Məhkəmə qərarları › İş №2-1(118)-541/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-541/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-541/2021 01.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Şamaxı rayon Şəhriyar bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi mərhum anası X1 və istifadəsinə ayrılmış Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 53,2 kv.m-dən ibarət olan, 3 otaqlı yaşayış sahəsinin mərhum X4nın adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi mərhum anası X1 və istifadəsinə ayrılmış Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 53,2 kv.m-dən ibarət olan, 3 otaqlı yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək “cavabdehin imtinasının qanunsuz hesab edilməsi mərhum anası X1 və istifadəsinə ayrılmış Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 53,2 kv.m-dən ibarət olan, 3 otaqlı yaşayış sahəsinin mərhum X4nın adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, Şəhriyar bələdiyyəsinin mənzil fonduna aid ümumi sahəsi 60,20 kv.m, yaşayış sahəsi 53,2 kv.mdən ibarət 3 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə, müddətsiz yaşamaq üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsi və müqavilə ilə müəyən edilmiş şərtlərlə 04 yanvar 2015-ci il tarixdə anası X1 və istifadəsinə verilmişdir. Şamaxı rayonu, Şəhriyar bələdiyyəsi ilə X4 arasında 04 yanvar 2015-ci ildə 72 saylı kommunal yaşayış sahəsinin sosial kirayə müqaviləsi bağlanmışdır. Kirayəçinin ailə üzvləri kimi müqavilədə X8 1940-cı il təvəllüdlü, X9 1971-ci il təvəllüdlü, İddiaçı 1972-ci il təvəllüdlü göstərilmişdir. Bu mənzil sahəsi 1960-cı ildən X4nın, qardaşı X7 və onun istifadəsində olmuşdur. 2000-ci ildə o bu mənzili tərk edərək Bak şəhərinə gəlmişdir. Həmin vaxtdan da Bakı şəhərində kirayədə yaşayır. Anası isə son illər xəstəliyi ilə əlaqədar bir müddət Bakıda yaşamışdır. Buna baxmayaraq qardaşı həmin yaşayış sahəsində yaşamaqda davam etmişdir. X12 Abbas qızı 10.04.2020-ci ildə, qardaşı X9 isə 18.01.2020-ci ildə vəfat etmişlər. Hazırda o həmin yaşayış sahəsində faktiki vərəsəliyi qəbul edib və sahiblik edir. Hazırda onlarla qonşuluqda yaşayan şəxslərin yaşadıqları yaşayış sahələri də onların ailəsinə ayrılmış yaşayış sahələri ilə eyni yaşayış sahəsidir. Qonşuluqda yaşayan vətəndaşlar da onlarla eyni vaxtdan 1958-1960-cı illərdən həmin mənzillərdə yaşayırlar. Həmin sakinlərin də adlarına 2015-ci il tarixdə yaşayış sahələrinə sosial kirayə müqaviləsi bağlanmışdır. Bu müqavilələr əsasında yaşayış sahələri bir çox sakinlərin adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hazırda o da mərhum anasının adına olan bu yaşayış sahəsini adına mülkiyyət hüququ ilə qeydiyyata adırımaq və bu barədə çıxarış almaq istəyir. Lakin cavabdeh orqanın 08.09.2020-ci il tarixli, **********19 saylı imtina məktubunda mənzillərin özələşdirilməsinə əsasların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası 2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən, dövlət və ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyəti orqanının sərəncam, order və mənzil kirayə müqaviləsinin olmadığı və mənzilin qanuni istifadələrinə ayrılması barədə hər hansı sənədin əlavə edilmədiyi göstərilmişdir. “Daşınmaz əmlakn dövlət reyestri haqqında Qanunun 8.0-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas təşkil edir. Bu səbəbdən də imtinanı əsassız, qanunsuz və ədalətsiz hesab edir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı ərizə ilə Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin mənzilin onun qanuni istifadəsinə verilməsi barədə hüquqmüəyyənedici sənəd ərizəsinə əlavə olunmamışdır. Mənzilin özəllədirilməsinə əsas verən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi hesab olunur. İddiaçı yaşadığı mənzilin özəlləşdirilməsinə hüquq verən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, onun ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun” 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Üçüncü şəxs Şamaxı rayon Şəhriyar bələdiyyəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, İddiaçı sosial kirayə müqaviləsi ilə yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60,2 kv.m olan, 3 otaqlı yaşayış sahəsi Şəhriyar bələdiyyəsinin mülkiyyətindədir. Həmin mənzil 04 yanvar 2015-ci il tarixli sosial kirayə müqaviləsi ilə iddiaçının anası X1 və istifadəsinə verilmişdir. İddiaçının anası həmin mənzildə çoxdan yaşamış, Şəhriyar bələdiyyəsinin əvvəlki sədri tərəfindən ona həmin mənzilə dair order də verilmişdir. Lakin həmin orderin əsli bələdiyyədə yoxdur. Əvvəlki sədrin dediyinə görə order dövlət arxinə də təqdim olunamışdır. Sonda üçüncü şəxsin nümayəndəsi X2 mənzil üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan : - 04 yanvar 2015-ci il tarixli 72 saylı Kommunal yaşayış sahəsinin sosial kirayə müqaviləsindən görünür ki, Şamaxı rayon Şəhriyar bələdiyyəsi ilə X8 arasında Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən bələdiyyənin mənzil fonduna aid ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 53,2 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi X1 və istifadəsinə verilmişdir. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 075794 saylı, 13 may 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 10 aprel 2020-ci il tarixdə vəfat etmişdir. - 22 may 2000-ci il tarixli, 72 saylı orderin surətindən görünür ki, Şamaxı rayonu Şəhriyar bələdiyyəsi tərəfindən Şəhriyar qəsəbəsində 53.6 kv.m ümumi sahəsi 46.0 kv.m olan yaşayış sahəsi X5 istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 08 sentyabr 2020-ci il tarixli məktubu ilə sözügedən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından görünüdüyü kimi 2009-cu ilin oktyabrın 1-dək bağlanmış sosial kirayə müqavilələri daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsi üçün əsasdır. Lakin iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrini aparan orqana, habelə məhkəməyə təqdim edilmiş Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3 otaqlı yaşayış sahəsinin X1 və istifadəsinə verilməsinə dair sosial kirayə müqaviləsi 04 yanvar 2015-ci il tarixdə bağlanmışdır. Bundan əlavə həmin müqavilə kirayə verən Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin sədri tərəfindən imzalansa da, kirayəçi X8 tərəfindən imzalanmamışdır. Qanunvericilikdə 2015-ci ildə bağlanmış sosial kirayə müqaviləsinin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsası kimi müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən haqlı olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan sənədlər və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, məhkəməyə Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin yaşayış mənzili haqqında 22 may 2000-ci il tarixli, 72 saylı oderinin kserosurəti təqdim edilmişdir. Orderin əsli iddiaçıdan və məhkəmə sorğusu ilə üçüncü şəxsdən tələb olunsa da, onun əsli məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxsin nümayəndəsi tərəfindən qeyd olunan orderin əslinin bələdiyyədə mövcud olmadığı və tərəflərindən arxivə təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə qeyd edir ki, sözügedən orderin əsli məhkəməyə təqdim edilmədiyindən və sənədlərin kserosurətləri sübutedici qüvvəyə malik olmadığından, həmin sənəd daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyata alınması üçün də əsas təşkil edə bilməz. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyatın aparılmasından imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan mənzil üzərində hüququn qeydiyyata alınmasından imtinası qanuni olmuşdur və İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi, mərhum anası X1 və istifadəsinə ayrılmış Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 53,2 kv.m-dən ibarət olan, 3 otaqlı yaşayış sahəsinin mərhum X4nın adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz hesab edilməsi, mərhum anası X1 və istifadəsinə ayrılmış Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 60,2 kv.m, yaşayış sahəsi 53,2 kv.m-dən ibarət olan, 3 otaqlı yaşayış sahəsinin mərhum X4nın adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar