Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5424/2025 11.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə (Açar sözlər: diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3, mütəxəssis X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı “şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin ДИС ******* nömrəli “Diplom”dan görünür ki, həmin diplom 6 iyun 2007-ci il tarixdə “Hüquqşünaslıq” ixtisası üzrə İddiaçı verilmişdir.
2. Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin ДИС ******* nömrəli “Diplom”a əlavə.
3. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 7 yanvar 2025-ci il tarixli, 3-29-61/2-Ş-246- 4/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, xarici ali təhsil ixtisasının tanınması ilə bağlı müraciətinin nəticəsinə dair 20 avqust 2014-cü il tarixli, Ş-25504/03-24 nömrəli əlaqəli məktub yaşadığı ünvana göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
4. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 6 iyun 2007-ci il tarixli, ДИС ******* qeydiyyat nömrəli diplomun və verilən ixtisasın tanınması və ekvivalentlik (kvalifikasiya) haqqında şəhadətnamə verilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-2007-ci ildə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almışdır. Tərəfindən cavabdehə diplomun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı müraciət edilmiş, cavabdeh tərəfindən 7 yanvar 2025-ci il tarixdə verilmiş məktuba əsasən tələbinə imtina verilmişdir. İmtinanın əsası olaraq qeyd edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı adlanan qurumda qanunvericliklə nəzərdə tutulmuş fənlərin tədris edilmədiyi və bununla da tədris proqramı yerinə yetirilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməyərək qeyri-qanuni (lisenziyası olmadan) fəaliyyət göstərdiyinə görə 1 saylı X6 Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsi ilə “Dağıstan Dövlət Universitetin Bakı filialının fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən, həmin ali təhsil müəsissəsi tərəfindən verilən diplomlar üzrə ixtisasların ölkə ərazisində tanınması mümkün hesab edilmədiyi göstərmişdir. Belə ki, iddiaçı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almışdır və bununla bağlı 6 iyun 2007-ci il tarixli, ДИС ******* nömrəli diplom təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti Baş Nazirin müavini E.Əfəndiyevin Rusiya Federasiyası Hökümət sədrinin birinci müavini cənab B.Axmedova ünvanladığı 6 mart 1996-cı il tarixdə N-ll 4-50 saylı məktuba əsasən RF Dağıstan Dövlət Universitetinin Azərbaycan Respublikasında Bakı filialının fəaliyyət göstərməsinə razılıq verilmiş, 2 iyul 1999-cu il tarixdən 20 iyun 2007-ci il tarixədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansında olan məktəblərdə fəaliyyət göstərmişdir. Rusiya Federasiyası qanunlarına əsasən Rusiya Federasiyasının xarici ölkələrdə fəaliyyət göstərən Universitetlərində təhsil alan tələbələrə verilən diplomlarda “Filial” sözü yazılmır. Həmin tələbələrə verilən “BCB” seriyalı diplomlar “ДИС” seriyalı diplomla əvəz olunur. Rusiya Federasiyası Maxaçkala şəhəri, Dağıstan Dövlət Universiteti (Bakı Filialı), tərəfindən iddiaçıya verilmiş “Hüquqşünaslıq” sahəsi üzrə 2JHC0040247 nömrəli bakalavr diplomu 13 aprel 2010-cu il tarixdə Rusiya Federasiyası Moskva şəhərində “5 oktyabr 1961-ci il Haaqa Konvensiyasına əsasən apostil” olunmuş və nəticə etibarı ilə bütün dünyada keçədi olduğu halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həmin ali təhsil müəsissəsi tərəfindən verilən diplomlar üzrə ixtisasların ölkə ərazisində tanınması mümkün hesab etməmişdir. Bu səbəbdən təhsil müəssisələrinin fəaliyyətinin qanunauyğunluğunun təmin olunmasına məsul olan dövlətin davranışına etimad göstərərək həmin müəssisənin fəaliyyətinin qanunauyğun olduğunu hesab edən və həmin müəssisədə təhsilini başa vuran iddiaçının diplomunun tanınmasından cavabdehin imtinası əsaslı sayıla bilməz. İddiaçı 2002-2007-ci illər ərzində, yəni filialın fəaliyyəti 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən dayandırılmamışdan əvvəl oxumuşdur. Təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılmasının rədd olunduğu nəzərə alınmalıdır. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmış və onların etibarlılıq statusu təsbit edilmişdir. Bu baxımdan cavabdeh həmin diplomların tanınması ilə bağlı müraciətlərə baxarkən qüvvədə olan həmin məhkəmə qətnaməsini nəzərə almağa və ona uyğun davranmağa borcludur.
6. İddia tələbinin maddi hüquqi əsası kimi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7, 1.0.8, 27.1, 27.4, 29.0.21, 44.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddələrinə, ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndinə, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli, 455-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1, 7-ci bəndlərinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.3, 14.2-ci maddələrinə istinad olunmuşdur.
7. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
8. İddiaçı tərəf daha sonra iddia tələbini dəqiqləşdirərək, Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 6 iyun 2007-ci il tarixli, ДИС ******* qeydiyyatlı hüquqşünaslıq ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 11 sentyabr 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.
9. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə aparılmış inzibati icraat barədə qeyd olunur ki, vətəndaş xarici dövlətin ali təhsil müəssisəsinin blankında əldə edilən təhsil sənədinin Azərbaycan Respublikasında tanınması üçün 3 dekabr 2013-cü il tarixdə müvafiq xarici kvalifikasiyanın tanınması üçün inzibati orqana müraciət etmiş, cavabdeh orqan tərədindən iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edildiyindən 26 iyul 2014-cü il tarixli imtina qərarı qəbul edilmişdir. İddiaçı 26 iyul 2014-cü il tarixli Qərardan ən gec 26 avqust 2014-cü il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilmək hüququ olduğu halda 10 il 6 ay sonra məhkəməyə müraciət etmiş və sözügedən iddia tələbi ilə 12 fevral 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq 13 oktyabr 2024-cü il tarixdə elektron ərizə sistemində tamamlanmamış yeni ərizə yaratmış və bu hal isə imtina qərarından məlumatlı olduğunu göstərir.
c) Tərəflərin iştirakı və izahatları:
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin universitetin öz başına tikilinin olmadığını, ali təhsil verən orqanı oldğunu, iddiaçının təhsil aldığı universitetin Azərbaycanda qanunsuz fəaliyyət göstərməsinə icazə verilməsinin və iddiaçının təhsil alması onun təqsirin olmadığını bildirmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq iddiaçının cavabdeh orqana 13 iyul 2025-ci il tarixdə yenidən müraciət etdiyini, ilkin inzibati aktın mübahisələndirilməsinin etibarsız olduğunu, yeni müraciətə əsasən işə məhkəmə iclasında baxıla biləcəyini, yenidən imtina məktubunun verildiyini bildirmiş, Ali Məhkəmənin 2007-ci il tarixli qərarına əsasən iddiaçının təhsil aldığı universitetin akkreditasiyasının olmadığını, həmçinin həmin dövrdə təhsil naziri olan Misir Mərdanovun qərarı ilə həmin universitetin lisenziyasının ləğv olunduğunu, hazırkı işlə bağlı analoji işlərin olduğunu bildirmiş, qeyd etmişdir ki, əsas təsdiqini tapan fakt iddiaçının Dağıstan Universitetinin Bakı filialında təhsil alması və həmin universitetin akkreditasiyasız olması ilə bağlıdır.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X4 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, Dağıstan Universitetinin Bakı filialı Azərbaycanda qanunsuz fəaliyyət göstərmişdir. Həmin dövrdə hər il tədris ili başlamadan öncə Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov tərəfindən, hansı universitetlərin Azərbaycan Respublikasında qanunsuz fəaliyyət göstərməsi ilə bağlı dövrü mətbuata siyahılar təqdim olunmuşdur. Hazırkı iş üzrə iddiaçının təhsil aldığı universitet də həmin siyahıda olmuşdur. Həmçinin qeyd etmişdir ki, həmin dövrdə təhsil naziri olan Misir Mərdanov qanunsuz fəaliyyət göstərən universitetlərin siyahısını prokurorluq orqanlarına təqdim etmişdir. 1997-ci il tarixli Lissabon Konvensiyasının 7-ci maddəsinə əsasən hər hansı bir ölkə, digər ölkədə öz filialını və yaxud nümayənədliyini açmaq istəyirsə, bu zaman həmin ölkənin qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərməlidir. Yəni lisenziya almalı, akkreditasiya əldə etməlidir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:
16. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
17. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
20. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
21. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 6 iyun 2007-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsi verilmişdir. Həmin kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərar verərək, müraciətin icrasından imtina etmişdir.
22. Cavabdeh tərəfin mövqeyinə görə iddia tələbi əsassızdır. Etirazın əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı universitetin akkreditasiyası mövcud deyildir, həmçinin həmin dövrdə təhsil nazirinin qərarı ilə həmin universitetin lisenziyası ləğv edilmişdir.
23. İşin hallarını nəzərə alaraq, məhkəmə aşağıdakıları qeyd edir.
24. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
26. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 1 mart 2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirir və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir.
27. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli, 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”.
28. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir.
29. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; 1.5-ci bəndinə əsasən, “xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zamanı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 3.2-ci bəndinə əsasən, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
30. İddiaçının diplomuna Rusiya Federasiyasında Apostil şəhadətnaməsinin əlavə olunması ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli, 595-İİQ nömrəli Qanunla qoşulduğu, 5 oktyabr 1961-ci il tarixdə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın: 3-cü maddəsinə əsasən, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin “Apostille (Convention de la Haye du 5 octobre 1961)” adlı başlığı fransız dilində göstərilməlidir; 5-ci maddəsinə əsasən, şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir. Lazımi qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi tələb olunmur.
35. Göründüyü kimi, iddiaçının diplomuna Apostil şəhadətnaməsinin əlavə olunması yalnız diplomdakı imzaların həqiqiliyini, sənədi imzalamış şəxslərin hansı qisimdə çıxış etdiyini təsdiq edir və a priori bu diplomların başqa ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında tanınmasının məcburiliyi nəticələrini doğurmur. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru cavabdeh tərəfindən hər bir halda mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun həyata keçirilməlidir ki, bu şərtə də iş üzrə əməl olunmuşdur.
31. Həmçinin, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən:
3. Tanınmaya dair müraciətə baxılması 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; (-)
4. Tanınmaya dair tələblər
4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: (-) 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; (-)
32. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
33. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
35. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
36. Məhkəmə araşdırılması zamanı məhkəmə iclasında verilən izahatlardan, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mütəxəssisi tərəfindən verdiyi məlumatlardan müəyyən edilmişdir ki, iddiaçının təhsil aldığı universitet akkreditasiyadan keçməmiş və lisenziyası ləğv edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
37. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
38. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova