Məhkəmə qərarları › İş №2-1(118)-542/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-542/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-542/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən 2021ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində, yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulması barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində, yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Qubadlı rayonundan məcburi köçkün olmaqla ailəsi ilə çox ağır və imkansız bir vəziyyətdədirlər. Hal-hazırda müvəqqəti olaraq ərizədə göstərilən ünvanda yaşaya-yaşaya, ağır həyat keçirirlər. Azərbaycan Respublikasının Qubadlı rayonundan mənfur erməni millətçilərinin cinayətləri və etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşmüş, Sumqayıt şəhərinə pənah gətirməyə məcbur olmuşlar. X5 Əliyev keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdana kimi 2023-cü ilə kimi müavinətlərlə təmin olunmasını uzatmışdır. Lakin onların çörək pulunu 2021-ci ilin fevral ayının 25-dən kəsilmişdir. Səbəb də bu olmuşdur ki, onun rəsmi nikahda olduğu həyat yoldaşı rəhmətə gedəndən sonra o dövlət qulluğunda işləyərək yüksək pensiya almış və onun vəfatından sonra onun pensiyasını iddiaçı, almağa başlamışdır. Halbuki bütün bunların çörək puluna heç bir aidiyyatı yoxdur. Beləliklə onların məcburi köçkünlərə verilən müavinət və çörək pulundan məhrum olunmaqla problemləri həll edilməmiş qalmışdır. Onlar çox çarəsiz bir vəziyyətdə qalmışlar. Aztəminatlı ailələləri dözülməz işgəncə vəziyyətindədirlər. Cavabdeh onlara məcburi köçkünlərə verilən müavinət və çörək pulunu verməkdən rəsmi surətdə imtina etmişdir. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, imtina əsassızdır. Qeyd edilənlərə əsasən məhkləmədən cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişir. Üçüncü şəxs məhkəməyə ünvanladığı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Qubadlı Rayon İcra Hakimiyyətinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2021-ci il fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən vahid aylıq müavinətin bərpa olunaraq adının məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 542/2022 nömrəli 25.01 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı Salayev X1 Administrasiyasına müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Komitənin 25.10.2021-ci il tarixli 01/5887 nömrəli məktubu ilə iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, müvafiq qaydada baxılması üçün Qubadlı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qəran ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların İcra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, “Lakin bizim çörək pulumuzu 2021-ci ilin fevral ayının 25-dən kəsilmişdir. Səbəbdə bu olmuşdur ki, mənim rəsmi nikahda olduğum həyat yoldaşım rəhmətə gedəndən sonra o dövlət qulluğunda işləyərək yüksək pensiya almışdır və onun vəfatından sonra onun pensiyasını mən almağa başlamışdım'’. Aparılmış araşdırma zamanı, İddiaçı həyat yoldaşı vəfat etdikdən sonra ailə başçısını itirməyə görə əmək pensiyası təyin olduğu və bu səbəbdən ona ödənilən vahid aylıq müavinətin dayandırıldığı müəyyən olumuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AA seriyalı, 204641 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. - AZ-İ 438086 saylı, 02 fevral 2011-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X2 31 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. - Qubadlı rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 24 avqust 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının yemək xərci müavinətinin bərpası ilə bağlı müraciəti təmin edilməmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı mənzil-kommunal sahəsinin 872 saylı, 01 noyabr 2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, Salayev X3 rayonundan məcburi köçkündür. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı məcburi köçkündür. Onun mərhum arvadı dövlət qulluqçusu olmuş və dövlət qulluqçusu olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona əmək pensiyası təyin edilmişdir. Onun ölümündən sonra əmək pensiyasını İddiaçı almağa başlamışdır. Ona verilən aylıq müavinət 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və diğər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2 və 2.13-cü bəndinə əsasən aylıq müavinət Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şamil edilmir. Qeyd olunan normadan görünüdüyü kimi həmin norma ilə aylıq müavinət almalı olmayan məcburi köçkünlərin dairəsi imperativ olaraq müəyyən edilmişdir. İddiaçıya məcburi köçkün kimi aylıq müqavinətin verilməsinin dayandırılmasının səbəbi yuxarıda da qeyd olunduğu kimi onun əvvəllər dövlət qulluqçusu olmuş mərhum arvadının əmək pensiyasını onun özünün alması təşkil edir. Bu halda isə ona məcburi köçkün kimi aylıq müqavinətin verilməsini qanun qadağan edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Bundan başqa məhkəmə iddiaçının 10 ay ərzində, yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçının ona yemək xərci üçün müavinətin ödənilməsinə dair tələbi təmin edilmədiyindən onun qeyd olunan tələbinin də hər hansı bir əsası yoxdur. Həmçinin iddiaçı cavabdeh tərəfindən göstərdiyi aylar üzrə ondan 5 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən 2021-ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində, yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulması barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qubadlı rayon İcra Hakimiyyətinə qarşı cavabdeh tərəfindən 2021ci ilin fevral ayının 25-dən dayandırılmış və hal-hazıradək ona verilməli olan məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin bərpa olunaraq məcburi köçkünlərin adlı siyahılarına salınması və ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik verilməsi, 10 ay ərzində, yəni 2021-ci ilin fevral, may, sentyabr ayları üzrə hər ay 5 manat tutulmuş məbləğlərin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar