Məhkəmə qərarları › İş №2-1(118)-536/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-536/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-536/2024 09.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin Novxanı bag adlandırılan ərazisində sahəsi 1000 kv m olan bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti Sumqayıt bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Bundan sonra iddiaçı torpağın tələb olunan alqı-satqı haqqı məbləği olaraq 6.000.000 manat məbləğində pulu Sumqayıt bələdiyyəsinin hesabına ödəmiş və Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə Sumqayıt şəhərinin "Novxanı" bağları ərazidində yerləşən sahəsi 1000 kv m olan 4959 saylı bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Bir müddət əvvəl torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfin torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina edilmişdir. Belə ki, cavabdehin müraciətə verdiyi 30 yanvar 2023-cü il tarixli cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina torpağı sənədləşməsinin guya qanunvericiliyin tələbinə görə yekunlaşmaması, torpağın ayrılması zamanı müvafiq icra hakimiyyəti orqanının rəyində möhürün olmaması eləcə də, eləcə də torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi, torpaq sahəsinin planı və ölçüsünün ərizəyə əlavə edilməməsi ilə əsaslandırılmağa çalışılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın yəmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etmişdir ki, 24 may 2005-ci il tarixində Sumqayıt bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı və sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı müəyyən olunmuşdur. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi rəy möhürlə təsdiqlənməmiş, “Torpaq sahəsinin plan və ölçüsü” sənədi ərizəyə əlavə olunmamışdır. Ödəniş bank vasitəsilə aparılmamışdır. Eləcə də, Novxanı bağ massivində 4959V saylı torpaq sahəsi X4 adına **********67 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Həmçinin torpaq sahəsi Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. İş materiallarında olan: - Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı protokol qərarından görünür ki, Novxanı bağları ərazisində sahəsi 1000 kv m olan 4959v saylı bağ torpaq sahəsinin Ağayeva Nənəş Ədalət qızının mülkiyyətinə verilməsi qərara alınmışdır. - Sumqayıt şəhər bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinin planından görünür ki, həmin sənəd N.Ağayevaya ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. - DT və XK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Ağayeva Nənəş Ədalət qızına 4959V saylı bağın 1000 kv.m torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmir. - 23 noyabr 2024-cü il tarixli, 017353 saylı qəbzdən görünür ki, Ağayeva Nənəş Ədalət qızı Sumqayıt bələdiyyəsinin hesabına 6 000 000 manat torpaq pulu ödəmişdir. - AZ-İ 457654 nömrəli nikah haqqqında şəhadətnmədən görünür ki, Ağayeva Nənəş Ədalət qızı xx.xx.2008-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. - MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4959V nömrəli 0,10 ha bağ sahəsi X4 mülkiyyətindədir. - AA 000470 nömrəli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd Ə.Ağayevə ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -xx.xx.2023-cü il tarixli N.Ağayevaya ayrılmış 0,10 ha torpaq sahəsinin müayinə aktından görünür ki, texniki inventallaşdırma işləri aparıldı. Torpaq sahəsi daxilində tikinti yoxdur, torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçmir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X5 ayrılmış 4959b saylı bağ torpaq sahəsi ilə qeydiyyata alınmış 4959v saylı bağ torpaq sahəsi eyni bağ sahəsidir. Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarxili, 17 saylı qərarı ilə Məmmədova (Ağayeva) Nənəş Ədalət qızının mülkiyyətinə verilmiş 4959v bağ torpaq sahəsinin koordinatları ilə X4 adına qeydiyyata alınmış bağ torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-cı ildə tərtib edilmiş “Torpaq sahəsinin planı” sənədində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmadığından yerləşmə mövqeyinin uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. Sumqayıt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 15 saylı protokoluna əsasən xx.xx.2005-ci il tarixli 17 saylı protokol ləğv edilmişdir. Bundan sonra X5 4959b nömrəli bağ torpaq sahəsi deyil 4959v nömrəli bağ torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin sxem üzrə ardıcıllıqları eyni olsa da, bağ torpaq sahələrinin ardıcıllıqla nömrələnməsi dəyişdirilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının tərtib edilməməsi, yerquruluşu planından çıxarışın DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş rəyin möhürlə təsdiq edilməməsi iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtib edilməsi iddiaçının deyil, bələdiyyənin və müvafiq dövlər otqanlarının vəzifələrinə aid olmuşdur. Bundan başqa cavabdeh etirazında göstərmişdir ki, torpaq sahəsinin plan və ölçü sənədi ərizəyə əlavə olunmamış, ödəniş bank vasitəsilə aparılmamış, 4959V saylı torpaq sahəsi X4 adına **********67 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir və torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerquruluşu planından çıxarış təqdim edilmişdir, həmin plan əsasında torpaq sahəsinin yerinin müəyyən edilməsi mümkündür. İşü zrə alınmış mütəxəssis rəyi ilə Ağayeva Nənəş Ədalət qızına və X5 ayrılmış torpaq sahələrinin üst-üstə düşmədiyi, yəni ayrı-ayrı torpaq sahələri olması müəyyən edilmişdir. Torpaq sahələrinə eyni nömrə verilməsi yenə də iddiaçının məsuliyyət sferasına aid məsələ deyildir və bu hala görə o, mülkiyyət hüququndan məhrum edilə bilməz. Bundan başqa cavabdeh Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşidiyini bildirsə də, bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından müəyyən edilir ki, Sumqayıt bələdiyyəsinin qərarı əsasında ayrılmış bağ torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ qeydə alınmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış sahəsi 1000 kv m olan bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyicavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar