Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-539/2021 17.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Vüsal Xəlilov küçəsi, 16 saylı fərdi yaşayış evininin altındakı 165,8 kvadrat metr torpaq sahəsinin adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS-nin 17.11.1989-cu il tarixli sərəcamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış sahəsində fərdi yaşayış evi inşa etmək üçün iddiaçıya 165.8 kvadrat metr torpaq sahəsi ayrılmışdır. 1989-cu ildə həmin Sərəncama əsasən fərdi yaşayış evinin texniki pasportu tərtib və təsdiq edilmişdir. Sərəncamla tikinti işlərinin layihə sənədləri əsasında aparılmalı olduğu iddiaçıya izah edilmiş, tikinti işləri aparılan sahənin və ətraf ərazinin texniki-sanitar normalarının tələblərinə uyğun, təmiz saxlanılması tapşırılmış, sərəncamın surəti Qəsəbə Nümayəndəliyinə və iddiaçıya göndərilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 27.03.1997-ci il tarixli, 66 saylı sərəncamı ilə qərara alınmışdır ki, (l-ci bənd) Xırdalan qəsəbəsinin Bakı Quşçuluq fabrikinin ətrafındakı yaşayış massivində tikilimiş sanitartexniki normaları pozmayan, yeraltı kommunikasiya xəttlərinin üstündə olmayan və yüksək gərginlik xəttlərinin altında yerləşməyən, yaşayışa uyğun evlərə texniki pasport və qeydiyyat vəsiqəsi verilməsini: daha sonra sərəncamın 2-ci bəndinə əsasən Abşeron rayonlararası X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin rəhbərliyinə tapşırılsın ki, həmin evlərin sənədləşdirilməsi zamanı müvafiq qaydada küçələrin adlandırıb, evlərin nömrələnməsi işini Xırdalan qəsəbə nümyəndəliyi ilə birlikdə təmin etsin. (08.01.2020-ci il tarixli, f-01 saylı arxiv arayışının əsli əlavə edilir). Daha sonra, qaydalara uyğun olaraq tikilinin lahiyəsi tərtib və təsdiq edilmişdir. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini və rayonun Baş memarı tərəfindən tikilinin layihəsi imzalanaraq dairəvi möhürlə təsdiq edilmişdir. 1989-cu ildən iddiaçı həmin ünvanda iki mərtəbəli fərdi ev inşa edərək ora köçüb ailəsi ilə birgə yaşayır. Sonradan sərəncamı və digər sənədləri itirdiyi üçün bərpa edilməsi münkün olmadı. İstifadə etdiyi ərazinin böyük olduğunu nəzərə alaraq, ərazi üzrə Abşeron Bələdiyyəsinə müraciətlər etdi. Belə ki, faktiki olaraq istifadəsində olan 165.8 kvm sahənin adına sənədləşdirilməsini xahiş etdi. Çünki sərəncamda göstərilən sahədən əlavə hissə adına sənədləşdirilməmiş qalmışdır. Lakin,sənədləşdirilməmiş qalan hissə eyni şəkildə həmin dövrdən hal-hazıradək iddiaçının faktiki sahibliyində və istifadəsində olmaqla maddi və fiziki tələblərlə nəzarətində saxlanılır. Həmin torpaq sahəsi üzərində inşa etdiyi əmlakını, eləcə də, ətrafındakı əmlak ilə birlikdə eyni zamanda öz şəxsi vəsaiti hesabına abadlaşdırılması, saxlanması və dəyərə (qiymətə) minməsi iddiaçı tərəfindən təmin edilib. Qaydalara uyğun olaraq iddiaçı əmlak, torpaq və digər ödənişləri yerinə yetirir. Bununla bağlı istifadəsində olan ərazinin xeyrinə hüquqi nəticələrinin başa çatdırılmasına, habelə maddi və mənəvi zərərlərin qarşısının alınması ilə bağlı maraq və mənafelərinin təmin olunması üçün istifadəsində olan torpaq sahəsinin adına keçirilməsi üçün bir neçə dəfə cavabdehə rəsmi müraciətlər etmişdir. 21.08.2020-ci il tarixli rəsmi müraciətə 08.09.2020-ci il tarixli, 378 saylı cavabla müraciət təmin edilmədən bildirilmişdir ki, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyytada olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edilə bilər. Bir müddət sonra - 07.10.2020-ci ildə iddiaçı yenidən rəsmi ərizə ilə Bələdiyyəyə müraciət etmiş, lakin müraciətin üstündən bir aydan çox müddət keçməsinə baxmayaraq heç bir cavab almamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət təsərrüfatının idarəçiyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnamənin” 1-ci yarımbəndinə əsasən vətəndaşaların qanuni istfasəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Republikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaqların ayrılması, habelə,Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilindiyi, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinin, eləcə də, ” Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci maddəsinin tələbinə görə isə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə verilməsi, habelə, hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyə qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqəsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilməsini, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-2Q saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələlərinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texiniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərin uyğunluğu baxımından rəy bildirməsi 01.01.2017-ci il tarixdən etibarən müvvəqəti dayandırıldığından istifadəsində olan torpaq sahəsinin rəsmiləşdirilməsi münkünsüzlüyü ilə bağlı Bələdiyyənin 08.09.2020-ci il tarixli ,378 saylı məktubla cavab verilmiş, bununla da iddiaçının konstitusiya ilə müəyyən edilmiş və qanunla qorunan hüquqları pozulmaqla, mənafeyinə zərər vurulmuşdur. Beləliklə, Bələdiyyənin hərəkətlərinin (hərəkətsizliyinin) qanusuz hesab edilərək, 08.09.2020-ci il tarixli, 378 saylı məktubu ilə müşayət olunan hərəkətlərinin “İnzibati İcraat haqqında Qanun”un normaları ilə müəyyən olunan tələbləri kobud şəkildə pozaraq tələbin təmin edilməsindən imtina olunmuşdur. Aşağıdakı əsaslara görə Xırdalan Bələdiyyəsinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Bələdiyyənin 08.09.2020-ci il tarixli, 378 saylı cavabının qanunsuz və əsassız hesab edilməsi, eləcə də, hüquqlarının bərpa edilməsi ilə bağlı tələbinin hüquqi əsaslı olmasını hesab edir. Bələdiyyəyə sonuncu dəfə 07.10.2020-ci ildə rəsmi ərizə göndərərək faktiki istifadədə olan həmin torpaq sahəsinin adına sənədləşdirilməsi barədə qanunla müəyyən edilmiş tədədbirlərin həyata keçrilməsinə sərəncam verilməsini xahiş etdi, lakin üstündən bir aydan çox müddət ötməsinə baxmayaraq iddiaçıya heç bir cavab verilməmişdir. Ona gərədə məhkəməyə müraciət etməyə məcbur oldu. İş üzrə təqdim olunmuş sənədlərdən göründüyü kimi Abşeron rayonu, Xırdalan qəsəbəsinin Quşçuluq yaşayış sahəsinin, Vüsal Xəlilov küçəsi 16 saylı, sahəsi 165.8 kvm.olan fərdi ev və altındakı torpaq sahəsi 17.11.1989-cu ildə Abşeron rayon XDS-nin sərəncamı ilə fərdi yaşayış evi tikitisi məqsədilə ayrılmışdır. (fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surəti əlavə edilir - 4 vərəqdə). Abşeron XDS və Abşeron rayon Baş memarı tərəfindən ayrılmış torpaq sahəsinin eskiz layihəsi razılaşdırılaraq təsdiq edilmişdir. Sonradan istifadə etdiyi ərazinin artıq olmasını nəzərə alıb (4.2kvm) Bələdiyyəyə müracət etmiş, lakin ona imtina edilmişdir. Təqdim edilmiş ərazinin planından və eskiz layihəsindən göründüyü kimi iddiaçıya məxsus Quşçuluq yaşayış sahəsində Vüsal Xəiliov küçəsi 16 saylı evin ümumi sahəsi 165.8 kvadrat metr olan göstərilən ölçülərlə və ara məsafələrdə inşa etdiyi tikili torpaq sahəsi ilə birlikdə müstəqil, təhlükəsiz, maneə yaratmayan, digərinin hüquq və mənafelərinə zərər vurmayan vahid əmlak kütləsidir. Həmin dövrdən hal-hazıradək iddiaçının faktiki istifadəsində olan ümumi torpaq sahəsi 170 kvm. təşkil edir. Bu torpaq sahəsinin və qalan 4.2kvm. hissəsinin icarə hüquqları ilə adına ayrılmasına və qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq ödənişlərin yerinə yetrilməsinə hazırdır. Eyni zamanda,qeyd olunan ərazidə hər-hansı digər əsaslı tikinti ilə bağlı əlavə razılaşdırma tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmadığından Bələdiyyənin göstərilən xüsusatlarla cavab verməsinə heç bir hüquqi əsas yaratmır. “Torpaq sahəsinin adına keçrilməsinə” dair ərizənin təmin edilməsindən Bələdiyyənin 08.09.2020-ci il tarixli, 378 saylı cavabı ilə imtina edilmişdir. “Bələdiyyə torpaqlarının ayrımasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında” Əsasnamənin müddəalarına uyğun olaraq torpaq sahələrinin, kateqoriyası, növü, xüsusiyyətləri, habelə təyinatı əvvəlcədən müəyyən edilməklə hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə “tələb-təklif” qaydasında ayırır. Eyni zamanda, torpaq sahələrinin ayrılması prosedurları “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun normaları ilə tənzimlərinir. Sonuncu 07.10.2020il tarixli ”faktiki istifadədə olan torpaq sahəsinin adına sənədləşdirilməsi” barədə ərizəyə isə heç bir cavab verilməmişdir. Halbuki ərizə verdiyi tarixdən bir ay vaxt keçmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Vüsal Xəlilov küçəsi, 16 saylı fərdi yaşayış evininin altındakı 165,8 kvadrat metr torpaq sahəsinin adına sənədləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasına etirazının olmamasını bildirdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin ediməməsini məhkəmədən xahiş etdi. Cavabdeh 17.05.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin arayışı, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, torpaq sahəsinin planı, “xxxx” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində iddiaçıya məxsus mövcud yaşayış evinin eskiz layihəsi, daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarış, cavabdehin etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təstiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “X2 edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Hazırkı iddia tələbini araşdırarkən məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış sahəsində fərdi yaşayış evi inşa etmək üçün iddiaçıya 165.8 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İnzibati orqan öz imtinasını onunla əsaslandırır ki, həmin torpaq sahəsi yalnız açıq hərrac vasitəsi ilə iddiaçıya satılmalıdır. Məhkəmə cavabdeh təşkilatın gətirdiyi arqument ilə razılaşmır. Belə ki, cavabdeh təşkilatının özünündə istinad etdiyi 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 10-cu bəndinə əsasən “X2 edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından vətəndaşdan geri alına bilməyən torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi zamanı açıq hərrac keçirilməsinə zərurət yoxdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı 1989-cu ildən, yəni 5 ildən artıq müddətdir ki, qeyd olunan ərazinin sakinidir və ailəsi ilə birlikdə həmin ünvanda inşa edilmiş fərdi yaşayış evində yaşayır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən verilmiş etirazın əsaslığı üçün gətirdiyi arqument əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Vüsal Xəlilov küçəsi, 16 saylı fərdi yaşayış evininin altındakı 165,8 kvadrat metr torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi (yəni torpaq səhəsinin ayrılması) vəzifəsi cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-539/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-539/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver