Məhkəmə qərarları › İş №2-1(118)-539/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-539/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-539/2020 22.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “02.03.1997-ci il tarixindən 30.12.2005-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyəti üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına hesablanması və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1958-ci ildə Ağsu rayonunda anadan olmuş və yaşı ilə əlaqədar olaraq ona əmək pensiyası təyin edilməsi ücün 06.08.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir.Lakin cavabdeh inzibati orqan onun ərizəsini təmin etməmiş, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 17245.00 manat pensiya sığorta kapitalına qarşı, fərdi hesabın sığorta hissəsində 12703.36 manat pensiya kapitalının olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğunu, eyni zamanda onun əmək kitabçasında qeyd olunan 02.03.1997-ci il il tarixdən 30.12.2005-ci il tarixədək yoxlama zamanı onun həmin müəssisədə işləmək faktı təsdiq olunmadığı ücün yoxlanılması mümkün olmadığından, həmin dövrləri onun sosial sığorta stajına daxil edilməsinin qanuna zidd olduğunu göstərərək, yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizəsindən qanunsuz olaraq imtina etmiş, bununla da onun konstitusion və sosial təminat hüquqlarını pozmuşdur. O cavabdehin 03.10.2019-cu il tarixli,**********6 saylı imtinasını qanunsuz hesab edir.Belə ki, 02.03.1997-ci il il tarixdən 30.12.2005-ci il tarixədək Ağsu rayon İstehlak Cəımiyyəti üzrə 2 nömrəli mağazada satıcı vəzifəsində işləmişdir.Cavabdeh tərəfindən aparılan yoxlama zamanı onun həmin müəssisədə işləmək faktı təsdiq olunmadığı ücün yoxlanılmasının mümkün olmaması onun təqsiri deyildir, o, həmin sənədlərin saxlanılması və yoxlanılmasına məsul olan şəxs deyildir. O işləmiş və əmək kitabçası var. Şəxsə əmək pensiyası təyin edilməsi üçün isə əmək kitabçası əsasdır. Bu hal qanunvericilikdə də öz əksini tapmışdır.Bunlara görə də onun yuxarıda qeyd edilən müəssisədə işlədiyi müddətlər əmək stajı kimi hesab edilməklə onun sosial sığorta stajına daxil edilməli, ona hüququnun yarandığı dövrdən yaşa görə əmək pensiyası təyin edilməli və cavabdehin imtinası qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmani ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır. Şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlüsünüz, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 17245.00 manat pensiya sığorta kapitalına qarşı fərdi hesabınızın sığorta hissəsində 12703.36 manat pensiya sığorta kapitalının olması səbəbindən, Ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Qeyd: Məlumat üçün bildirilir ki, Ona pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd edilən 02.03.1997-ci il tarixdən 30.12.2005-cı il tarixədək sosial sığorta stajınızın yoxlanılması zərurəti yaranmışdır. Yoxlanılması üçün müvafiq qaydada sorğu edilmişdir. Lakin qeyd edilən dövrlərin onun müəssisədə işləmə faktı təsdiq olunmadığı üçün yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının əmək fəaliyyətini əks etdirən əmək kitabçasında qeyd olunan təşkilatlardan onun orada işləməsi barədə məlumat almaq mümkün olmamışdır və buna görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi X3 eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Sumqayıt şəhər şöbəsinin 03.10.2019-cu il tarixli,**********6 saylı imtina məktubu, ИТ-İ ******* nömrəli Əmək kitabçasının surəti, Ağsu Rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 12 nömrəli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Cavabdehin 03.10.2019-cu il tarixli,**********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:Əmək kitabçası;əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ;sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 02.03.1997-ci il tarixindən 30.12.2005-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyəti üzrə 2 nömrəli mağazada, Əmək kitabçasında qeyd olunan müəssisələrdə müxtəlif müəssisələrdə işləmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddədlər Əmək kitabçasına və arxiv arayışına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək kitabçasında qeyd olunan müəssisələrdə və Ağsu Rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 12 nömrəli arayışına görə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 ildir. İddiaçının xx.xx.1958-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 61 yaşında, yəni hüququn yarandığı 06.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrdə və Ağsu Rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 12 nömrəli arayışında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı 04.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrdə və Ağsu Rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 12 nömrəli arayışında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı 04.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar