmiş və möhürlə təsdiq olunmuş əmək stajı ilə bağlı arxiv arayışı tələb etməkdə haqlı olmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarm onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarm ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və a dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktm qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 14. Sübut etmə vəzifəsi 14.1.Mübahisələndirilən inzibati aktı qebul etmiş inzibati orqan həmin aktm qebul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktm qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 35. İddianın mümkünlüyü 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktm qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.1963-cü il tarixdə anadan olduğunu, xx.xx.1980-ci il tarixdən “Qafqazenerjimontaj” idarəsində elektrik qaynaqçısı vəzifəsində çalışdığını, 1981- 1983-cü illər ərzində hərbi xidmətdə olduğunu qeyd etmişdir. İddiaçı iddia etmişdir ki, Hərbi xidmətdən qayıtdıqdan sonra həmin idarənin Sumqayıt şəhərində fəaliyyət göstərən filialında eyni vəzifədə çalışmış və onun həmin idarədə əmək fəaliyyəti xx.xx.2007-ci ilə qədər davam etmişdir. Həmçinin iddiaçının qeyd etdiyinə görə, işdən çıxdıqdan sonra Sumqayıt şəhər Məşğulluq Mərkəzində bir il işsiz kimi qeydiyyatda olmuşdur. 21,08.2008-ci il tarixdə "xxxx" MMC-nin Sumqayıt Tikinti Quraşdırma sahəsinə 6-cı dərəcəli qaynaqçı vəzifəsində işə qəbul edilmiş, xx.xx.2009-cu ildə işdən çıxmış və 01,06.2009-cu ildə "xxxx" ASC-yə STP Tikinti layihəsinin quraşdırma sahəsinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2011-ci ildə işdən çıxmışdır. İddiaçı iddia etmişdir ki, xx.xx.2011-ci ildə o, "xxxx" MMC müəssisəsinə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və hal-hazırda da orada çalışır. İş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi İddiaçı 22 iyun 2021- ci il tarixində ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir Cavabdeh orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 31 avqust 2021-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçıya güzəştli şərtlələ yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə Mərkəzi Filiala təqdim etdiyi 7 dekabr 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışla əsasında təsdiq edilərək, Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağını bildirmişdir. Lakin iddiaçı, bundan narazı qalaraq, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş,hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək, yəni 2006-cı il 1 yanvar tarixinədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunur ki, növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 1.1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; 1.2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. İş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi iddiaçının ərizəsinə cavab olaraq, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 31 avqust 2021-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçıya güzəştli şərtlələ yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə Mərkəzi Filiala təqdim etdiyi 7 dekabr 1981 ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışla əsasında təsdiq edilərək, Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağını bildirmişdir. Ancaq iddiaçı tərəfindən həmin arayış Mərkəzi Filiala təqdim olunmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 7 dekabr 1981 -ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında surətinə əsasən, iddiaçı xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə ancaq “elektrik qaynaqçısı”, “boru çilingəri”, “boru quraşdıran” vəzifələrində çalışdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə ancaq əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi mövcuddur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarıvna 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona, əmək kitabçasında əmək stajıyla bağlı aparılmış qeydlər əsasında güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh orqan isə qeyd edir ki, iş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi iddiaçının ərizəsinə cavab olaraq, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 31 avqust 2021-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə Mərkəzi Filiala təqdim etdiyi 07 dekabr 1981 -ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışla əsasında təsdiq edilərək, Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağını bildirmişdir. Ancaq iddiaçı tərəfindən həmin arayış Mərkəzi Filiala təqdim olunmamışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 7 dekabr 1981 -ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrdə ancaq “elektrik qaynaqçısı”, “boru çilingəri”, “boru quraşdıran” vəzifələrində çalışdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə ancaq əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi mövcuddur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən: 1.01. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 6.2. Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 14 iyul 2022-ci il tarixli **********8 saylı məktubunda qeyd etmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az - 12 il 2 ay 18 gün (xx.xx.1980xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1991-cİ İl, xx.xx.2003- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajının isə 12 il 6 aydan az - 2 il 2 ay 1 gün (xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı barədə Mərkəzləşdirilmiş Elektron informasiya X5 Sistemindən müvafiq çıxarış məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.1991-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən şəxsə münasibətdə sosial sığorta ödənişlərinin aparılıb aparılmaması haqqında məlumatın təqdim edilməsi Mərkəzi Filialın səlahiyyətinə aid olmadığından, bu barədə aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu göndərilmişdir. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, lakin “Qafqaz enerji-montaj” trestinin fəaliyyəti haqqında hərhansı məlumat əldə etmək mümkün olmamışdır. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 12 avqust 2022-ci il tarixli, **********397800 saylı məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 iyun 2022-ci il tarixli, **********83 saylı məktubları) İşin hallarından görünür ki, iddiaçı əmək kitabçasına əsaslanaraq 1980-1981-ci illər ərzində “Qafqazenerjiquraşdırma” trestində, xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək isə həmin trestin Sumqayıt şəhərində fəaliyyət göstərən idarəsində işlədiyini iddia edir. Cavabdeh orqan tərəfindən 1991-ci il tarixədək olan dövr nəzərə alınmışdır. xx.xx.1991-xx.xx.2003-cü il tarixədək olan dövrün güzəştli iş satjı olub-olmamasını müəyyən etmək məqsədilə cavabdeh orqan tərəfindən edilmiş müvafiq sorğular da məhkəməyə təqdim edilmişdir. Həmin sorğular əsasında “Qafqaz enerji-montaj” trestinin fəaliyyəti haqqında hərhansı məlumat aşkar edilməmişdir. (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 19 yanvar 2022-ci il tarixli, 14 saylı və 14 fevral 2002-ci il tarixli, 28 saylı məktubları, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 21 yanvar 2022-ci il tarixli, 01/3-80 saylı məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 fevral 2022-ci il tarixli, **********39 saylı məktubu ) İddiaçının iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətində onun xx.xx.1991-xx.xx.2003-cü illər arasındakı dövr ərzində işlədiyi qeydlər əmək kitabçasına daxil edilsə də iddiaçının əmək stajının, əmək haqqı, əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktının yerinin qarşılıqlı yoxlanılması həmin dövrlərin sənədlərinin olmamasından mümkün olmamışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Lakin hazırki işdə iddiaçının xx.xx.1991-xx.xx.2003-cü illər ərzində işlədiyi dövrlərə aid iş stajı əmək kitabçasında qeyd edilsə də, iddiaçının işlədiyi müəssisə barədə hər hansı bir məlumat əldə etmək mümkün olmamış, mübahisəli dövrlərlə bağlı sosial sığorta ödənişlərinin həyata keçirildiyi müəyyən edilməmişdir. Mübahisəli dövrlər nəzərə alınmadıqda isə, tələb olunan sosial sığorta stajı tamam olmur və mövcud qanunvericiliyə əsasən iddiaçının pensiya hüququ yaranmır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almamaqla iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar