Məhkəmə qərarları › İş №2-1(118)-5355/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5355/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5355/2025 19.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının və vəsiqənin verilməsi vəzifəsinin X2nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1276/2025 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-cü il tarixdə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuşdur. İddiaçı X2nin N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 2 nömrəli əmri ilə sıravi şəxsi heyətin siyahısına salınaraq baş ekspeditor vəzifəsinə təyin olunmuşdur. Bundan sonra xidməti dövründə N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixlərə kimi 001, 825, 161, N və N saylı hərbi hissələrə məktub çatdırmaq üçün ezamiyyətə göndərilmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafıq olaraq və N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli müvafiq əmrinə əsasən istefaya buraxıldığına görə baş çavuş kimi N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 187 nömrəli əmri ilə xx.xx.2013-cü il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Gəncə şəhəri Nizami RHK-na göndərilmişdir. Ona müharibə veteram adı və müharibə veteranı vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyininə müraciət etmişdir. Müdafiə Nazirliyindən cavab olaraq ona bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 1993-cü il tarixli ,may 1994-cü il tarixli nizami hissə üzrə əməllərində onun yuxarıda qeyd etdiyi hərbi hissələrə ezamiyyətə göndərilməyi ilə bağlı məlumat aşkar olunmamışdır. Bildirir ki, iddiaçı N-ci ildən 2013-cü ilə kimi N saylı hərbi hissədə xidmət etmişdir. N saylı hərbi hissənin komandirinin əmrləri ilə 001, 825, 161, 708, N saylı hərbi hissələrə ezam olnunaraq xidmətini layiqincə yerinə yetirmişdir. Hazırda onun həmin hərbi hissələrə ezam olunub xidmət etməyi ilə bağlı sənədlərin tapılmaması onun yox, həmin hərbi hissələrin komandirlərinin səhlənkarlığından baş vermişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, onunla xidmət edən bir neçə şəxslər var ki, onun həmin hərbi hissələrə ezam olub xidmət etməyini təsdiq edə bilərlər. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı X2nə müraciət etmişdir. X2nin xx.xx.2023-cü il tarixli, 2/2-9445 nömrəli məktubla ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərə uyğun gəlmədiyinə görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Odur ki, hazırda iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları tə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən baş sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilmə inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, təqdim olunan sənədlərə və Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 748 nömrə arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidmət zamanı döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə əməliyyatlara cəlb edilmiş hərbi hissələrə ezam olunmağına dair həmin hərbi hissə komandirinin əmrlərində məlumatlar qeyd edilmiş, lakin onun ezam olunduğu hərbi hissələrə daxil olmağı və çıxmağı dair məlumatlar aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. İddiaçıya məxsus olan xx.xx.N-ci il tarixli, NZ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı N-ci ildən 2013-cü ilə kimi hərbi xidmətdə olmuşdur.

10. X2nin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 2 nömrəli əmrilə (əsas: §2, sıra-2, səh-2, qeyd: əmrdə "hərbi rütbəsi “sıravi” yazılmışdır) sıravi İddiaçı şəxsi heyətin siyahısına salınaraq baş ekspeditor vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 18 nömrəli əmrilə (əsas: səh.18, §1, qeyd: əmrdə hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) kiçik çavuş İddiaçı xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissəyə məktub çatdırmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 23 nömrəli əmrilə (əsas: səh.23, §2, qeyd: əmrdə hərbi rütbəsi "kiçik çavuş" yazılmışdır) kiçik çavuş İddiaçı xx.xx.N-ci ıl tarixədək N nömrəli hərbi hissəyə məktub çatdırmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 24 nömrəli əmrilə (əsas: səh.24, §1, qeyd; əmrdə, hərbi rütbəsi “sıravi" yazılmışdır) sıravi İddiaçı xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissəyə məktub çatdırmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 36 nömrəli əmrində (əsas: səh.21, §1, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “kiçik çavuş" yazılmışdır) kiçik çavuş İddiaçı xx.xx.1994-cü il tarixədək 2 (iki) gün müddətinə döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 38 nömrəli əmrində (əsas: səh.23, §1, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “kiçik çavuş" yazılmışdır) kiçik çavuş İddiaçı xidməti ezamiyyətdən gəlməsi və vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 43 nömrəli əmrində (əsas: səh.26, §1, sıra-2, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) kiçik çavuş İddiaçı xx.xx.1994-cü il tarixədək 2 (iki) gün müddətinə döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 45 nömrəli əmrində (əsas: səh.27, §2, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “kiçik çavuş" yazılmışdır) kiçik çavuş İddiaçı xidməti ezamiyyətdən gəlməsi və vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-ci il tarixli 61 nömrəli əmrində (əsas: səh.37, §2, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi "kiçik çavuş” yazılmışdır) kiçik çavuş İddiaçı xx.xx.1994-cü il tarixədək 2 (iki) gün müddətinə döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 63 nömrəli əmrində (əsas:səh.38, §2, qeyd: əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi "kiçik çavuş" yazılmışdır) kiçik çavuş İddiaçı xidməti ezamiyyətdən gəlməsi və vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin "a” bəndinə (yaşa görə) müvafiq olaraq və N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli müvafiq əmrinə əsasən istefaya buraxıldığına görə baş çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 187 nömrəli əmrilə (əsas: §1, səh-127, qeyd: əmrdə hərbi rübəsi "baş çavuş” yazılmışdır.) xx.xx.2013-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Gəncə şəhəri Nizami RHK-na göndərilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissə komandirinin 1993-cü il tarixli, may 1994- cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır.

11. X2nin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli, 884 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin mart-aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və ezamiyyətdə olması barədə məlumat aşkar olunmamışdır.

12. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

13. X2nin xx.xx.2024-cü il tarixli, 2907 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 2 nömrəli, xx.xx.N-ci il tarixli 18 nömrəli, xx.xx.N-ci il tarixli 23 nömrəli, xx.xx.N-ci il tarixli 24 nömrəli, xx.xx.1994-cü il tarixli 36 nömrəli, xx.xx.1994-cü il tarixli 38 nömrəli, xx.xx.1994-cü il tarixli 43 nömrəli, xx.xx.1994-cü il tarixli 45 nömrəli, 31,03.1994-cü il tarixli 61 nömrəli, xx.xx.1994-cü il tarixli 63 nömrəli və xx.xx.2012-ci il tarixli 187 nömrəli nizami hissə üzrə əmrlərindən arxiv çıxarışları məktuba əlavə edilmişdir. Qeyd edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ii tarixədək N nömrəli hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və N nömrəli hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

14. Azərbaycan Respublikasının Prokurorluğu Ağdam Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ağdam Hərbi Prokurorluğunda vətəndaş İddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.

15. Azərbaycan Respublikasının Prokurorluğu Şəmkir Hərbi Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1958-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu və 1994-cü ildə 161, N və N nömrəli hərbi hissələrdə xidməti ezamiyyətdə olduğu göstərilən X4 barəsində cinayət işi istintaq olunmamış, təqsirləndirici material araşdırılmamış, həmçinin xx.xx.2010-cu il tarixədək olan müvafiq qeydiyyat kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar məhv edildiyindən, onun barəsində bəraətverici əsaslar olmadan, eləcə də amnistiya aktlarına əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib-edilməməsi haqqında məlumat vermək mümkün olmamışdır.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və məktuba əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilib-edilməməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi əməliyyat-sorğu kartotekasında məlumat yoxdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

18. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

20. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

22. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin: 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

25. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 2 nömrəli əmrilə şəxsi heyətin siyahısına salınaraq baş ekspeditor vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 18 nömrəli əmrilə xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissəyə məktub çatdırmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 23 nömrəli əmrilə kiçik çavuş İddiaçı xx.xx.N-ci ıl tarixədək N nömrəli hərbi hissəyə məktub çatdırmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 24 nömrəli əmrilə xx.xx.N-ci il tarixədək N nömrəli hərbi hissəyə məktub çatdırmaq üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 36 nömrəli əmrində xx.xx.1994-cü il tarixədək 2 gün müddətinə döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 38 nömrəli əmrində xidməti ezamiyyətdən gəlməsi və vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 43 nömrəli əmrində xx.xx.1994-cü il tarixədək 2 gün müddətinə döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 45 nömrəli əmrində kiçik çavuş İddiaçı xidməti ezamiyyətdən gəlməsi və vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-ci il tarixli 61 nömrəli əmrində kiçik çavuş İddiaçı xx.xx.1994-cü il tarixədək 2 (iki) gün müddətinə döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 63 nömrəli əmrində xidməti ezamiyyətdən gəlməsi və vəzifəsinin icrasına başlaması barədə məlumat vardır. "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin "a” bəndinə (yaşa görə) müvafiq olaraq və N nömrəli hərbi hissə komandirinin xx.xx.2012ci il tarixli müvafiq əmrinə əsasən istefaya buraxıldığına görə baş çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2012-ci il tarixli 187 nömrəli əmrilə xx.xx.2013-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır.

27. Eyni zamanda N nömrəli hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin mart-aprel 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və ezamiyyətdə olması barədə məlumat aşkar olunmamışdır.

28. Məhkəmə qeyd edir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir.

29. İddiaçının hərbi xidmətdə olması, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezam olunması ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır.

30. Göründüyü kimi, iddiaçıların hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı sayıla bilməz.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2nə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

32. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh X2nə qarşı “müharibə veteranı adının və vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar