Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5360/2024 15.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi ilə İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə (SOCAR) qarşı "cavabdeh tərəfindən ona dəymiş 10000 manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması" tələbinə dair işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin ərazi aidiyyəti ilə bağlı müzakirə aparılması üçün tərəflər məhkəmə iclasına dəvət edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, ərazi aidiyyəti ilə bağlı xüsusi qayda İPM-in 8.1.1-8.1.3-1-ci maddələrdə nəzərdə tutulmuşdur. Qeyd edilən normaların təsir dairəsinə düşmədiyi hallarda iddia tələbi üzrə ərazi aidiyyəti ümumi qaydaya görə müəyyən olunur, yəni iddia tələbinə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM-in 8.1.4-cü maddəsi). Hazırkı işdən müəyyən olunur ki, iddia tələbi üzrə mübahisə ərazi aidiyyətinin qeyd edilən xüsusi qaydalarına, yəni İPM-in 8.1.1-8.1.3-1-ci maddələrində göstərilən iddialara aid deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona dəymiş 10000 manat maddi zərərin ödənilməsini istəyir. 15 avqust 2024-cü il tarixdə elektron kabinetindən daxil olmuş ərizəsinə əsasən iddiaçı işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı tərəfindən elektron kabinetindən daxil olmuş məcburi köçkün statusunu təsdiq edən vəsiqəsindən görünür ki, o, Laçın rayonunundan məcburi köçkündür və faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonunda məskunlaşmışdır. Həmçinin mübahisənin yaranma əsasını fərdi yaşayış evinin qazla təchiz edilməməsi təşkil edir ki, sözügedən yaşayış evi də faktiki olaraq Bakı şəhərində yerləşir. İddiaçının hazırki tələbi ona dəyən ziyanın ödənilməsindən ibarətdir ki, bu halda Məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Cavabdehin yerləşdiyi yer Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğundan hazırkı mübahisəyə baxmağa Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Məhkəmə hazırkı mübahisəyə baxmaq səlahiyyəti olan məhkəmənin Bakı İnzibati Məhkəməsi olmasını nəzərə alaraq hesab edir ki, iddianın mümkünlüyü, iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən formal xətaların aradan qaldırılması, uyğun iddia növünün seçilməsi və s. digər məsələlər üzrə iddiaçıya hüquqi yardımın edilməsini, həmçinin mümkünlük məsələsinin həll edilməsini işə baxmağa səlahiyyətli olan Bakı İnzibati Məhkəməsi edə bilər. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı "cavabdeh tərəfindən ona dəymiş 10000 manat maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması" tələbi barədə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5360/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5360/2024
15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver