Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5350/2025 03.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx xxxxxx 1958-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iş üzrə cavabdeh ƏƏSMN-i tabeliyində DSMFnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına ərizə ilə müraciət etsə də ərizənin icrasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki: “Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən siğorta stajınız 22 il 2 ay 25 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-eı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın siğorta hissəsində avtomatalaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz Qusar rayon Dövlət Arxivinin 13 yanvar 2023-cü il tarixli arayışına əsasən 1992-ci il üzrə 2 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 12 ay adınıza əmək haqqı hesablanmadığından sözügedən siğorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi siğorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququmun yaranması üçün kifayət etmədiyindən sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildiririk ki, sizə xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.” Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, işlədiyi iş yerləri və tarixləri ona məxsus olan əmək kitabçasında qeyd edilmiş və rəsmi qaydada təsdiq edilmişdir. Bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Cavabdehin imtinasında qeyd etdiyi pensiya kapitalının qeydə alınmaması vətəndaş olaraq onun günahı deyildir və ya həmin pensiya kapitalını qeyd etdirmək onun öhdəliyi deyildir. Bq səbəbdən də cavabdehin imtinasını tamamilə qanunsuz və əsassız hesab edir. Hesab edir ki, mübahisənin məhkəmədənkənar həlli mövcud deyildir. “X1” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mkinimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə siğorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il siğorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 01 iyul 2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial siğorta stajı əmək pensiyası hüququnun müəyyən pdilnləsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə siğorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1- dən etibarən siğortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının siğorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış siğortaolunana 2006-cı ilin yanvarın 1-dək olan siğorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının “X1” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubla ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. “X1” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. İddiaçı 14 yanvar 1960-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 14 yanvar 2025-ci il tarixdən, “X1” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır/Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə: 1) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq); 2) Qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Lakin iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978- ci il tarixinədək hərbi xidmət dövrü, 2240 nömrəli attestatın surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, 3606 nömrəli attestatın surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, Qusar Rayon Dövlət Arxivinin xx.xx.2023- cü il tarixli arxiv arayışının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1981 -ci il tarixinədək, xx.xx.1981 -ci il tarixindən xx.xx.1992- ci il tarixinədək, Qusar Rayon Dövlət Arxivinin 13.01,2023-cü il tarixli arayşının surətinə əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla onun 01.01,2006-cı il tarixinədək 22 il 2 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qusar Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışına əsasən 1992-ci il üzrə 2 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 12 ay adına əməkhaqqı hesablanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında 1998-ci il tarixdə işdən azad edildiyi qeyd edilsə də, xx.xx.2023-cü il tarixli arayışda 1997-ci il və 1998-ci il üzrə məlumatlar öz əksini tapmamış, 1992 və 1996-cı illər üzrə isə əməkhaqqı aldığı dövrlər sığorta stajına daxil edilmişdir. "X1" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilərək iddiaçıya cavabdeh DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 22 il 2 ay 25 gün təşkil edir. Mübahisəli dövrlər stajına daxil edilsə belə qanunvericiliklə tələb olunan staj tamamlanmayacaqdır. Belə olduğu təqdirdə ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya mübahisələndirilən illərlə bağlı əlavə sənədlər təqdim edəcəyi təqdirdə müraciətinə yenidən baxılacağı bildirilmişdir. Son olaraq “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə verilir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçının işəgötürən X2 ilə qüvvədə olan əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Günəş Yusif qızı iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının, attestatının, hərbi biletinin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-30RA/2-6xx-xx/2025 saylı məktubu ilə Qusar rayon Dövlət Arxivi tərəfindən İddiaçı Qusar rayonu keçmiş Miçurin adına sovxozda 1992-1998-ci illərdə işlədiyi iş stajı və aldığı əmək haqqı barədə tərtib edilmiş arayışlar məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının 22 il 2 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qusar Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışına əsasən 1992-ci il üzrə 2 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 12 ay adına əməkhaqqı hesablanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında 1998ci il tarixdə işdən azad edildiyi qeyd edilsə də, xx.xx.2023-cü il tarixli arayışda 1997-ci il və 1998-ci il üzrə məlumatlar öz əksini tapmamış, 1992 və 1996-cı illər üzrə isə əməkhaqqı aldığı dövrlər sığorta stajına daxil edilmişdir. Digər tərəfdən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 22 il 2 ay 25 gün təşkil edir. Mübahisəli dövrlər stajına daxil edilsə belə qanunvericiliklə tələb olunan staj tamamlanmayacaqdır. Belə olduğu təqdirdə ona hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı Qusar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3- 48-30RA/2-6xx-xx/2025 saylı məktubu ilə Qusar rayon Dövlət Arxivi tərəfindən İddiaçı Qusar rayonu keçmiş Miçurin adına sovxozda 1992-1998-ci illərdə işlədiyi iş stajı və aldığı əmək haqqı barədə tərtib edilmiş arayışlar məhkəməyə təqdim edilmişdir. İddiaçıya məxsus təhsil haqqında 2240 nömrəli attestatın surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, 3606 nömrəli attestatın surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, əmək kitabçasına əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək iş illəri, xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1998-ci ilədək əmək fəaliyyəti dövrləri nəzərə alındıqda 24 il 11 ay sosial sığorta stajı yaranır. Göründüyü kimi mübahisəli dövrlər nəzərə alındığı halda belə iddiaçının qanunla tələb edilən 25 il ümumi iş stajı tamamlanmır. “X1” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “X1” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““X1” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Yuxarıda qeyd edilən halları rəhbər tutaraq məhkəmə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən hallara ayrıca qiymət verilməsini zəruri hesab etmir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilən bütün əmək fəaliyyəti dövrü, hərbi xidmətdə olduğu dövr, təhsil dövrü tam şəkildə nəzərə alınacağı təqdirdə belə iddiaçının qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı yaranmayacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5350/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5350/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver