Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-538/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hesablanmış pulun ödənilməməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pul məbləğinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8597/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-980/2023 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8597/2023 nömrəli qərarı ləğv edilərək, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 3186 manatın ödənildiyini, 5452,44 manatdan 3186 manat çıxılaraq 2266,44 manat pul məbləğinin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizəsində iddiaçı cavabdehin hərəkətlərinin qanunpozuntusu kimi tanınması, ödənilməmiş 2226.44 manat məbləğində pul vəsaitinin və ödənilmiş 3186 manat pulun indeksləşdirilmiş fərqinin ödənilmsəi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pensiyanın hesablanması barədə ətraflı məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə SS726795894AZ ştrix kodlu sifarişli-xəbəmaməli məktubla göndərmiş və poçt xəbərnaməsindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə ünvançıya rəsmi qaydada təqdim edilmişdir. "xxxx" MMC-nin ********* nömrəli məxaric qəbzinə əsasən SS726795894AZ ştrix kodlu sifarişli-xəbəmaməli poçt göndərişinə görə 1,17 AZN pul ödəmişdir. xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilmədiyindən, müraciətlərinə cavab verilməsi tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(118)462\2022 №li müşaiyyət məktubu ilə məhkəmə işində olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevin imzası ilə xidməti məktubun surətini almışdır. Bir neçə illər pulu əskik verildiyinə görə uzun müddətdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəni alsa da, məlumatları ondən qəsdən gizlədirdi. Korrupsiya ilə mübarizə haqqında qanunun 9.3.8-ci maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Pensiya işinin surətinin məlumat üçün iddiaçıya verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizəni DSMF Publik Hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sifarişli-xəbəmaməli məktubla göndərmişdir və poçt xəbərnaməsindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə ünvançıya rəsmi qaydada təqdim edilmişdir. "xxxx" MMC-nin ********* nömrəli məxaric qəbzinə əsasən SS**********AZ ştrix kodlu sifarişli-xəbəmaməli poçt göndərişinə görə 1,17AZN pul ödəmişdir. Pensiya işinin surətinin məlumat üçün iddiaçıya verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizəsi DSMF Publik hüquqi şəxsinə sifarişli-xəbəmaməli məktubla göndərilmiş və poçt xəbərnaməsindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə ünvançıya rəsmi qaydada təqdim edilmişdir. "xxxx" MMC-nin ********* nömrəli məxaric qəbzinə əsasən SS746691 1872AZ ştrix kodlu sifarişli-xəbəmaməli poçt göndərişinə görə 1,17 AZN pul ödəmişdir. Daha sonra müraciətlərinin icrasının nəzarətə alınması və təcili tədbirlər görülməsi barədə xx.xx.22021-ci il tarixli ərizəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə göndərmiş, poçt xəbərnaməsindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə Nazirliyə rəsmi qaydada təqdim edilmişdir. "xxxx" MMC-nin ********* nömrəli məxaric qəbzinə əsasən SS747077315AZ ştrix kodlu sifarişli-xəbərnaməli poçt göndərişinə görə 1,47AZN pul ödəmişdim. Müraciətlərinə cavab verilmədiyinə görə daha sonra yenə də müraciətlərinin icrasının nəzarətə alınması və təcili tədbirlər görülməsi üçün xx.xx.2022-ci il tarixli ərizəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə göndərmi, poçt xəbərnaməsindən göründüyü kimi xx.xx.2022-ci il tarixdə Nazirliyə rəsmi qaydada təqdim edilmişdir. Azərpoçt MMC-nin ********* nömrəli məxaric qəbzinə əsasən SS766268406AZ ştrix kodlu sifarişli-xəbərnaməli poçt göndərişinə görə 1,87AZN pul ödəmişdim. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Kərim Sarıyevin xx.xx.2021-ci il tarixli **********1 nömrəli cavab məktubunda yazmışdır: pensiya işinizə aid sənədlər Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına aid olduğundan həmin sənədlərin sizə göndərilməsi mümkün hesab edilmir. Göründüyü kimi, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məlumatları məndən qəstdən gizlədirdi. Korrupsiya ilə mübarizə haqqında qanunun 9.3.8-ci maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Bu Qanunun tələblərinə müvafiq məhkəmədən cavabdehin hərəkətlərinə (hərəkətsizliyinə) qiymət verilməsini xahiş edir. xx.xx.2022-ci il tarixli ərizəsi DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevə göndərilmiş və həmin ərizədə xahiş etmişdir ki, xx.xx.2019xx.xx.2021-ci il tarixlər arasındakı dövr üzrə ümumilikdə hesablanmış 3186,00 manat fərq məbləğini hissə-hissə yox, müvafiq kart hesabıma birdəfəlik iddiaçıya təcili ödənilsin və bu haqda iddiaçıya təcili məlumat göndərilsin. xx.xx.2019-xx.xx.2021-ci il tarixlər arasındakı dövr üzrə ümumilikdə hesablanmış 3186,00 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə müvafiq kart hesabıma köçürülməsi nəzərdə tutulmuşdur. Lakin, 2021-ci ilin avqust ayından sonra bu günə kimi bir qəpik də olsun iddiaçının kart hesabına pul köçürülməmişdir. 3186,00 manat fərq məbləğinin hissə-hissə yox, tam olaraq dərhal müvafiq kart hesabıma köçürülməsini istəyir. Almalı olduğu pulun dəyəri gündən-günə itir və iddiaçıya ziyan vurulur. Lakin, ərizəni alsalar da, pulu ödənilməmişdir, iddiaçıya heç bir məlumat verilməmişdir. Məhkəməyə qədər pretenziya qaydasında xx.xx.2022-ci il tarixli ərizəni Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizənin göndərilməsi üçün SS780796222AZ ştrix kodlu sifarişli poçt göndərişinə görə Azərpoçt MMC-nin ********* nömrəli məxaric qəbzinə əsasən SS780796222AZ ştrix kodlu sifarişli poçt göndərişinə görə 0,97 AZN pul ödəmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına SS780795709AZ ştrix kodlu sifarişli poçt göndərişinə görə Azərpoçt MMC-nin ********* nömrəli məxaric qəbzinə əsasən SS780795709AZ ştrix kodlu sifarişli poçt göndərişinə görə 0,97 AZN pul ödəmişdir. 122438 №-li pensiya işinə dair Pensiyanın hesablanması haqqında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarından göründüyü kimi, xx.xx.2019-cu il tarixdən 667,64 manat hər ay ödənilməli olduğu halda, 548,84 manat ödənildiyindən əskik ödənilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izah etdi ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 dekabr 2013-cü il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq stajına görə əlavəsi 73,82 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 163,16 manat olmaqla orta aylıq əməkhaqqını 776,98 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 11 il 10 ay 08 gün qulluq stajına uyğun olaraq orta əməkhaqqının (776,98 manat) 60 faizi - 466,19 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il 01 iyul tarixədək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əməkhaqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 11 il 10 ay 08 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 39,44 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 595,00 manat, qulluq stajına görə əlavəsi 81,34 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 179,78 manat olmaqla orta aylıq əməkhaqqı 856,12 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 mart 2018-ci il tarixədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (776,98 manat) ilə 01 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqının (856,12 manat) arasındakı fərq məbləğinin (79,14 manat) 39,44 faizi-31,21 manat 01 mart 2018-ci il tarixədək 497,40 manat məbləğində hesablanmalı olduğu halda, 421,80 manat müəyyən edilməklə xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı 453,60 manat əskik pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixdən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə əlavəsi 122,35 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 270,42 manat olmaqla orta aylıq əməkhaqqı 1287,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (856,12 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (1287,77 manat) arasındakı fərq məbləğinin (431,65 manat) 39,44 faizi-170,24 manat 01 mart 2019-cu il tarixədək hesablanmış pensiyanın (497,40 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 667,64 manat məbləğində hesablanmalı olduğu halda, 548,84 manat müəyyən edilməklə xx.xx.2019-31,07.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ona 2732,40 manat əskik pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin edilmiş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çox üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən İddiaçı əmək pensiyası üzrə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə hesablanmış 3186,00 manat fərq məbləğinin cari aydan etibarən hissə-hissə müvafiq kart hesabına köçürülməsi təmin edilmişdir. İş üzrə mütəxəssis qismində dəvət edilmiş X5 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin aparıcı mütəxəssisi X2 izah etdi ki, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun şəkildə hesablanmış və hər hansı yanlışlığa yol verilməmişdir. İddiaçı 11 il 10 ay 08 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 39,44 faiz təşkil edir. İş materiallarında olan : -Əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən İddiaçı əmək pensiyası yenidən hesablanaraq pensiyası 548,84 manat qeyd edilmişdir. - Məhkəmənin sorğusuna əsasən İddiaçı barəsində inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırkı inzibati mübahisə iddiaçıya 01 mart 2019- cu il tarixdən 667,64 manat hər ay pensiya məbləği ödənilməli olmasına baxmayaraq 548,84 manat məbləğin ödənilməsi, nəticədə 3186 manat məbləğində ödənilməmiş məbləğin məhz ödənilməməsi nəticəsində yaranmışdır. Belə ki, iş materiallarında olan əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, ona 548 manat 84 qəpik pul ödənilsə də, daha sonra iddiaçının müraciəti nəzərə alınmaqla 667 manat 64 qəpik məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xidməti məktubdan da görünür ki, iddiaçıya əmək pensiyasının yuxarıda göstərilən tarix üzrə göstərilən məbləğdə əskik ödənildiyi qəbul edilmiş, məbləğin hissə-hissə müvafiq kart hesabına köçürülməli olması qeyd edilmişdir. İddiaçının məhkəmə təqdim etdiyi iş materiallarının 16-cı səhifəsində olan ödənilməsini iddia etdiyi məbləğin hesablanma qaydasından görünür ki, 01 iyul 2021-ci il tarixinə ödənilməmiş pensiya məbləğinə dair "İcbarı sığortalar haqqında” Qanunda nəzərdə tutulan hər gecikdirilmiş gün üçün məbləğin 0,1 faizi həcmində dəbbə pulunun, yəni iddiaçının hesablanmasına əsasən sonda yaranmış 1310,54 AZN məbləğin, həmçinin də görünür ki, ən son yaranmış faiz məbləği kimi 95,59 AZN-nin bundan sonra ödənilməməsi nəticəsində hər ay üçün ödənilməsini tələb edir. Doğrudur iddiaçı iddia tələbinə dəqiqləşmə verərək həmin məbləğin sonradan ödənilməsi səbəbindən iddiasından həmin hissədə imtina etsə də məbləğin ödənilməməsi səbəbindən yerdə qalan 2266,44 manatın cavabdehdən tutulmasında, həmçinin ödənilmiş hissəyə (3186 manat) münasibətdə indeksləşdirilmiş fərqin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Ümumiyyətlə hazırda 2266,44 manatın və ödənilmə aparılanadək aylıq əlavə ödəmələrin həyata keçirilməsinə münasibətdə iddianın hüquqi əsasından görünür ki, iddiaçı "İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə istinad etmişdir. Həmin maddədən görünür ki, sığortaçı sığorta ödənişini bu qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Yuxarıda adıçəkilən Qanunun, onun müddəalarının o cümlədən dəbbə pulunun ödənilməsi ilə bağlı müvafiq maddənin tələblərindən də müəyyən edilir ki, göstərilən formada ödənilməmiş məbləğə münasibətdə gecikdirilmiş gün üçün nəzərdə tutulan dəbbə pulu sığorta münasibətlərinin iştirakçıları arasında yaranan mübahisələrin tənzimlənməsi ilə əlaqədardır. Hazırkı mübahisədə həmin müddəaların tətbiqindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur. Belə ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi fiziki şəxs ona dəymiş ziyanın inzibati orqandan mülki qanunvericilik müddəalarının tələbləri baxımından tələb etmək hüququna malikdir. Lakin, həmin zərərin mövcudluğunun təsdiq edilməsi mütləqdir. Bu zaman, iddiaçı birbaşa iddia ərizəsində göstərməsə belə iddianın mahiyyətindən də görünür ki, iddiaçı ona pulun gec ödənilməsinə görə dəbbə pulunun və aylıq əlavənin ödənilməsini iddia etməklə, əslində ona dəymiş maddi zərərin kompensasiyanı tələb edir. Bu zaman isə, məhkəmə hesab edir ki, iddiaçıya göstərilən formada zərərin cavabdehin hərəkətləri nəticəsində dəyməsi halı müəyyən edilməlidir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Belə ki, zərərin məbləği ilə bağlı iddiaçı yalnız öz hesablama qaydasını təqdim etmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbləri isə zərərin konkret hansı məbləğdə vurulmalı olması ilə bağlı konkret şərtlər qoymuşdur. Bu zaman, real zərərin,əldən çıxmış faydanın konkret məbləğini təsdiq edəcək sənədlərin iddiaçı tərəfindən təqdim edilməsi mütləqdir ki, iddiaçı hal-hazırda təkcə məbləğin gec ödənilməsinə istinadən dəbbə pulu və aylıq əlavənin ödənilməsini istəyir ki, cavabdehin məbləği gec ödəməsi ilə güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Məhkəmə qeyd edir ki, iddiaçı ona vurulmuş zərərin konkret nədən ibarət olduğunu müəyyən etməli və zərərin məbləğini müəyyən etməyə imkan verən real sübutlar təqdim etməmişdir. Bundan əlavə aylıq ödənişlərin ödənilməsi ilə bağlı tələbin də təmin əsası mövcud deyildir. Belə ki, iddiaçı həmin məbləğin hər ay ona ödənilməsini tələb etsə də həmin tələbin qanuni əsası kimi çıxış edə biləcək norma mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının zərərininin məbləği heç bir sübutla təsdiq edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-538/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-538/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver