Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-541/2024 23.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 27 mart 2023-cü il tarixli, 3- 21-3-32/2-Q-0029-35 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, Abşeron rayonu, Saray Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə iddiaçının mərhum əri X5 Abşeron rayon, Saray qəsəbəsinin ərazisində fərdi yaşayış evi tikmək üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsinin ayrılması üçün X9 rayon filialında 800 manat dövlət rüsumu ödənilərək qəbz almışdır. xx.xx.2007-ci il tarixli, 93 nömrəli aktla Abşeron rayon Saray Bələdiyyəsi, Abşeron rayonunun Baş Memarı və DTXK Abşeron rayon şöbəsi razılıqlarını bildirərək torpağı təhvil vermişlər. X3 əldə etdiyi torpaq sahəsi üzərində hüquqlarım qeydiyyata aldıra bilmədən xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Mərhum həyat yoldaşının adına olan torpaq sahəsinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etsə də, notarius həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün hüquq müəyyənedici sənədin verilməsini xahiş etmişdir. Beləliklə yuxarıda göstərilən işin faktiki halları və maddi hüququ normalarına (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22.2-ci maddəsinə, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci, 2.4-cü, 7.2-ci bəndləri) əsasən müəyyən olunur ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla X3nun mülkiyyətinə verilmişdir. Mərhum X2 torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə (mərhum həyat yoldaşına) məxsus olması haqqında arayışı qeydiyyat orqanlarından tələb etməkdə və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın onun adma rəsmiləşdirilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddiaçı eyni əsasla cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinə imtina məktubu ilə cavab vermişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, alqı-satqı aktı mövcud deyil. Bələdiyyənin yerquruluşu planından çıxarışının olmaması, sənəddə mübahisəli ərazi 0.06 ha qeyd olunsa da, faktiki olaraq 0.0591 ha olduğu müəyyən olunmuşdur. Hesab edir ki, alqı-satqı aktının olmaması onun nöqsanı deyil, Abşeron rayon Saray bələdiyyəsinin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanunauyğun şəkildə aparmaması mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən vətəndaşa 0.06 ha torpaq sahasinin 15 fevral 2007- ci il tarixli, 4 saylı qərarla ayrıldığı halda, alqı-satqı aktı, arxiv arayışı və qanunamüvafiq qaydada təsdiqlənmiş və döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən müvafiq bələdiyyənin yerquluşu planından çıxarışının müraciətə əlavə olunmadığı; təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,06 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0591 ha olduğu; torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyyat fondu torpaqlarına aid edildiyi aşkar edilmişdir. Cavabdeh torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci, 19-cu, 21-ci, 22ci bəndlərinə, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə, 67 və 68-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.14-cü bəndinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu, 11.1, 15-ci, 23 maddərinəistinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. cavabdeh inzibati orqan iddiaya cavabverməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən vətəndaşa 0.06 ha torpaq sahasinin 15 fevral 2007- ci il tarixli, 4 saylı qərarla ayrıldığı halda, alqı-satqı aktı, arxiv arayışı və qanunamüvafiq qaydada təsdiqlənmiş və döngə nöqtələrinin koordinatlarını özündə əks etdirən müvafiq bələdiyyənin yerquluşu planından çıxarışının müraciətə əlavə olunmadığı; təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,06 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0591 ha olduğu; torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi aşkar edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçı qeyd edir ki, X3 əldə etdiyi torpaq sahəsi üzərində hüquqları qeydiyyata aldıra bilmədən xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Mərhum həyat yoldaşının adına olan torpaq sahəsinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etsə də, notarius həmin torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün hüquq müəyyənedici sənədin verilməsini xahiş etmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əsli məhkəməyə təqdim edilmiş Abşeron rayon Saray Bələdiyyəsinin 15 fevral 2007-ci il tarixli, 04 saylı Qərarına əsasən X5 0.06 ha torpaq sahəsi ayrılmışdır. Yanvar 2007-ci il tarixli, 55 saylı ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri tam şəkildə ödənilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayon Saray bələdiyyəsinin X4 adına verilmiş 04 nömrəli xx.xx.2007-ci il tarixli qərarının təsdiq edilmiş surəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli T/911 saylı məktubu ilə məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsi ayrıldığı vaxtdan X4 istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri sonuncu tərəfindən tam şəkildə ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, verilən sənədlər mübahisələndirilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahələrinin hüquqi rejimi barədə məlumat, zəruri sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-13935/23 saylı məktubu) Təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafındakı qonşu torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınaraq onlara bu barədə müvafiq çıxarışlar, o cümlədən, torpaq sahəsinə dair plan və ölçü sənədləri verilmişdir. Halbuki formalaşmış məhkəmə təcrübəsinə görə qonşu torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı halda eyni vəziyyətdə olan torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasından imtina edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə (hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir), “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə (inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır) zidd olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. X1 orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna əsasən : Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Lakin məhkəmə cavabdeh inzibati orqanın təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,06 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0591 ha olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin hal imtina üçün əsas təşkil etməsəd ə faktiki icra baxımından iddianın qimən əsaslı olduğunu göstərir və iddia həmin hissədə təmin edilməlidir. Bələdiyyənin yerquruluşu planından çıxarışının olmaması, sənəddə mübahisəli ərazi 0.06 ha qeyd olunsa da, faktiki olaraq 0.0591 ha olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsinin faktiki istifadədə olan 0.0591 ha hissəsi üzərində mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayon Saray bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsinin faktiki istifadədə olan 0.0591 ha hissəsi üzərində mülkiyyət hüququnun X5 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-541/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-541/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver