Məhkəmə qərarları › İş №2-1(118)-542/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-542/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-542/2024 02.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0.0389 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0.0389 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri ödənildikdən sonra torpaq sahəsi iddiaçıya təhvil verilmiş, həmin tarixdən bu torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş və hal-hazırda sahibliyindədir. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi üzərində iddiaçı fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində istifadə və sahibliyinə verilmiş 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 28 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq təmsil edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etirazı onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin müraciət ərizəsinə əlavə olunmadığı; sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan fərdi yaşayış evinə dair müraciət ünvanlandığı; təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.04 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0389 ha olduğu; torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşdiyi; sözügedən fərdi yaşayış evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə fərdi yaşayış evinin 2 (iki) mərtəbəli, yarımzirzəminin olduğu müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. • Abşeron rayon Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli iclasının 01 saylı qərarından çıxarışa əsasən iddiaçıya 0,04 ha torpaq sahəsi satılmışdır. • Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında 05 may 2011-ci il tarixli akta əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən inşası başa çatmış ikimərtəbəli fərdi yaşayış evi Xırdalan şəhərində istifadəyə qəbul edilmişdir. • Abşeron Rayon İcra Hakimiyyəti başçısının 729 nömrəli, 03 may 2011-ci il tarixli sərəncamına əsasən iddiaçıya Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli qərarı ilə satılmış 0,04 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi istismara qəbul edilmişdir. • Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, iddiaçıya Xırdalan bələdiyyə ərazisində 0,04 ha torpaq sahəsi satılmış, iddiaçı tərəfindən torpağın dəyəri müvafiq qaydada bələdiyyənin bank hesabına ödənilmişdir (2010-cu il tarixli, 13 nömrəli qəbz əlavə olunmuşdur). • Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi 13 avqust 2010-cu il tarixdə iddiaçıya müvafiq torpaq sahəsinin yaşayış evinin tikintisi məqsədilə satılmasına icazə verilməsinə dair rəy vermişdir. • Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon şöbəsinin xx.xx.2010-cu il tarixli, 709 nömrəli rəyinə əsasən iddiaçıya 0,04 ha torpaq sahəsinin satılmasına razılıq verilmişdir. • Torpaq sahəsinin plan və ölçü sənədinə (A № 357157) əsasən Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 400 kvadrat metr torpaq sahəsi satılmışdır. Baş plandan çıxarış və əsas döngə nöqtələrinin koordinatları əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi ona Xırdalan bələdiyyəsinin qərarı ilə ayrılmış və iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu, Xırdalan şəhəri olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Xırdalan şəhəri olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6-cı maddə: Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə 5-ci bənd. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli qərarı ilə iddiaçıya 0,04 ha torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Hazırkı vəziyyətdə torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh təşkilat tərəfindən aşağıdakı səbəblərdən imtina edilmişdir: 1) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin müraciət ərizəsinə əlavə olunmaması; 2) sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan fərdi yaşayış evinə dair müraciət ünvanlanması; 3) təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.04 ha göstərilsə də, faktiki vəziyyətdə 0.0389 ha olması; 4) torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşməsi; 5) sözügedən fərdi yaşayış evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olması. Belə ki, eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə fərdi yaşayış evinin 2 (iki) mərtəbəli, yarımzirzəminin olması.

Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün irəli sürülən yanaşmalar əsassız olduğundan iddia tələbi təmin edilməlidir. İlkin imtinaya münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli qərarı ilə 0,04 ha torpaq sahəsinin iddiaçıya satılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, torpaqların alqı-satqısına dair akt tərtib olunmuş və həmin akt Xırdalan bələdiyyəsi tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmçinin, sözügedən akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2010-cu il tarixdə 1148/4 nömrə ilə qeydə alınmışdır. Bundan əlavə həmin torpaq sahəsinə dair X1 xx.xx.2011-ci il tarixdə 16702 nömrə ilə qeydiyyata alınmış A № 357157 olan torpaq sahəsinin plan və ölçüsü sənədində də torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın bu əsasda gətirdiyi etiraz tamamilə əsassızdır. İkinci və üçüncü imtina ilə bağlı məhkəbə bildirir ki, cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna nəzər saldıqda görünür ki, iddiaçının müraciəti təkcə yaşayış sahəsinə deyil, eyni zamanda torpaq sahəsinə dair olmuşdur. Bundan əlavə iddiaçıya bələdiyyə qərarı ilə torpaq sahəsi 0,04 ha (400 kv.metr) ayrılmasına baxmayaraq faktiki olaraq 0,389 ha ölçüdədir. İddiaçı iddia tələbində qeydiyyata alınmasını istədiyi torpaq sahəsinin ölçüsünü məhz 0,389 ha olaraq qeyd etmişdir. Ona görə məhkəmə bu hissələrdə də etirazı əsassız hesab edir. Növbəti imtina ilə bağlı qeyd olunur ki, məhkəmə tərəfindən cavabdeh orqana sorğu ünvanlanaraq mübahisəli daşınmaz əmlakın dövlət mülkiyyətinə aid olmasını təsdiq edən sənədlərin məhkəməyə göndərilməsi tələb edilmişdir. Məhkəməyə ünvanlanan məktubda torpaq sahəsinin "xxxx" ASC-nin hüdudları daxilində yerləşdiyi qeyd olunmuş və Dövlət Əmlak Komitəsinin qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportu məhkəməyə təqdim edilmişdir. Bununla əlaqədar olaraq Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Lakin həmin sənədlərlə mübahisəli torpaq sahəsinin "xxxx" ASC-yə məxsus olması öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, həmin sahə iddiaçıya məxsus olmaqla ətrafında torpaq sahələri və yaşayış binaları mövcud olmuşdur. Daha sonra məhkəmə tərəfindən Abşeron rayon Xırdalan bələdiyyəsi ərazisində iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) hər hansı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilib-verilməməsi, verildiyi təqdirdə həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu göndərilmiş, lakin cavabdeh orqan qeydiyyata alınmış torpaq sahəsinin olmadığını bildirmişdir. Məhkəmə öz təşəbbüsü ilə iddiaçıdan qonşuluqda yerləşən torpaq sahəsinə və ya fərdi yaşayış evinə dair çıxarışın təqdim edilməsini bildirmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çıxarış əsasında yenidən cavabdeh orqana sorğu göndərilmişdir. Belə ki, texniki səhv olduğu bildirilərək qonşuluqda yerləşən torpaq sahələrinə və yaşayış evinə dair çıxarışlar və digər hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi cavabdeh orqanın irəli sürdüyü etiraz həqiqətdə öz əksini tapmamışdır. Son imtinaya münasibətdə isə məhkəmə qeyd edir ki, torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon şöbəsinin və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müvafiq razılığı da olmuşdur. İddiaçı qanunvericilik çərçivəsində ona məxsus torpaq sahəsində yaşayış evi inşa etdirmişdir. Həmin yaşayış evinin eskiz layihəsi Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Eyni zamanda Abşeron Rayon İcra Hakimiyyəti başçısının 729 nömrəli, 03 may 2011-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi istismara qəbul edilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair sənədləri qanunvericiliyə uyğun tərtib olunaraq müvafiq qaydada təsdiq edilmiş sənədlərlə öz mötəbərliyini doğrultmuşdur. Cavabdeh orqanın formal tələblər və əsası olmayan etirazlar təqdim edərək iddiaçının ona məxsus torpaq sahəsi və üzərində yerləşən tikiliyə münasibətdə gözlənilən mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0.0389 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki vəziyyətinə uyğun şəkildə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar