Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-54/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin İddiaçı MMC barəsində tərtib etdiyi 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin İddiaçı MMC barəsində tərtib etdiyi 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərarının ləğv edilməsi barədə qərarın qəbul edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra MMC) xx.xx.2018-ci ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərməyə başlamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərarı MMC-yə kameral yoxlama nəticəsində 65.082,94 manat əlavə vergi və ya sosial sığorta haqqı məbləği hesablanmışdır. Qərarda göstərilmişdir ki, tərəfimizdən təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi vəya sığorta haqqı 29.863,87 manat məbləğindədir. Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 35.219,07 manat məbləğindədir. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi kimi göstərilmişdir ki, tərəflərindən əvvəlki il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3-cü ehtiyatlar sətrinin hesabat dövrünün sonuna sütununda əks etdirilmiş ƏDV ilə birlikdə 414936.14 manat məbləğində mal-material qalığı ilə cari il ərzində əldə edilmiş elektron qaimə-faktura üzrə müəyyən edilmiş 16606.84 manat məbləğin və YGB məlumatlarına əsasən alınmış 6429269.69 manat məbləğində mal-materialın cəmi ilə cari ilin müvafiq ayları üzrə tərəfilərindən təqdim edilmiş bəyannamələrin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV ilə birlikdə 6259973.19 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 600839.48 manat olmasına baxmayaraq, keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0.00 manat olması nəticəsində 600839.48 manat məbləğində fərq müəyyən edilmişdir. Cavabdeh tərəfindən öz mülahizələrinə əsasən qəbul etdiyi qərar əsassızdır və müəyyən edilmiş əlavə vergi məbləği düzgün hesablanmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Bildirilir ki, 2020-ci il Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3-cü Ehtiyatlar sətrinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş 351640,80 manat (ƏDV-siz) məbləğində mal-material qalığı ilə cari il ərzində YGB məlumatlarına əsasən alınmış 3971642,87 manat (ƏDV-siz) məbləğində mal-materialların cəmi ilə cari ilin müvafiq ayları üzrə tərəfinizdən təqdim edilmiş bəyannamələrin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV-siz 3961711.76 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 361571.91 manat olmasına baxmayaraq, iddiaçıda xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0 manat olması nəticəsində 361571.91 manat məbləğində fərq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixdə **********607400 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün vergi ödəyicisinə kameral qaydada 65082,94 manat əlavə dəyər vergisi hesablanmışdır. Vergilərin hesablanması barədə xx.xx.2021-ci il tarixli **********992500 nömrəli Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC (VÖEN:**********) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********992500 saylı, 02 iyun 2021-ci il tarixli qərardan görünür ki, keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0.00 manat olması nəticəsində 600839.48 manat məbləğində fərq müəyyən edilmiş, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqının məbləği 65.082.94 manat qeyd edilmişdir. - Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********5298 saylı tələbnamədən görünür ki, iddiaçıdan yoxlama ilə bağlı zəruri bir sıra sənədlərin təqdim olunması tələb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********992500 saylı, 02 iyun 2021-ci il tarixli qərarla və vergi ödəyicisinə ümumilikdə 65.082.94 manat əlavə dəyər vergisi məbləği hesablanmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli №**********5260 Qərara əsasən xx.xx.2021-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək İddiaçı MMC-də operativ vergi nəzarəti həyata keçirir, vergi dövriyəsini müəyyən etmədən, dəqiqləşdirilmiş bəyannamə məlumatlarını əsas götürmədən, cari bəyannamə məlumatını əsas götürürərək, iddiaçıda xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0 manat olmasını, lakin iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 361571.91 manat məbləğində olmasını bildirərək, MMC-yə kameral qaydada 65082,94 manat əlavə dəyər vergisi hesablanmış və bu barədə cavabdeh orqan tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********992500 saylı, 02 iyun 2021-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdeh təşkilatın qeyd olunan qərarın qəbul edilməsinə dair gətirdiyi dəlil ondan ibarətdir ki, 2020-ci il Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3-cü Ehtiyatlar sətrinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş 351640,80 manat (ƏDV-siz) məbləğində mal-material qalığı ilə cari il ərzində YGB məlumatlarına əsasən alınmış 3971642,87 manat (ƏDV-siz) məbləğində malmaterialların cəmi ilə cari ilin müvafiq ayları üzrə tərəfinizdən təqdim edilmiş bəyannamələrin 305-ci əməliyyatlar üzrə cəmi sətrinin ƏDV-siz 3961711.76 manat təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri məbləğinin fərqinin 361571.91 manat olmasına baxmayaraq, iddiaçıda xx.xx.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarət tədbirləri üzrə tərtib edilmiş aktlarda qeyd edilmiş yekun məbləğin 0 manat olması nəticəsində 361571.91 manat məbləğində fərq müəyyən olunmuşdur. Məhkəmə cavabdeh orqannın gəldiyi nəticəni əsassız hesab edir vergi orqanı tərəfindən gətirilən dəlil ilə aşağıdakılara əsasən razılaşmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.5. Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyri-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 67.11. Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. 67.12. Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. 67.13. Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Qeyd olunan Məcəllənin 83.2-ci maddəsinə əsasən 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatlara; 2) bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumatlara; 3) vergi yoxlaması materiallarına; 4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara-yəni idxal-ixrac əməliyyatları barədə rəsmi məlumata əsaslanaraq vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini qeyd olunan məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Məcəllənin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. 159.4-cü maddəyə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır. 159.5-ci maddəyə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 159.6-cı maddəyə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. 159.7-ci maddəyə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 159.8-ci maddəyə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. 159.10-cu maddəyə əsasən bu Məcəllənin 164.1.11-ci, 164.1.15-ci, 164.1.16-cı, 164.1.20-164.1.25-ci, 164.1.33-cü və 164.1.35-ci maddələrinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Məcəllənin 174.2-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ bu Məcəllənin 163.1-ci maddəsində göstərilən halların yarandığı hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174.1-ci maddəsinə uyğun olaraq hesabat dövrü ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir. Məcəllənin 175.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Qeyd olunan hüquq normalarının təhlilindən aydın olur ki, qanunvericilikdə vergi dövriyyəsi müəyyən edilmədən, dəqiqləşdirilmiş bəyənnamə məlumatları əsas götürülmədən, cari bəyannamə məlumatlarını əsas götürməklə əlavə olaraq vergi məbləğinin hesablanması nəzərdə tutulmamışdır. İnzibati iş materiallarından görünüdüyü kimi, kameral vergi yoxlaması zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin yuxarıda adı çəkilən vergilərin hesablanması ilə bağlı maddələrinə istinad edilmədən, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmayan qaydada vergi ödəyicisi olan müəssisəyə ƏDV hesablanmışdır. Cavabdeh inzibati orqan məhkəmə icraatı zamanı İPM-in 14.1-ci maddəsinə əsasən, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdeh qurum həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki inzibati mübahisə üzrə cavabdeh orqan Vergi Məcəlləsinin 83.2-ci maddəsi ilə vergi ödəyicisinin verginin ödənilməsinə cəlb edilməsi istiqamətində verilmiş hüququn vergi ödəyicisinə əlverişsiz olanından istifadə etmişdir. Qeyd olunan Məcəllənin 36.2-ci maddəsi ilə vergi orqanının üzərinə - düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırması vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində tərtib etdiyi 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərar ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində tərtib etdiyi 02 iyun 2021-ci il tarixli **********992500 nömrəli qərar ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-54/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-54/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver