Məhkəmə qərarları › İş №2-1(118)-541/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-541/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-541/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarına əsasən Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində iddiaçıya ata-baba yurdunu bərpa etmək məqsədilə 0.20 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 2645 saylı rəyində Azərbaycan Respublikası Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarına əsasən ona 0.20 ha olmaqla ayrılmış torpaq sahəsinin qanuna müvafiq olduğu və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, Pirəkəşkül-Qobustan bələdiyyəsinin imza və möhürləri ilə təsdiq edilmiş Abşeron rayonunun Pirəkəşkül-Qobustan bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən ona ayrılmış torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və torpaq sahəsinin 0.20 ha olduğu müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli F-1561 saylı çıxarışa əsasən Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarının arxivdə mövcud olduğu və əsli ilə düz olduğu bildirilmişdir. Qeyd edilən sənədlərə əsasən qanuni əsaslarla sərəncam verdiyi və istifadə etdiyi Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə 03 noyabr 2021-ci il tarixdə ********** saylı ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətnin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********29 saylı məktubla qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi və torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aid olduğundan “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Hazırda qanuni əsaslarla sərəncam verdiyi və istifadə etdiyi Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun başqa qaydada daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata mülkiyyətinə keçirə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh orqanın onun qanuni əsaslarla sərəncam verdiyi və istifadə etdiyi torpaq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizəsinin “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edildiyi bildirilmişdir. Cavabdeh orqanın məsələyə bu cür yanaşmasının hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, məsələ cavabdehin əsaslandırıldığı kimi deyil, onun tələb etdiyi torpaq sahəsi uzun illərdir ki, qanuni əsaslarla onun istifadəsindədir və bütün orqanlar həmin torpaq sahəsinin yalnız yeganə mülkiyyətçisi kimi onu tanıyırlar və həmin torpaq sahəsi ona məxsusdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarın məzmunundan da aydın olur ki, həmin torpaq sahələri o ərazidə yaşamış vətəndaşların ata-baba yurdu olmuşdur və məhz bu ata-baba yurdlarının bərpa edilməsi məqsədilə o ərazilər ayrılmış və qərarın 2ci bəndində hətta bu qəsəbələrin İcariyyə Komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailə üzvlərinin pasort qeydiyyatlarının təmin edilməsi də tapşırılmışdır. Bu qərarın məzmunundan da görünür ki, həmin torpaq sahələri yaşayış məskənləri olmuş və həmin torpaqlar da məhz ata-baba evlərinin bərpa etmək üçün vətəndaşlara verilmişdir. Bundan başqa cavabdeh orqana müraciət edərkən Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarını, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 2645 saylı rəyini, Abşeron rayonunun Pirəkəşkül-Qobustan Bələdiyyəsinin yerquruluşu planından çıxarışını və Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən ona verilmiş xx.xx.2011-ci il tarixli F-1561 saylı çıxarışı təqdim etməsinə baxmayaraq, cavabdeh orqan hüququ müəyyənedici sənədin təqdim edilmədiyini bildirmişdir. İş üzrə əvvəl təyin edilmiş məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 03 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi qeyd edilmişdir. Arxiv əsaslarında vətəndaşın adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-195 nömrəli şəhadətnamə aşkar edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İş üzrə əvvəl təyin edilmiş məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Abşeron rayon X7 İcariyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon Çaylı kəndini bərpa etmək məqsədilə İddiaçı ata-baba yurdunu bərpa etməyə icazə verilmiş, vətəndaş və onun ailəsinin pasport qeydiyyatına alınmasının təmin edilməsi qərara alınmışdır. - Abşeron rayonu Pirəkəşkül-Qobustan bələdiyyəsinin Yerquruluşu planından çıxarışdan görünür ki, qeyd olunan torpaq sahəsinə dair rayon Pirəkəşkül-Qobustan bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış da tərtib olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 2645 saylı, 29 dekabr 2014-cü il tarixli rəyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 59 saylı qərarına əsasən İddiaçı 0,20 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə müvafiq mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. - Abşeron rayon Pərəkəşkül-Qobustan kəndləri nümayəndəliyinin 07 iyul 2007-ci il tarixli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il 172 saylı qərarına əsasən Abşeron rayon XDS İcariyyə Komitəsi tərəfindən ata-baba yurdunu bərpa etmək üçün Pirəkəşkül kəndində 0,20 ha torpaq sahəsi verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2014cü il qeydiyyat tarixli həmçinin, RX seriyalı, ******* nömrəli və MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ların təsdiq olunmuş surətlərindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi üzərində X1 və 0,05 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və qeyd olunan çıxarışlarda torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. - 14 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 09 iyun 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli 0,20 ha torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aiddir. Mübahisəli 0,20 ha torpaq sahəsinin ətrafında olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********15 və **********47 reyestr nömrəli torpaq sahələri elektron baza məlumatlarına əsasən kəndin perespektiv inkişafı (KPİ) fonduna aid torpaqlarda yerləşir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 19 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı ayrılmış Abşeron rayonu Pirəkeşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi Mərkəzin elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən kənd təsərrüfatı təyinatlıdırvə 2020-2021-ci illərdə Abşeron rayonu üzrə aparılmış torpaq tədqiqatının nəticələrinə görə keyfiyyət göstəricisi (bonitet balı) 29 bal olmaqla kənd təsərrüfatına az yararlı torpaq sahəsidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Abşeron rayonu, Pirəkeşkül kəndindı yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, Abşeron rayon X7 İcariyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarı ilə Abşeron rayon Çaylı kəndini bərpa etmək məqsədilə İddiaçı ata-baba yurdunu bərpa etməyə icazə verilmiş, vətəndaş və onun ailəsinin pasport qeydiyyatına alınmasının təmin edilməsi qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi inzibat orqana hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi və torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə ilk növbədə cavabdehin hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Yuxarıda göstərilən qanunvericilik normalarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisinin həmin torpaq sahəsinə mülkiyyət hüququ var. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağtikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil- tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə aiddir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı Qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinasının digər səbəbi kimi kənd təsərrüfatı təyinalı torpaq sahəsi kimi görünməsidir. Qeyd olunan halın araşdırılması ilə bağlı məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli 0,20 ha torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aiddir. Mübahisəli 0,20 ha torpaq sahəsinin ətrafında olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********15 və **********47 reyestr nömrəli torpaq sahələri elektron baza məlumatlarına əsasən kəndin perespektiv inkişafı (KPİ) fonduna aid torpaqlarda yerləşir. Beləliklə müəyyən olunur ki, iddiaçıya ata-baba yurdunu bərpa etmək məqsədilə ayrılmış torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri kənd təsərrüfaı təyinatlı deyil, kəndin perespektiv inkişafı (KPİ) fonduna aid torpaqlarıdır. Cavabdeh inzibati orqan hazırda qüvvədə olan Torpaq Məcəlləsinə istinad edərək kənd təssürafatı təyinatlı torpaq sahəsi olması əsası ilə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edir. Halbuki mübahisəli torpaq sahəsi elektron kadastr məlumat bazasında Abşeron rayonu, Pirəkəşkül bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən kənd təsərrüfatı təyinatlı sahədən kəndin perspektiv inkişafı üçün ayrılmış ərazi kimi bələdiyyə mülkiyyəti kimi görsənsə də, iddiaçı hazırda qüvvədə olan Torpaq Məccələsi qüvvəyə minmədən və Azərbaycan Respublikasında Bələdiyyələr yaranmadan torpaq sahəsini qanuni istifadəsinə almış və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən onun torpaq üzərində mülkiyyət hüququ yaranmışdır. Mübahisəli torpaq sahəsinin Abşeron rayonu, Pirəkeşkül bələdiyyəsinin torpaqlarında kəndin perspektiv inkişafı üçün ayrılmış ərazidə yerləşməsi də inzibati orqanın imtinasının əsaslı olmadığını göstərir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar