Məhkəmə qərarları › İş №2-1(118)-541/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-541/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-541/2025 04.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 fevral 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 18 oktyabr 2023-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba Rayon Şöbəsinin rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,12 ha olmaqla Qrız-Dəhnə bələdiyyəsinin mülkiyyətinə aiddir, kənd təsərrüfatına şərtiyararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

3. Quba rayonu Qrız-Dəhnə bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı qərarından görünür ki, İddiaçı Qrız-Dəhnə bələdiyyəsinin ərazisindən kənd təsərrüfatına şərti yararlı torpaq sahəsindən həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi satılmışdır.

4. 18 aprel 2008-ci il tarixli, 23 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 240 manat “torpaq satışı” təyinatı ilə Qrız bələdiyyəsinin hesabına köçürülmüşdür.

5. Qrız-Dəhnə bələdiyyənin sədri, rayon torpaq şöbəsinin müdiri və alıcı İddiaçı iştirakları ilə Qrız-Dəhnə bələdiyyə ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş 22 aprel 2008-ci il tarixli, 193 nömrəli “Torpaqların alqısatqısına dair Akt”.

6. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba Rayon Şöbəsinin 194 nömrəli arayışı ilə Qrız bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli qərarına əsasən satılacaq 0,12 ha torpaq sahəsinin normativ qiyməti müəyyən edilmiş və bələdiyyə mülkiyyətinə aid olduğu qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 4 iyul 2008-ci il tarixli, 808 nömrəli, A seriyalı, 046828 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Quba rayon Qrız bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə İddiaçı satılmış 1.200 kv.m torpaq sahəsinin kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, əsas döngə nöqtələrin koordinatları, planı (miqyas 1:500) göstərilmişdir.

8. Qrız bələdiyyəsi tərəfindən təsdiq edilən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin planı.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 7 sentyabr 2023-cü il tarixli, 3-21-3-34/2- 12465/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,12 ha torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş Quba rayonu, Qırızdəhnə bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində 22 aprel 2008-ci il tarixdə qeydə alınmışdır. Bildirilmişdir ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli, 466-İHQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 1 dekabr 2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 yə 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikası Dövlət X9 16 noyabr 2023-cü il tarixli, 3-48-DA- 6F/2-16xx-xx/2023 nömrəli məktubu ilə Quba rayonu Qrız-Dəhnə bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı iclas protokolunun surəti göndərilmişdir.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 fevral 2024-cü il tarixli, 3-21-3- 34/2-1928/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli, 3-21-3-34/2-4203/2024 nöməli və 12 sentyabr 2024-cü il tarixli, 3-21-3-34/2-10012/2024 nömrəli məktubları ilə göndərilmiş müayinə aktları təqdim edilmişdir.

12. "xxxx" ASC-nin 1 iyul 2024-cü il tarixli, 13-9/2-19xx/xx/2024 nömrəli məktubundan görünür ki, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən, İddiaçı istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsinin yaxınlığından keçən 10 kV-luq elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyil.

13. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 9 oktyabr 2024-cü il tarixli, 3-21-3- 34/2-11516/2024 nömrəli məktubundan görünür ki, İddiaçı adına verilmiş A seriyalı, 046828 nömrəli 0,12 ha Torpaq sahəsinin planı və ölçüsü sənədinində qeyd olunmuş koordinatlara uyğun yerləşən sahənin bir hissəsinə ilkin olaraq digər şəxslərin adına **********70 və **********69 reyestr nömrəli çıxarışlar verilmişdir. Mövcud çıxarışlar əsasında torpaq sahələri X4 adına özgəninkiləşdirilmişdir. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Quba rayonu, Qrız bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı iclas protokolundan görünür ki, X7 0,12 ha torpaq sahəsi satılmışdır; - Quba rayonu, Qrız bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli, 13 saylı iclas protokolundan görünür ki, X2 0,12 ha torpaq sahəsi satılmışdır; - Azərbaycan Respublikası Dövlət X9 4 oktyabr 2022-ci il tarixli, 1187 nömrəli arxiv çıxarışından görünür ki, Quba rayonu, Qrız bələdiyyəsinin 12 sentyabr 2007ci il tarixli, 17 saylı iclas protokolu ilə X7 0,12 ha torpaq sahəsi satılmışdır; - Azərbaycan Respublikası Dövlət X9 18 oktyabr 2022-ci il tarixli, 1192 nömrəli arxiv çıxarışından görünür ki, Quba rayonu, Qrız bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli, 13 saylı iclas protokolu ilə X2 0,12 ha torpaq sahəsi satılmışdır; - 5 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 rayonu, Qrız-Dəhnə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini alıcı X4 mülkiyyətinə vermişdir; - 5 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, Qrız-Dəhnə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini alıcı X4 mülkiyyətinə vermişdir; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 23 aprel 2024-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba rayonu, Qrız-Dəhnə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 23 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Qrız-Dəhnə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 24 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Qrız-Dəhnə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir;

14. Azərbaycan Respublikası Dövlət X9 27 noyabr 2024-cü il tarixli, 3-48-DA- 6F/2-2xx-xx/2024 nömrəli məktubu ilə X2 torpaq sahəsinin satılmasına dair Quba rayonu Qrız bələdiyyəsinin 20 iyun 2006-cı il tarixli, 13 saylı protokolu və X7 torpaq sahəsinin satılmasına dair 12 sentyabr 2007-ci il tarixli, 17 saylı iclas protokolunun surəti göndərilmişdir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 6 dekabr 2024-cü il tarixli, 3-21-3- 02/2-14617/2024 nömrəli məktubundan görünür ki, ərazi idarəsində mövcud arxiv materiallarına əsasən Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən hər biri 0,12 ha olan torpaq sahələri X4 mülkiyyətindədir və həmin torpaq sahələri üzərində hər hansı məhdudiyyət və ya yüklülük qeydə alınmamışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

16. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Qırız-Dəhnə bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı iclas protokolu ilə iddiaçıya ayrılmış Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi işin hallarına (§1-9) istinad edilərək onunla əsaslandırılmışdır ki, Quba rayon Qırız-Dəhnə bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli 17 saylı iclas protokolu ilə iddiaçıya Quba rayonu, Qrız-Dəhnə kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmış və 22 aprel 2007-ci il tarixli Quba rayon Qırız-Dəhnə bələdiyyəsi ilə alqı-satqıya dair akta əsasən qəbul edilən torpağın dəyərini ödəyərək satın alınmış və həmin vaxtdan hal-hazıra kimi qeyd edilən torpağa sahiblik edərək istifadə edir. O, 13 iyun 2023-cü il tarixdə bütün hüquq müəyyənedici sənədləri toplayaraq mülkiyyət hüququnun təsdiq edilməsi və çıxarış alınması üçün müvafiq orqan olan cavabdehə müraciət etmişdir. Həmin orqan tərəfindən verilən 7 sentyabr 2023-cü il tarixli cavab məktubu ilə mülkiyyət çıxarışı verilməkdən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – “TM”) 9, 13.1, 68, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.3, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33.1, 33.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 73, 74, 75-ci maddələrinə istinad olunmuşdur.

19. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

20. Məhkəmənin 30 avqust 2024-cü il tarixli, 2-1(118)-1924/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mülkiyyət hüquqların qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Quba rayonu Qırız-Dəhnə bələdiyyəsi üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

21. Məhkəmənin 11 noyabr 2024-cü il tarixli, 2-1(118)-1924/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mülkiyyət hüquqların qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Quba rayonu Əlik bələdiyyəsi üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

22. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

23. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

24. Etirazın dəlilləri cavabdehin 7 sentyabr 2023-cü il tarixli, 3-21-3-34/2- 12465/2023 nömrəli imtina məktubu ilə eynilik təşkil edir (§9).

25. Etirazın maddi hüquqi əsası kimi TM-in 68, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1, 15-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

26. Məhkəmə iclaslarında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər də məhkəmə iclasında təmsil edilməmişdirlər.

29. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

30. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

31. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

32. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

33. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

34. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

35. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

36. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”

“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)

“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-) “Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-) “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

39. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

40. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

43. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

44. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

45. Belə ki, iddiaçı tələbinin əsası kimi tərəfindən təqdim edilmiş sənədlərə istinad edərək torpaq sahəsini qanuni əsaslarla əldə etdiyini əsas gətirərək tələbinin təmin edilməsini xahiş etmişdir.

46. Cavabdeh tərəfin mövqeyinə görə torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş Quba rayonu, Qırızdəhnə bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı iclas protokolundan çıxarışa əsasən tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində 22 aprel 2008-ci il tarixdə qeydə alınmışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 1 dekabr 2007-ci il tarixdən etibarən həmin dövrdə bələdiyyə torpaqları üzərində hüquqlar yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi.

47. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.1.3-cü maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

48. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair iddiaların öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alınarsa qeyd edilməlidir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir.

49. Həmçinin, formalaşmış təcrübəyə əsasən, bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina və etirazına münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.

50. Bu baxımdan İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində təqdim edilən sənədlərin mötəbərliyinin yoxlanılması istiqamətində məhkəmə tərəfindən araşdırma aparılaraq aidiyyəti orqanlara sorğular verilmişdir.

51. Nəticədə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsinin koordinatları ilə DT və XK-nin Quba rayon şöbəsi tərəfindən iddiaçının mülkiyyətinə verilmiş A seriyalı, 046828 saylı plan-ölçü sənədində göstərilən torpaq sahəsinin koordinatları uyğunluq təşkil etmir. İddia olunan torpaq sahəsinin 0,0206 ha hissəsi plan-ölçü sənədinə əsasən iddiaçının mülkiyyətinə ayrılmış torpaq sahəsi ilə üstüstə düşür, torpaq sahəsinin 788 kv.m hissəsi **********70 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, 334 kv.m hissəsi isə **********69 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətyinə verilmiş torpaq sahəsi ilə üstüstə düşür. Bundan əlavə, DT və XK-nin Quba rayon şöbəsi tərəfindən iddiaçının mülkiyyətinə verilmiş A seriyalı, 046828 saylı plan-ölçü sənədində göstərilən torpaq sahəsinin 110 kv.m hissəsi **********70 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətyinə verilmiş torpaq sahəsi ilə, 480 kv.m hissəsi isə **********69 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətyinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.

52. Həmçinin, cavabdeh tərəfindən qeyd edilmiş çıxarışların, onların verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir və arxiv çıxarışları ilə sənədlərin həqiqiliyi təsdiq edilmişdir.

53. Belə ki, mövcud çıxarışlar əsasında torpaq sahələrinin X4 adına özgəninkiləşdirilməsi hüquqmüəyyənedici sənədlərlə də öz təsdiqini tapır (§13-15).

54. Məhkəmə hazırki tələbə münasibətdə X4 üçüncü şəxs qismində cəlb edilməsini zəruri hesab etməmişdir. Ona görə ki, hazırki mübahisə **********70 reyestr nömrəli və **********69 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı deyildir.

55. Bundan əlavə, iddiaçı “Quba rayon ona ayrılmış Quba rayonu, Qırız- Dəhnə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi”nə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Lakin məhkəməyə təqdim edilmiş qeyd edilən protokolda iddiaçının adı mövcud deyildir.

56. Eyni zamanda, adıçəkilən protokolda X6 adı qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 23 aprel 2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Quba rayonu, Qrız-Dəhnə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. 5 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 rayonu, Qrız-Dəhnə kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini alıcı X4 mülkiyyətinə vermişdir.

57. Göründüyü kimi, iş materialların araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair digər şəxsin adına verilmiş və hazırda qüvvədə olan iki çıxarış mövcuddur.

58. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon Qırız-Dəhnə bələdiyyəsinin 12 sentyabr 2007-ci il tarixli, 17 saylı iclas protokolu ilə iddiaçıya ayrılmış Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar