Məhkəmə qərarları › İş №2-1(118)-5434/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5434/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5434/2024 03.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqan tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, onun Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyinin “əlillik” altsistemində etibarsız hesab olunduğu 2023-cü ilin aprel ayından bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqlıqdan Qarışıq asma, Bronxial Asma, İnfeksion allergik formada tez tez nəzərət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüz pozğunluğu. Hormondan Asılı vəziyyətdə olmuşdur. Ağ ciyərlərin emfızeması. Tənginəfəslik (töyşümə), Xroniki respirator çatmamazlıq. Uşaqlıqdan qeyd olunan xəstəlikdən əziyyət çəkir. Mütamadi olaraq həmin xəstəliklərlə əlaqədər davamlı müalicəsini alır və həmin xəstəxanada daimi qeydiyyatdadır. Xəstəxana tərəfindən lazımi dərmanlarla təmin olunur və müalicəsini davam etdirir. Hal hazırda bu günə kimi mütəmadi olaraq müalicələrini davam etdirir. Bununla bağlı bir necə dəfə xəstəxanada müalicə almışdır. Və bu gün iş qabiliyyətini itirmiş, işləyə bilmir. İş qabiliyyətini itirdiyinə görə işdən azad edilərək, əlillik dərəcəsi təyin olunmuşdur. Lakin heç bir əsəs olmadan qərəzli mövqeydən çıxış edərək bir ay əllilik təyin olunur. Pensiyanı alır, növbəti ayda pensiya dəyandırılır.Bu hal bir neçə vaxtdir davam edir. İddiaçının himayəsində anadangəlmə psixi xəstə usaq var. Bronxial asma, ağır gedişli tez tez residiv verən formalı xəstədir.Hal hazırda dövlət xəstəxanalarında qeydiyyatdadır. İddiaçının xəstəliyi ilə bağlı keçmiş həyat yoldaşı ilə arasında mübahisə olduğuna görə şər böhtan xarakterli və yalan uydurma məlumatlarla Əmək və Əhalinin Sosial Müdafə Nazirliyinə müraciət edir və iddiaçının ciddi xəstəliyi olmağına baxmayaraq onun xəstə olmadığı barədə yalandan şikayətlər yazır və bir növ onun əlilliyinin dayandırılmasına səbəb olur. Təəssüf edir ki, həkimlərdə xəstəliyə deyil onun uydurma və böhtan xarakterli məlumatlarına reaksiya verərək iddiaçının əlilliyini dayandırırlar. Bu sebəbdən də o müalicələrini və dövlət tərəfindən müalicələr təyin edilsə də, məsələdən sonra onun şikayəti əsasında bütün imtiyazları dayandırılıb. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “2-ci qrup əlilliyin bərpa olunması və s." tələbinə dair iş üzrə bildirirlər ki, İnzibati icraat haqqında qanunun 28-ci maddəsinə əasasən İnzibati icraatın başlanılması üçün əsaslar 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsidir. Kərimov Əlinin məktubuna əsasən tərəflərindən inzibati icraat başlanılmış və iş materiallarına əlavə edilmişdir. Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Agentliyinin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşların 8 (səkkiz) nəfərin və digər tarixə dəvət edilmiş, müayinədə xx.xx.2023-cü il tarixində iştirak etmiş və ya o tarixdə müayinə sənədi təqdim etmiş daha 3 (üç) nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş, digər 19 (on doqquz) nəfər isə müayinədə iştirak etmədiyindən mövcud sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış, ümumilikdə 30 (otuz) nəfər üçün aşağıdakıları müəyyən etmişdir: Qəbələ rayon sakini xx.xx.1985-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin 0531003AAKZ4 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində təkrar qiymətləndirmə nəticəsində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş diaqnoz: Qarışıq astma, Bronxial astma, infeksion allerqik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət. Ağ ciyərlərin emfızeması. Disfoniya, Xroniki respirator çatmamazlıq İİ dərəcə. Asteno-nevrotik sindrom. Dəqiqləşdirilməmiş dissosıativ (konversion) pozğunluqlar, Nevrotik pozğunluq. Ezofaqitlə birgə müşahidə olunan qastroezofaqeal refluks. Xroniki dəmir defisitli anemiya. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Z-8414/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı tənginəfəslikdən, bəlğəmli öskürəkdən, uyuşmalardan, aşağı ətrafda ağrılardan, əsbilikdən, ümumi zəiflikdən şikayətləri olduğunu bildirmiş, xəstəliyinə aid bəzi müayinə və müalicə sənədlərini təqdim etmişdir. Təqdim olunan sənədlər arasında Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli ******* nömrəli, xx.xx.2023-xx.xx.2023-cü il tarixli, xx.xx.2022-xx.xx.2022-ci il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışda diaqnoz “Bronxial astma, infeksion allergik forma, ağır gedişli, kəskinləşməsi. Tənəffüs çatmazlığı, İİ mərhələ. Qabarıq asteno-nevrotik sindrom. Xroniki dəmir defisitli anemiya” kimi qeyd edilmiş, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Xidməti Mərdəkan Reabilitasiya Pansionatınin xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2221 nömrəli stasionar reabilitasiya kartasından çıxarışda diaqnoz “Bronxial astma, infeksion-allergik forma, tez- tez, nəzarət olunmayan, kəskinləşmələrlə-davamlı tənəffüs pozğunluğu, hormondan asılı vəziyyət. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı, İİ dərəcə. Ezofagitlə birlikdə reflüks. Dəmir defisitli anemiya” kimi qeyd olunmuşdur. Obyektiv müayinə zamanı, həkim ekspert müayinəsinin nəticəsinə əsasən, auskultasiya zamanı sərtləşmiş tənəffüs eşidilmiş və spirometriya müayinəsinə göndərilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatina əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixindən etibarən ‘‘Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AA ******* saylışəxsiyyət vəsiqəsinin surəti; Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 23 aprel 2024-cü il tarixli qərarı; 12 oktyabr 2021-ci il tarixli məlumat vərəqəsi; “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 T707/2024 saylı, 01.10. 2024-cü il tarixli rəyi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 23 aprel 2024-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, iddiaçının mübahisələndirdiyi 23 aprel 2024-cü il tarixli qərar cavabdeh orqan tərəfindən iddiaçıya ümumiyyətlə təqdim edilməmiş, iddiaçının məhkəmə icraatı zamanı sözügedən qərardan məlumatı olmuşdur. İPM-in 38.1ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1985-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 03 may 2021-ci il tarixindən ümumi xəstəlik səbəbindən (Qarışıq asma, Bronxial Asma, İnfeksion allergik formada tez tez nəzərət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüz pozğunluğu. Hormondan Asılı vəziyyətdə olmuşdur. Ağ ciyərlərin emfızeması. Tənginəfəslik (töyşümə), Xroniki respirator çatmamazlıq. TÇ (tənəffüs çatmamazlığı) İİ dərəcə. Vegetativ [ avtonom], sinir sisteminin digər pozğunluqları, Asteno-nevrotik sindrom, dəqiqləşdirilməmiş dissosiativ (konversion) pozğunluqlar, Nevrotik pozğunluq, Ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal reflüks, Dəmir defisitli anemiya, Xroniki dəmir defisitli anemiya...)) diaqnozları ilə ikinci dərəcəli əlillik, 5 il müddətinə təyin edilmişdir. Cavabdeh xx.xx.2024-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmiş və Dövlət-Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının 23 aprel 2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində “tam reabilitasiya olunması barədə” qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 23 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci qrup əlilliyin bərpa edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 5434/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 T707/2024 saylı rəyində qeyd edilmişdir ki; İddiaçı 06.09-xx.xx.2023-cü il tarixlərində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti Mərdəkan reablitasiya kartasmdan çıxarışda diaqnoz “Bronxeal astma infeksion allergik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə davamlı tənəffüs çatışmazlığı, İİ mərhələ, hormondan asılı vəziyyət. Ağciyərlərin emfizeması. Tənəffüs çatışmazlığı, İİ dərəcə. Ezofagitlə birlikdə reflüks. Dəmir defisitli anemiya” diaqnozu ilə müalicədə olmuşdur. Odur ki, o, hazırda da həmin xəstəlilərdən əziyyət çəkir. Xroniki xəstəliklər tam reablitasiya olunmurlar, yalnız müalicədən q sonra müvəqqəti remissiya fazasına keçirlər. Yuxarıda qeyd edilən diaqnoz 2021-2026-cı illər aralığında ona İİ qrup əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla eynilik təşkil edir. Belə xəstələr sahə poliklinikasında dispanser qeydiyyata götürülür, yazılmış aerozol dərman preparatından mütəmadi istifadə edirlər, xəstəlik tam kəskinləşdikdə isə stasionar müalicəyə cəlb olunurlar. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.4-ci bəndinə əsasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri(J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8) göstərişləri olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıya müşahidə olunan diaqnoz qeyd olunan əsasnamədə ikinci qrup əlillik təyin edilməsinin əsasları kimi göstərilmişir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda iddiaçıya xx.xx.2021-ci il tarixindən 5 il müddətinə təyin edilmiş əlillik dərəcəsinin müddəti tamam olmadan, iddiaçının cavabdeh orqan tərəfindən yenidən müayinəyə dəvət edilməsinin səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 20 aprel 2023-cü il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar