Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5420/2025 24.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “podrad müqavilələrin və tikintiyə icazə rəylərin təqdim edilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 19 fevral 2019-cu il tarixli, xx/xx-00887 nömrəli məktubu ilə 2013-2018-ci illər ərzində, İlqar- MR MMC (hazırkı adı: İddiaçı MMC) və İlqar-NNT MMC (hazırkı adı "xxxx" MMC) tərəfindən inşa edilmiş, inşası başa çatmamış bütün tikililər və həmin tikililərə dair hər hansı sənədin mövcudluğu barədə Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinin elektron bazasında olan məlumat cədvəli qoşma şəklində göndərilmişdir.
2. 26 dekabr 2024-cü il tarixli, 3-18-2/2-14470/2024 nömrəli İddiaçı MMC və "xxxx" MMC-nin direktoruna göndərilmiş məktublardan görünür ki, "xxxx" MMC-nin sifarişi əsasında podratçı təşkilat olan "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba magistral yolunun qərbində, 5 ədəd 1 girişli, zirzəmili, 6 mərtəbəli (+mansarda) və 2 ədəd 1 girişli, 7 mərtəbəli (+mansarda) yaşayış evləri barədə də (kompleksin başlanması 2012-ci il: başa çatması – 2017-ci il; binalar istismar olunur) məlumatlar göndərilmişdir. Fiziki şəxs X2 əsasında podratçı təşkilat olan "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Qəmbərov (müraciətdə göstərilən F.Bayramov ünvanı öz əksini tapmamışdır) küçəsi 9 ünvanında inşa olunmuş zirzəmili 3 mərtəbəli fərdi yaşayış evi barədə (başlama tarixi 1 may 2015-ci il; qurtarma tarixi 12 avqust 2016-cı il) olan məlumatlar və 1 may 2015-ci il tarixli podrat müqavilənin surəti də təqdim olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin hakimi Leyla Əliyevanın 14 fevral 2019-cu il tarixli, 2-2(82)-291/2019 nömrəli müraciəti əsasında Agentlik tərəfindən verilmiş istismara hazırlıq aktlarının surətləri (istismara hazırlıq aktlarının surətləri - 4 vərəq) xx/xx-01237 nömrəli, 13 mart 2019-cu il tarixli məktubla göndərilmişdir. Ümumiyyətlə, 2019-2020-ci illər ərzində Agentliyə daxil olmuş çoxsaylı şikayət məktubları əsasında dəfələrlə araşdırmalar aparılmış və nəticəsi barədə Fövqəladə Hallar Nazirliyinə İddiaçı MMC-yə görə xx/xx-08045 nömrəli, 12 fevral 2019-cu il tarixli, xx/xx- 03278 nömrəli, 29 may 2019-cu il tarixli, Bakı-İnzibatı-İqtısadi Məhkəməsinə "xxxx" MMC ilə bağlı xx/xx-01237 nömrəli, 13 mart 2019-cu il tarixli, "xxxx" MMC və "xxxx" MMC (podratçı təşkilatlar) ilə bağlı Bakı şəhəri, 13 saylı Vəkil Bürosuna xx/xx-00137 nömrəli, 4 mart 2019-cu il tarixli; xx/xx-02497 nömrəli, 30 aprel 2019-cu il tarixli; 37734-02496 nömrəli, 30 aprel 2019-cu il tarixli məktublar ünvanlanmış, "xxxx" MMC və İddiaçı MMCnin rəhbərliyi isə xx/xx-02495 nömrə 20 aprel 2019-cu il tarixli, xx/xx-07388 nömrəli, 5 noyabr 2019-cu il tarixli məktublarla məlumatlandırılmışdır. Bir daha bildirilmişdir ki, podratçı təşkilatlar olan "xxxx" MMC, "xxxx" MMC ("xxxx" MMC və İddiaçı MMC) tərəfindən hər hansı obyektin konkret adı və ünvanı dəqiq göstərilmək şərti ilə həmin obyektlər haqqında səlahiyyətləri çərçivəsində məlumat (məlumat olduqda) verilə bilər.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri:
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın elektron bazasında olan iddiaçının lisenziyası əsasında inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı təqdim edilməmiş podrat müqavilələrinin və tikintiyə icazə rəylərinin təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək iddiaçı tərəfindən inşa edilmiş bütün tikililər barədə Baş Dövlət Tikinti Müfəttişliyinin elektron bazasında olan tikinti obyektlərinə dair məlumat cədvəli və sənədlərin surətinin təqdim olunmasını xahiş etsə də, cavabdeh qərəzli olaraq müraciətləri natamam cavablandıraraq elektron bazasında olan məlumatları və sənədləri tam şəkildə təqdim etmir. Adları iddiaçı tərəfə məlum olmayan fiziki və hüquqi şəxslər cavabdeh orqanın vasitəsi ilə iddiaçıya məxsus lisenziyadan qanunsuz istifadə etməklə saxta podrat müqavilələri əsasında Bakı şəhəri və Azərbaycan Respublikasının digər şəhər və rayonlarından müxtəlif təyinatlı yaşayış və qeyri-yaşayış sahələri inşa etmiş, sənədləşdirmiş və istismara hazırlıq rəyləri almışlar. Həmin tikililərdən iddiaçı tərəfin məlumatı olmamışdır. Bu barədə cəmiyyətdə aparılmış vergi yoxlamaları zamanı məlumat əldə edilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət etdikdən sonra cavabdeh orqanın təhqiqat idarəsində qeyd edilən xüsusatlarla bağlı ilkin araşdırılma aparılmış və cavabdeh orqanının vəzifəli şəxsi tərəfindən iddiaçıya təqdim edilmiş cədvəl və bir sıra sənədlərlə əsasən lisenziyasından qanunsuz istifadə edilməklə saxta podrat müqavilələri əsasında çox sayda yaşayış və qeyri-yaşayış sahələrinin inşa olunması faktı öz təsdiqini tapmış, sonradan araşdırmanın davam etdirilməsi üçün materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, 16 iyun 2020-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* nömrəli cinayət işi açılmışdır. Cinayət işi icraatdadır və araşdırma davam etdirilir. Cavabdeh orqanın vasitəçiliyi ilə lisenziyasından qanunsuz olaraq istifadə etməklə saxta podrat müqavilələri əsasında inşa edilmiş çox sayda yaşayış və qeyri-yaşayış sahələrinin tikinti normalarının tələblərinə cavab verib-verməməsi və gələcəkdə uçma təhlükəsinin olması mümkündür. Bu səbəbdən də lisenziyasından qanunsuz istifadə edilməklə iddiaçının adından inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin müəyyən edilməsi üçün cavabdeh orqana çoxsaylı sorğular verilsə də, cavabdeh orqan elektron bazasında olan məlumatları və sənədləri təqdim etməmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsinə qarşı etirazın dəlilləri:
7. Etiraz daxil olunmamışdır.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddianın mümkün hesab edilməməsini xahiş etmiş, həmçinin istismara icazə verilməsi ilə bağlı cavabdeh deyil, yerli icra hakimiyyəti orqana müraciət edildiyini, cavabdeh orqan tərəfindən istismara hazırlıq aktı tərtib edildiyini, bu səlahiyyətin 2014-cü ildən verildiyini, podrat müqaviləsinin, cavabdeh orqanın arxivdə sənədlərin 4 il saxlanıldığı üçün, mümkün olmadığını bildirmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
11. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
12. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
13. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
14. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaraq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
16. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
17. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
18. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
19. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
22. Belə ki, hazırkı iddia tələbi cavabdeh orqanın elektron bazasında olan iddiaçının lisenziyası əsasında inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı təqdim edilməmiş podrat müqavilələrinin və tikintiyə icazə rəylərinin təqdim edilməsindən ibarətdir.
23. Məhkəmə tərəfindən iddiaçı tərəfə hüquqi yardım göstərilərək, müvafiq məktub göndərilmiş, iddia olunan müqavilələrin və rəylərin müəyyənləşdirilib, iddia tələbində dəqiq formada göstərilməsi hüququ izah edilmişdir.
24. Lakin iddiaçı tərəf qeyd edilən məktuba münasibət bildirməmiş, tələbinin dəqiqləşdirilməsinə dair hər hansı ərizə məhkəməyə təqdim etməmişdir.
25. Bundan başqa, iş materiallarına əlavə edilmiş, həmçinin cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının hazırkı tələb etdiyi sənədlərin təqdim edilməsinə dair müraciətlər cavabdeh tərəfindən cavablandırılmış, müvafiq sənədlər də təqdim edilmişdir.
26. Həmçinin, cavabdeh tərəfin məhkəmə iclasında verilmiş izahatından məhkəmə müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi tikintiyə icazə rəyləri cavabdeh orqan tərəfindən deyil, müvafiq yerli icra hakimiyyəti tərəfindən verilir. Hazırlanması cavabdeh orqanın səlahiyyətinə aid olan istismara hazırlıq aktları isə iddiaçı tərəfə təqdim edilmiş, iş materiallarına da əlavə edilmişdir.
27. Məhkəmə hesab edir ki, iddia tələbinin qeyri-müəyyən olduğu, dairəsi müəyyən edilməmiş sənədlərin təqdim edilməsi tələb olunduğu, həmçinin iddiaçıya münasibətdə cavabdeh orqanda mövcud olan bütün sənədlərin artıq təqdim edildiyi üçün iddia tələbi mümkün hesab edilməməlidir.
28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ
29. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova