Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-535/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ilin dekabr ayında ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin Novxanı bağları adlandırılan ərazisində sahəsi 1000 kv m olan bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti müsbət qarşılandığından Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Bundan sonra iddiaçı torpağın tələb olunan alqı-satqı haqqı məbləği olaraq 6 000 000 (altı milyon) manat məbləğində pulu Sumqayıt bbələdiyyəsinin hesabına ödəmiş və Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə Sumqayıt şəhərinin "Novxanı" bağları ərazidində yerləşən sahəsi 1000 kvadrat metr olan B-4959b saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bir müddət əvvəl torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Belə ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqı şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin müraciətinə verdiyi 30 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2-A- 0079-8/2022 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina torpağı sənədləşməsinin guya qanunvericiliyin tələbinə görə yekunlaşmaması, torpağın ayrılması zamanı müvafiq icra hakımıyyəti orqanının rəyində möhürün olmaması və həmin rəydə adının Adil kimi göstərilməsi, eləcə də torpaqların alqısatqısına dair aktın tərtib edilməməsi əsaslandırılmağa çalışılmışdır. Hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası dəlilləri tamamilə əsassız və qanunaziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, 24 may 2005-ci il tarixdə Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi möhürlə təsdiqlənməmiş, həmçinin həmin rəydə torpaq sahəsi ayrılan şəxsin adı “Adil” kimi göstərilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: - Sumqayıt şəhər bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 nömrəli qərarından görünür ki, Novxanı bağlar ərazisində sahəsi 1000 (bir min) kv m olan V-4959b saylı bağ torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. - DT və XK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli rəydən görünür ki, İddiaçı B-4959b saylı bağın 1000 kv m sahəsinin sənədləşdirilməsinə etiraz etmir. - Sumqayıt şəhər bələdiyyəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planından görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinə tərtib edilmişdir. - xx.xx.2004-cü il tarixli, 017354 nömrəli qəbzdən görünür ki, İddiaçı Sumqayıt şəhər bələdiyyəsinin hesabına ******* manat köçürmüşdür. - xx.xx.2023-cü il tarixli İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsində inventarlaşma işləri aparılmış, torpaq sahəsi daxilində tikili yoxdur. Toraq sahəsinin qərb istiqamətində 8,2 m məsafədən 6 kVt-luq yüksək gərginlikli elektrik xətti keçir 0,033 ha torpaq sahəsi artıqdır. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər bələdiyyə iclasının xx.xx.2005-ci il tarixli, 17 nömrəli protokolundan İddiaçı adına torpaq sahəsi ayrılması barədə arxiv sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı qərarı ilə iddaçıya ayrılmış 0,010 ha torpaq sahəsinin döngə nöqtəsinin koordinatları qeyd olunmadığından faktiki istifadəsində olan torpaq sahəsinə uyğun olmasını təyin etmək mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin hüdudları daxilində yerləşibyerləşməməsi, bələdiyyə və ya dövlət mülkiyyətində olması, bələdiyyə mülkiyyətinə aiddirsə hansı bələdiyyəyə aid olmasının müəyyən edilməsi üçün "xxxx" MMC-yə müraciət edilməsi məqsədəmüvafiqdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi **********67 saylı çıxarışa əsasən Ağayev Ədalət Kamal oğlunun mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə bitişik yerləşir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağayev Ədalət Kamal oğlunun adına verilmiş **********7 reyestr nömrəli çıxarış və onun verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqı-satqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının tərtib edilməməsi, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin müraciətə əlavə edilməməsi, həmçinin ayrıc aktı və ya plan və ölçü sənədinin tərtib edilməməsi iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Bundan başqa keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş rəydə vətəndaşın adının “Aqil” əvəzinə “Adil” kimi göstərilməsi də müvafiq dövlət orqanlarının səhlənkarlığı ucbatından baş vermişdir. Həmin sənədlərin düzgün və vaxtında tərtibatı bələdiyyənin və müvafiq dövlət orqanlarının vəzifəsi olmuşdur və iddiaçının məsuliyyət dairəsinə aid deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi mübahisəli torpaq sahəsinin Sumqayıt bələdiyyəsinə aid torpaq sahələrinni hüdudlarından kənarda yerləşdiyini bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən mütəxəssis qarşısında sual qoyulmuşdur və mütəxəssis həmin suala dəqiq cavab verə bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə cavabdeh inzibati orqana sorğu vermiş və müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bitişik yerləşən və iddiaçının atası Ağayev Ədalət Kamal oğluna Sumqayıt bələdiyyəsinin qərarı əsasında ayrılmış torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-535/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-535/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver