Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5334/2024 27.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Masazır şosesinin şimalı (Nizami Gəncəvi, 14) ərazisində yerləşən 1172,5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Masazır şosesinin şimalı (keçmiş Nizami Gəncəvi küçəsi ev 14, indiki Zaur Dövlətov küçəsi ev 14) ərazisində yerləşən 1172,5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı 17 yanvar 2001-ci il tarixində Xırdalan qəsəbəsi Oktyabr küçəsi ev 19 ünvanda yaşayan X2 məxsus Xirdalan qəsəbəsi, Masazır şosesinin şimalı (indiki Nizami Gəncəvi-14) ünvanda, 1175,5 kvm torpaq sahəsində yerləşən 12 kv.m birotaqlı mənzili alqı-satqı yolu ilə almışdır. Alqı-satqı prosesi başa çatdıqdan sonra Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən mülkiyyət hüququmu təsdiq edən Qeydiyyat Vəsiqəsi və torpaq sahəsinin planı və tikintinin planı əks olunmuş Texniki Pasport verilmişdir. 2006-cı ildə mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə həmin torpaq sahəsində bir otaqlı mənzili sökdürərək onun yerində 2 mərtəbəli 230 kv.m sahəsi olan yeni ev tikdirmişdir. Azərbaycan Respublikası qanunvericiliyində, normativ sənədlərdə və mülkiyyətin əldə olunması məsələlərini təsbit edən yeni dəyişiklilərdən sonra mülkiyyət hüququnun əldə olunması məqsdilə 17 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə fərdi yaşayış evi ilə birlikdə torpaq və fərdi yaşayış evinə vahid əmlak kimi çıxarış verilməsi ilə başlı müraciət etmişdir. Bundan sonra həmin idarənin göstərişinə əsasən mühəndislər tərəfindən evə və əraziyə baxış keçirilmiş, faktlar öz təsdiqini tapmışdır. Mühəndislər tərəfindən müvafiq layihə sənədi hazırlanaraq ərizəyə əlavə edilmişdir. Lakin ona tələbinin icra olunmaqdan imtina edilməsi ilə bağlı 05 mart 2024-cü il tarixində məktub göndərilmişdir. Məktubda imtinaya 1-ci səbəb kimi qeyd edilmişdir ki,evin müayinə baxışı zamanı yerində başqa fərdi evin olduğu müəyyən edilmişdir. Bununla bağlı ölkə X4 Əliyevin sənədsiz yaşayış evlərin sənədləşdirilməsi ilə bağlı sərəncamı mövcuddur. Eyni zamanda Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti” Məsəlləsinin 80-ci maddəsində nəzərdə tutulub ki, hündürlüyü 12 metrədək fərdi yaşayış evlərinin tikintisinə xüsusi icazə tələb olunmur. İddiaçının mülkiyyət hüququmu təsdiq ediən sənədlər olmasına baxmayaraq hündürlüyü 12 metrdən az olan evin və torpaq sahəsinin çıxarışını tələb etmişdir. Məktubda imtinaya 2-ci səbəb isə, ərizəyə şəxsiyyət vəsiqəsinin surətini əlavə etməməyi göstərilib. Hesab edir ki, bu da çox subyektiv bir səbəbdir. Halbuki, ondan elə çıxarış hazırlanan anda da şəxsiyyət vəsiqəsinin surətini götürə bilərdilər. Bundan sonra yenidən İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə mülkiyyətinin arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi tələbi ilə müraciət edərək bütün arxiv sənədlərini almışdır. Həmin sənədlərlə birlikdə 12 iyun 2024-cü il tarixində yenidən həmin idarəyə müraciət göndərmişdir. Lakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2024 tarixində əvvəlki cavabdan fərqli səbəblər gətirilməklə yenə də imtina cavabı verilmişdir. Masazır Bələdiyyəsi tərəfindən yerquruluşunun planında təstiq edilmiş çıxarış sənədində, 22323 reystr və 1091 inventar nömrəli fərdi yaşayış evimin həmin torpaq üzərində yerləşdiyini açıq-aydın formada təsdiq edir (Masazır Bələdiyyəsi tərəfindən yerquruluşunun planında təstiq edilmiş çıxarış sənədinin surəti əlavə olunur). İmtinaya səbəb kimi göstərilən fərdi yaşayış evinin yüksək gərginlikli elektik xəttinin mühafizə zolağında yerləşməsidir. Ev bu xətlərdən küçənin digər tərəfində və aralı yerləşir. 6 KVT məhəllə arası elektrik xətləri ciddi yüksək gərginlikli hesab edilməyərək evi tikildikdən tam 22 il sonra küçələrində 2023-cü ildə inşa edilmiş 6 ədəd 4 mərtəbəli binaya ötürülüb. İddiaçının evi isə, 2000-cı ildə inşa edilib və 2006-cı ildə genişləndirilib. Həmçinin, ölkə X4 Əliyev tərəfindən verilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nm təsdiq edilməsi barədə 439 saylı fərmanın priaınbula hissəsində 2-ci maddəsində konkret göstərilir:
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir." Fərmanın müvafiq bəndi əsas verir ki, 20 il sonra yaşadığı küçəyə daxil olan elektrik xətti evinin və torpaq sahəsinin sənədləşməsi üçün əsəs hesab edib bilməz. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 439 saylı fərmanın 2.3 bəndi (2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış) və 2.7-ci bəndi (2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar) fərdi yaşayış evi ilə birlikdə torpaq və fərdi yaşayış evinə vahid əmlak kimi çıxarış verilməsinə tam əsaslar yaradır. Evin və torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X3 58 saylı torpaq sahəsi 13 noyabr 1992-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin 584 saylı sərəncamı əsasında ayırılmışdır. 02 iyul 1999-cu ildə eyni dövlət orqanı tərəfindən fərdi yaşayaış evinin tikintisinə 154 saylı sərəncam verilmişdir. X3 16 yanvar 2000-ci il tarixində fərdi yaşayış evinin tyexniki pasportu və birotaqlı mənzilin çıxarışı verilmişdir. 17 yanvar 2001-cı ıl tarixində isə, Quliyev İsmayıl və iddiaçı arasında Abşeron rayonu 2 saylı notariusunda alqı-satqı müqaviləsi aparılaraq ev onun adına yenidən sənədləşdirilmişdir. Yaşadığı evə və torpaq sahəsinə görə Masazır Bələdiyyəsinə torpaq və əmlak vergilərini vaxtında ödəyir (2019-2023-cü illər üzrə ödəniş üzrə şəxsi hesab vərəqəsindən çıxarış əlavə edilir). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və torpaq sahəsinin yerləşdiyi küçənin adının dəyişdirilərək hazırda Zaur Dövlətov küçəsi adlandırıldığını bildirmişdir. Cavabdeh etirazında qeyd edir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,11755 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq vahid daşınmaz əmlak kimi çıxarış və texniki pasportun verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 17 yanvar 2024-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; Müraciətə əlavə edilmiş 1091 inventar nömrəli 22323 qeydiyyat nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı, yerində başqa fərdi yaşayış evinin mövcud olduğu; Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində 2 hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon İcra Hakimiyyəti Başçısının 02 iyul 1999-cu il tarixli 154 saylı Sərəncamı ilə Xırdalan Masazır yolunun şimalında baş plan üzrə 58 saylı torpaq sahəsi Xırdalan qəsəbə sakini X3 fərdi ev tikintisi üçün ayrılmış və həmin sahədə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Reyestr №22323, inventar №1091 olan qeydiyyat vəsiqəsinin, texniki pasportun, xx.xx.2001-ci il tarixli, 4E-30 №li reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsinin surəti, bələdiyyənin yerquruluşu planından çıxarış məhkəməyə təqdim edilmişdir. 16 yanvar 2000-ci il tarixli fərdi yaşayış evinə daxil olan yaşayış evinin texniki pasportun surəti iş materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, texniki pasportda qeyd edilən FYE yerində aşkar edilməmişdir, faktiki 2 mərtəbəli FYE mövcuddur. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2001-ci il tarixli, 4E-30 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli 14043/24 saylı məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi təyinatına görə yaşayış məntəqələri (KPİ) torpaqlarına aid edilmişdir. Torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. İddiaçının notarial qaydada təsdiq edilmiş **********527 saylı ərizəsində qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır şossesinin şimalı küçəsində yerləşən fərdi yaşayış evi öz iradəsi ilə tam sökülüb məhv edilmişdir, həmin əmlak üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ yüklü deyildir. Reyestr nömrəsi 22323, invemtar işi 1091 olan qeydiyyat vəsiqəsi ona məxsusdur. Bu səbəbdən əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-1RA-2-691/2024 saylı məktubu ilə Abşeron rayon İcra Hakimiyyətinin 154 saylı xx.xx.1999-cu il tarixli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-17166/2024 saylı məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin elektrik xəttinin istismarına maneə törətməməsi səbəbilə qeydiyyata alınmasına etiraz etmirlər.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Masazır şosesinin şimalı (keçmiş Nizami Gəncəvi küçəsi ev 14) ərazisində yerləşən 1172,5 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı: Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi; Müraciətə əlavə edilmiş 1091 inventar nömrəli 22323 qeydiyyat nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı, yerində başqa fərdi yaşayış evinin mövcud olduğu; Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 02 iyul 1999-cu il tarixli 154 saylı Sərəncamı ilə Xırdalan Masazır yolunun şimalında baş plan üzrə 58 saylı torpaq sahəsi Xırdalan qəsəbə sakini X3 fərdi ev tikintisi üçün ayrılmış və həmin sahədə tikinti işlərinin aparılmasına icazə verilmişdir. İddiaçı 17 yanvar 2001-ci il tarixində Xırdalan qəsəbəsi Oktyabr küçəsi ev 19 ünvanda yaşayan X2 məxsus Xirdalan qəsəbəsi, Masazır şosesinin şimalı (indiki Nizami Gəncəvi-14) ünvanda, 1175,5 kvm torpaq sahəsində yerləşən 12 kv.m birotaqlı mənzili alqı-satqı yolu ilə almışdır. Məhkəmə araşdırması zamanı xx.xx.2001-ci il tarixli, 4E-30 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 88.1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə əldə edənə keçir. İş materiallarına əlavə edilmiş 16 yanvar 2000-ci il tarixli fərdi yaşayış evinə daxil olan yaşayış evinin texniki pasportunda torpaq sahəsi 1172.5 kv m. olaraq göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında qeyd edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Həmin Siyahının 2.4-cü bəndinin tələblərinə görə torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən texniki pasportlar aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evi olmalıdır; - həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməlidir; - texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmalıdır. Göründüyü kimi daşınmaz əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdeh qeyd edir ki, 1091 inventar nömrəli 22323 qeydiyyat nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı, yerində başqa fərdi yaşayış evinin mövcud olduğu müəyyən edilmişdir. Qeyd edilən hal işin mübahisəsiz halıdır və iddiaçı fərdi yaşayşı evinə dair məlumatlandırma icraatına dair lazımı hərəkətləri etmədiyinə görə həmin hissədə iddiadan imtina etməklə iddia tələbinin həcmini azaltmış, yalnız torpaq sahəsinə münasibətdə iddia tələbini müdafiə etmişdir. Cavabdeh həmçinin qeyd edir ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-13/2-1/16-17166/2024 saylı məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi 10 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinin elektrik xəttinin istismarına maneə törətməməsi səbəbilə qeydiyyata alınmasına etiraz etmirlər. Göründüyü kimi iddianın torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Masazır şosesinin şimalı (Nizami Gəncəvi küçəsi ev 14) ərazisində yerləşən 1172,5 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova