Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5422/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 4 nəfərdən ibarət ailə tərkibinə görə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən hərbi qeydiyyata alındığı xx.xx.2023-cü il tarixdən müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2023-cü il tarixdən hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Dövlət Sərhəd Xidmətində əsgər kimi xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək və Azərbaycan Ordusunda xx.xx.2004-cü ildən xx.xx.2023-cü ilədək fasiləsiz olaraq hərbi xidmət keçmişdir. Hərbi xidmətinin çox hissəsi əvvəllər işğal olunmuş Tərtər rayonu ərazisində düşmənlə təmas xəttində olan hərbi hissələrdə olmuşdur. Qarabağ müharibəsinin veteranıdır. Müdafiə Nazirinin müavini X2 xx.xx.2023-cü il tarixli 046gm saylı əmrinə əsasən, hərbi xidmətdən müqavilə müddətinin bitdiyinə görə pensiya hüququ ilə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixindən hərbi qeydiyyata alınmışdır. Müdafiə Nazirliyi tərəfindən xidmət etdiyi müddət ərzində mənzillə təmin edilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 974 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamınına əsasən, ailəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qeydiyyata alınmışdır. Hal-hazırda ailəsi ilə müvəqqəti kirayədə ünvan 3 ünvanında yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 974 saylı xx.xx.2023cü il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova müraciət edərək Vətən müharibəsinin veteranı olduğunu, Silahlı Qüvvələrdə təqvim üzrə 20 ildən çox xidmət etdiyini və ailəsini güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısında qeydiyyata olduğunu nəzərə alaraq, ailə tərkibinə görə ehtiyata buraxıldığını və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən hərbi qeydiyvata alındığı xx.xx.2023-cü il tarixindən kirayə pulunun ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir, lakin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Qanuni şəkildə qeyd edilən hüququ əldə etmişdir. Bunun üçün illərini ekstremal şəraitlərdə, döyüşlərdə və səngərlərdə keçirmişdir. Təqvim üzrə xidmət illərinin sayı 20 il, 2 ay, 15 gün təşkil edir. Hal-hazırda hərbi xidmət illərinin sayına görə ehtiyatda olan hərbi qulluqçu kimi təqaüd alır. Hərbi xidmət dövründə barəsində cinayət işi olmamışdır. Haqqında heç bir təhqiqat araşdırılması aparılmamış və təqsirləndirici materiallar toplanmamışdır. Hərbi komandanlıq tərəfindən daim tərifə layiq olmuş və həmişə mükafatlandırılmışdır. Hətta hərbi komandanlıq tərəfindən ehtiyyata buraxılarkən hərbi hissə komandirinin nizami hissə üzrə 183 nömrəli, 20 iyun 2023-cü il tarixli əmrinə əsasən, birdəfəlik pul mükafatı ilə tam həcmdə mükafatlandırılmışdır.
4. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “Müəyyən olunmuşdur ki, Siz xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli xx.xx.2004-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş AR Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli 046gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin a bəndinə (xidmət müddəti başa çatdığına görə) hərbi xidmətdən ehtiyata buraxılmısınız. xx.xx.2023-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsində hərbi qeydiyyatdasınız. Siz ehtiyatda olan baş gizir kimi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 974 saylı xx.xx.2023-cü il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmısınız. “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına gorə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzı uçotuna götürülmüş zabitlərə gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sa nəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göründüyü kimi, qanununun tələbinə görə, xidmət müddəti başa çatmış hərbi qulluqçulara mənzil kirayə xərci ödənilməsi nəzərə tutulmamışdır. Qeyd edilənlərə əsasən, xahişinizin müsbət həllinin mümkün olmamışdır.”.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
7. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. Xüsusi mümkünlük şərtinə, yəni cavabdeh orqana müraciət edilməsi tələbinə riayət edilmişdir. Beləliklə, iddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
9. 112624 nömrəli vəsiqədən görünür ki, Yolçuyev X3 veteranı adı və statusuna malikdir.
10. Vətəndaşın həqiqi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı xx.xx.1999-xx.xx.2001, xx.xx.2004-xx.xx.2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir.
11. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 974 nömrəli sərəncamından görünür ki, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış İddiaçı 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qərar alınmışdır.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 676,32 manat məbləğində pensiya təyin edilib.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur.
15. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Müdafiə Nazirliyinin Əsaslı Tikinti idarəsinin rəisinə dövlət vəsaiti hesabına daimi mənzil təminatı ilə bağlı ünvanladığınız müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən, yaradılmış Komissiya tərəfindən, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyiniz üçün (xx.xx.200420.06 2023; 18 il 09 ay 22 gün), Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Sizə şamil edilmir. Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ilindən az xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı “Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə tənzimlənir. Müraciətinizin təmin olunması ilə bağlı aidiyyəti icra orqanına müraciət etməyiniz tövsiyyə olunur.”.
16. 01.04.2025-ci il tarixli müqavilədən görünür ki, X1 və İddiaçı arasında Sumqayıt şəhəri, H.Əliyev prospekti, ev 233, 14 saylı mənzilə dair mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi) bağlanmışdır.
İV. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.
18. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin Qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər.
19. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər.
20. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur.
21. “Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası Qanununun:
12. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ...
22. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarı:
23. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində –55 manat. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.
İV. Məhkəmənin mövqeyi
24. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
25. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Dövlət Sərhəd Xidmətində əsgər kimi xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək və Azərbaycan Ordusunda xx.xx.2004-cü ildən xx.xx.2023-cü ilədək fasiləsiz olaraq hərbi xidmət keçmişdir. Qarabağ müharibəsinin veteranıdır. Müdafiə Nazirinin müavini X2 xx.xx.2023-cü il tarixli 046gm saylı əmrinə əsasən, hərbi xidmətdən müqavilə müddətinin bitdiyinə görə pensiya hüququ ilə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixindən hərbi qeydiyyata alınmışdır. Müdafiə Nazirliyi tərəfindən xidmət etdiyi müddət ərzində mənzillə təmin edilməmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 974 nömrəli xx.xx.2023-cü il tarixli sərəncamına əsasən, ailəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına qeydiyyata alınmışdır. Hal-hazırda ailəsi ilə müvəqqəti kirayədə ünvan 3 ünvanında yaşayır. Hazıradək mənzil kirayə xərcləri ilə bağlı kompensasiya ilə təmin edilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etdikdə ona imtina cavabı verilmişdir.
26. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, hərbi qulluqçunun, o cümlədən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin olunması üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması.
27. Qanunverici bununla 15 ildən artıq, yəni kifayət qədər uzun müddət hərbi xidmət keçmiş və sosial müdafiəyə ehtiyacı olan şəxsin layiqli həyat səviyyəsi, onun sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onun həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədi güdür.
28. İşdən görünür ki, iddiaçı birinci tələbi ödəyir. Vətəndaşın həqiqi xidmət keçməsinə dair elektron arayışa əsasən, İddiaçı xx.xx.1999-xx.xx.2001, xx.xx.2004-xx.xx.2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirinin müavini X2 xx.xx.2023-cü il tarixli 046gm saylı əmrinə əsasən, hərbi xidmətdən müqavilə müddətinin bitdiyinə görə pensiya hüququ ilə ehtiyata buraxılmışdır.
29. İddiaçının yaşayış sahəsinin olmaması məsələsinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının müvəqqəti olaraq mənzil kirayə müqaviləsi onun seçdiyi yaşayış yerinin məhz həmin yer olmasına dəlalət etmir. Bu hal onun mənzil kirayəsi üçün kompensasiya almaq hüququndan məhrum etməməlidir.
30. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Odur ki, iddia əsalı və qanuni olduğundan təmin edilməlidir.
31. İPM-in: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2023-cü il tarixdən hər ay kompensasiya ödənilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X4-Abbaszadə