Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5393/2025 28.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçı X2 aid Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 26 iyun 2024-cü il tarixli, ******* nömrəli bakalavriat səviyyəsi üzrə diplomun Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Təhsildə X1rşı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və İddiaçı aid Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 26 iyun 2024-cü il tarixli, ******* nömrəli bakalavriat səviyyəsi üzrə diplomun Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-2024-cü tədris illəri ərzində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində Fövqəladə halların xəbərdar edilməsi və ləğv edilməsi ixtisası üzrə bakalavriat səviyyəsi üzrə qiyabi təhsilalma formasında ali təhsil almışdır. Təhsil dövründə ümumdünya səviyyəsində pandemiya şəraiti yarandığından təhsilalma müddətinin bir hissəsi distant formada həyata keçirilmişdir. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı 24 iyun 2024-cü il tarixli, ******* nömrəli ali təhsil haqqında sənəd (diplom) verilmişdir. İddiaçı tərəfindən həmin ali təhsil haqqında sənədin tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminat Agentliyinə müraciət olunmuşdur. Lakin cavabdeh Agentliyin qeyd olunan müraciətə dair 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarı ilə diplomun kvalifıkasiyasından imtina edilmişdir. Cavabdeh Agentlik öz qərarını İddiaçı ali təhsil aldığı müddətlə aidiyyatı olmayan ifadələrlə əsaslandıraraq qeyd etmişdir ki, ərizəçinin hər bir tədris ili ərzində sözügedən kvalifıkasiya üçün nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının təhsil müddətində Belarus Respublikası ərazisində olmaması ilə bağlı mülahizələri əsassız xarakter daşıyır. Bu arqument iddiaçının xarici pasport məlumatları ilə təkzib olunur. İddiaçı Koronovirus pandemiyası başlayana qədər həmin ölkəyə dəfələrlə səfər etmiş, təhsilini davam etdirmişdir. Pandemiya dövründə isə distant qaydada dərslərə qoşulmuş, nəticədə bütün fənnlər üzrə bilikləri mənimsəyərək müvafiq qaydada qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsi ilə təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra-Agentlik) qarşı Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası (bakalavr/qiyabi) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-getməyib (İ semestr) (İİ semestr pandemiya dövrü) İİ il-getməyib (pandemiya dövrü) İİİ il-getməyib (pandemiya dövrü) İV il-14 gün V il-1 ay İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifıkasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2025-ci il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi təmin edilməməlidir:
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərər aiddir: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixl imtina qərarı; ДИ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli bakalavr diplomun surəti və digər sənədlər aiddir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən məcburetmə iddia növünə aidddir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki iddia həmçinin mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı 2019-2024-cü illər arasında Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması mühəndisi” ixtisası üzrə əyani təhsil almış və ona bu barədə ДИ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli bakalavr diplomu verilmişdir. İddiaçı qeyd edilən diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, lakin cavabdeh tərəfindən 19 mart 2025-ci il tarixli imtina edilməsi barədə qərarı ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə inzibati iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, cavabdehin qeyd edilən qərarı əsassızdır. Belə ki, Təhsil haqqında Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Həmin Qanunun 27.2-ci maddəsinə əsasən Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2.-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixlli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27-8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın (bundan sonra mətndə-Qaydalar) 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-3.6-cı bəndində göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibbi təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramı üzrə müəyyənləşdirilir. Bakalavriat (əsas(baza ali) tibbi təhsil) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləndirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma-fulltime və tədrisə qismən cəəlb olunma – parttime) qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramının təsdiq edilməsi haqqında Qərarının 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən);- sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiyaya qoşulmaq barədə” Azərbaycan Respublikasının 05 mart 2004-cü il tarixli, 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 11961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur. Həmin Konvensiyanın 1-ci maddəsinə görə Bu Konvensiya razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatmı və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Buna baxmayaraq, bu Konvensiya aşağıdakılara tətbiq edilmir: a) diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə; b) kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə. Həmin Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. 4-cü maddəyə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normaiv-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdən çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 0195/e nömrəli, xx.xx.2021-ci il tarixli (2ci kurs imtahan sessiyasında 2021-ci ilin aprel ayının 11-dən 24-dək 14 təqvim günü müddətinə); 0164/e nömrəli, xx.xx.2022-ci il tarixli (3-cü kurs imtahan sessiyasında distant formada iştirak etməsi üçün 2022-ci ilin mart ayının 14-dən 28-dək 15 təqvim günü müddətinə); 0738/e nömrəli, xx.xx.2022-ci il tarixli (2022-ci ilin sentyabr ayının 14dən 27-dək 14 təqvim günü müddətinə); 0151/e nömrəli, xx.xx.2023-cü il tarixli (2023-cü ilin mart ayının 28-dən aprel ayının 10-dək 14 təqvim günü müddətinə); 0968/e nömrəli, xx.xx.2023-cü il tarixli (5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü); 0453/e nömrəli, xx.xx.2024-cü il tarixli (26 may 2024-cü il tarixindən 26 iyun 2024-cü il tarixədək 32 təqvim günü müddətinə) əmrlərinə əsasən İddiaçı ödənişli təhsil məzuniyyəti verilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia məcburetmə haqqında iddia olduğundan, inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırki inzibati işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə vəzifəsi iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə inzibati iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası sadalanan maddi hüquq normalarının tələblərinə uyğun gəlmir və əsassızdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbinə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarı ləğv edilməli və İddiaçı aid Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin 26 iyun 2024-cü il tarixli, ******* nömrəli bakalavriat səviyyəsi üzrə diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə 19 mart 2025-ci il tarixli, NA00037720 saylı qərarı ləğv edilsin. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı verilmiş 26 iyun 2024-cü il tarixli, ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva