Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-536/2022 07.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1735 saylı 27.10.2021-ci il tarixli cavab məktubunun əsassız hesab edilməsi, “hərbi xidmət dövründə alınmışdır” bəndinin dəyişdirilərək “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azerbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına müraciət etmiş, lakin onun müraciətinə əsasən qeyd olunub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1735 saylı 27.10.2021-ci il tarixli cavab məktubunda “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd olunmuşdur. İddiaçı xx xxx 1999-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Ordusunda 24.04.2018-ci ildən 01.10.2020-cilə qədər Həqiqi Hərbi Xidmətdə olmuş, 21.09.2020-ci il tarixindən səfərbərliklə əlaqədar Hərbi xidmətə çağırılmış, xidmət dövrü ərzində vətənə daim sadiq olmuş, öz xidməti borcunu layiqincə yerinə yetirmişdir. Sözügedən müddət ərzində mütəmadi olaraq hərbi həkim komissiyasından keçmiş və müayinə olunmuş, Müdafiə Nazirliyi tərəfindən onun nəzdində fəaliyyət göstərən hərbi həkim komissiyasından keçmək bütün xidmət keçən zabit və gizirlər üçün məcburi xarakterli olmuşdur. Əlavə olaraq bildirdi ki, bütün yoxlanışlar zamanı bu illər müddətində heç bir xəstəliyi aşkar edilməmiş, daima xidmətə yararlı olmuşdur. Lakin 10.12.2020-ci il tarixində SQ BHQ-də kardioloq tərəfindən müayinə və konsultasiya edilmiş, hipertoniya xəstəliyi, İ mərhələ diaqnozu qoyulmuş MN MHP-da şəhadətləndirilməsi məsləhət görülmüşdür. Bu səbəblə də, hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 17.04.2021-ci il tarixli cavab məktubunun (şəhadətnamənin) əsassız hesab edilərək, “xəstəlikdir” bəndinin dəyişdirilərək Azərbaycan Respublikasının müdafəsi ilə əlaqədar bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsi zəruridir. İddiaçı 21.09.2020-ci il tarixində AR Silahlı Qüvvələrdə xidmətə qəbul edilməmişdən əvvəl tibbi müayinədən keçirildiyi zamanı belə xəstəliyinin olması müəyyən olunmadığından; və buna görədə hərbi xidmətə qəbul olunduğundan göstərilən xəstəliyə məruz qalmağı məhz hərbi xidmət dövründə baş verməsi işin mübahisəsiz halları ilə sübuta yetirilir. Lakin, şəhadətnaməni həyata keçirən onun sturuktur orqanları tərəfindən xəstəliyin diaqnozu düzgün müəyyən edilsə də, bunun baş vermənin anı düzgün müəyyən edilməmişdir. Buna görə də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində ona məxsus 17.04.2021-ci il tarixli 11056 nömrəli xəstəlik haqqında şəhadətnamədə xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Qubadlı RHK tərəfindən 2020-cü ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən 17.04.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ" diaqnozlu xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası (MN MHHK) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənın» 7.2 bəndinin ç) yarımbəndinə əsasən, 27.04.2021-cı il tarixdə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALlNMİŞDİR” kimi düzgün təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1. bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarətlərin, xəstəliklərin (yaralanmaların, travmalrın) hərbi xidmətlə səbəb əlaqəsini müəyyən edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 1735 nömrəli, 27.10.2021-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, 11056 nömrəli, 17.04.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surəti, SX ******* nömrəli hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 1735 saylı 27.10.2021-ci il tarixli rəyinin verilməsindən sonra yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq komissiya hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, Müdafiə Nazirliyi nəzdində hərbi qulluqçular barəsində müvafiq rəyin verilməsi Komissiyanın səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Mərkəzi Hərbi Həkim Komissiyası hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş və nəticədə cavabdehdən 1735 nömrəli, 27.10.2021-ci il tarixli imtinanı almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yer Qubadlı rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı hərbi xidmət keçərkən 17.04.2021-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ" diaqnozlu xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənın» 7.2 bəndinin ç) yarımbəndinə əsasən, 27.04.2021cı il tarixdə “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALlNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı müvafiq rəydən narazı qalaraq, xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin müvafiq rəyi qanuni olduğundan iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Nabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Ekspertizası haqqında” Əsasnamənin 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi həkim komissyasına həvalə olunur. Qeyd olunan Əsasnamənin 7.1-ci bəndinə əsasən, hərbi qulluqçuların orqanlarda xidmət keçən vətəndaşların hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə hərbi-həkim komissyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən, əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa hərbi-həkim komissyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” qərarını çıxarır. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbihəkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, komissiya Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. Yəni mövcud qanunvericilik aktlarında qeyd olunan normalar çərçivəsində müvafiq qərarlar qəbul edir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası imperativ xarakter daşıyan normaları tətbiq edərkən, qanunun tələblərini yerinə yetirib və eyni zamanda iddiaçıya 1735 nömrəli, 27.10.2021-ci il tarixli cavab məktubunu verməklə qanunvericiliyin tələblərini pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi əsassız olduğundan təmin olunmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1735 saylı 27.10.2021-ci il tarixli cavab məktubunun əsassız hesab edilməsi, “hərbi xidmət dövründə alınmışdır” bəndinin dəyişdirilərək “Azərbaycan Respublikasının Müdafiəsi ilə əlaqədar” bəndinə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-536/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-536/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver