Məhkəmə qərarları › İş №2-1(118)-544/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-544/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-544/2022 18.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (işləməyən, Quba rayonu, Əski-İqriq kəndində yaşayan) iştirakı ilə, İddiaçı qızının cavabdeh Quba bələdiyyəsinə qarşı Quba rayonu, Əski-iqriq Bələdiyyəsinin 20.09.2006-cı il tarixli iclasında ona satılmış və zəbt əsasında onun istifadəsində olmuş Quba rayonunun Əski-İqriq kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin ona satılmasının tam həyata keçirilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Quba rayonu Quba Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20.09.2006-cı il tarixli iclasında ona satılmış və zəbt əsasında onun istifadəsində olmuş Quba rayonu Əski- İqriq kəndi ərazisində yerləşən 10 sot torpaq sahəsinin ona satılmasının tam həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Quba rayonunun Əski-İqriq bələdiyyəsinin 20.09.2006-cı il tarixli iclasında Əski-İqriq kənd ərazisində onun istifadəsində olan 0.10 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Lakin həmin qərar tam icra edilməmişdir. Bununla da cavabdeh Quba rayonunun Əski-İqriq bələdiyyəsi onun hüquqlarını pozmuşdur. Hazırki ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X7 filialının 05 fevral 2021-ci il tarixli, № 60 saylı “Arxiv arayışı”na əsasən; - “Əski-İqriq bələdiyyəsinin filialında miihaflzə olunan sənədlərində 142 saylı saxlama vahidinin 4-cü və 5-ci səhifəsində 2006-cı ildə olmuş bələdiyyə iclas protokollarının nömrələri və tarixləri qeyd edilmişdir. Həmin səhifələrdə 20 sentyabr 2006-cı il tarixdə olmuş bələdiyyə iclasının 9 saylı protokolunda onun adı qeyd edilmişdir. Həmin protokola aid “Zəbt olunan torpaqların alqı-satqısı» bölməsində 01 saylı sırada İddiaçı qızının adı qeyd edilmişdir. Əski- İqriq bələdiyyəsinin 20.09.2006-cı il tarixli 09 saylı iclas protokolu X7 filialına təhvil verilməmişdir. Həmin məsələ ilə bağlı müraciətinə Quba bələdiyyəsinin 31 may 2021-ci il tarixli, № 514 saylı cavabında bildirilmişdir ki, Əski-iqrıq bələdiyyəsi ilə Quba bələdiyyəsi birləşərkən Əski-iqrıq bələdiyyəsi tərəfindən bələdiyyəyə məxsus lazımı sənədlər aidiyyatı üzrə qanuni varisi olan Quba bələdiyyəsinə təhvil verilməmişdir. Növbəti müraciəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 iyul 2021-ci il tarixli, № **********44 nömrəli məktubuna əsasən idarənin Əski-İqriq bələdiyyəsinin 20.09.2006-cı il tarixli, 09 saylı iclas protokolunun və həmin protokolla əlaqəli bələdiyyə qərarının arxiv nüsxəsi aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi cavabdehin təqsirindən faktiki onun sahibliyində olan torpaq sahəsinə hüquqları pozulmuş, nəticədə torpaq sahəsi “Quba Plaza” oteli tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsi ilə bağlı hər hansı sənəd əldə edə bilmədiyindən otelin qanunsuz sahibliyinə etiraz edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Quba bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış iddiaya dair münasibətdə qeyd edilmişdir ki, əvvəla söhbət harada yerləşən torpaq sahəsindən getdiyi məlum deyildir. İddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi məlum olmadığı üçün həmin torpaq sahəsinin bələdiyyə, dövlətə və ya hər hansı şəxsə məxsus olması barədə heç bir məlumat yoxdur. Harada yerləşməsi məlum olmayan torpaq sahəsinin iddiaçıya satılması, iddiaçının həmin torpaq sahəsinin dəyərinin ödənilməsi, torpaq sahəsinin plan və ölçüsü barədə heç bir məlumat yoxdur. Bundan əlavə Quba rayonu Əski- İqriq bələdiyyəsinin sənədləri Quba bələdiyyəsinə təhvil verilməmişdir. Torpaq sahəsi vətəndaşa satılarkən müvafiq qanunverici iyə uyğun olaraq satılmalıdır. İddiaçıya torpaq sahəsi satılmışdırsa alqısatqı müqaviləsini, ödəniş qəbzini, torpaq sahəsinin harada yerləşməsi barədə sxemi təqdim etməlidir. İddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi məlum olmadığı üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin hər hansı bir hüququnun olması da aydın deyildir. İş materiallarına əlavə edilmiş : - Azərbaycan Respublikası X7 filialı tərəfindən verilmiş 60 saylı 05.02.2021-ci il tarixli arxiv arayışından görünür ki, Əski-İqriq bələdiyyəsinin filialda mühafizə olunan sənədlərində 142 saylı saxlama vahidinin 4-cü və 5-ci səhifəsində 2006-cı ildə olmuş bələdiyyə iclas protokollarının nömrələri və tarixləri qeyd edilmişdir. Həmin səhifələrdə 20 sentyabr 2006 cı il tarixdə olmuş bələdiyyə iclasının 9 saylı protokolun adı qeyd edilmişdir. Həmin protokola aid “ Zəbt olunan torpağın alqı-satqısı” bölməsində 01 saylı sırada İddiaçı İsabala qızının adı qeyd edilmişdir. Əski-İqriq bələdiyyəsinin 20.09.2006 cı il tarixli 09 saylı iclas protokolu X7 filialına təhvil verilməmişdir. 142 saylı saxlama vahidinin 4-cü və 5-ci vərəqlərinin kserosurəti arayışa əlavə olunmuşdur. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23.07.2021-ci il tarixli **********44 saylı məktubundan görünür ki, idarənin arxiv sənədlərində Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20.09.2006-cı il tarixli bələdiyyə iclasının 09 saylı protokolunun və həmin protokolla əlaqəli bələdiyyə qərarının arxiv nüsxəsi aşkar edilməmişdir. -Quba bələdiyyəsi tərəfindən verilmiş 09.03.2021-ci il tarixli **********24 saylı imtina məktubundan görünür ki, Əski-İqrıq Bələdiyyəsi ilə Quba Bələdiyyəsi birləşərkən Əski-İqrıq bələdiyyəsi tərəfindən bələdiyyəyə məxsus lazımi sənədlər aidiyyəti üzrə qanuni varisi olaraq Quba bələdiyyəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən Əski-İqrıq bələdiyyəsinin 20.09.2006-cı il tarixli 09 saylı iclas protokolunun müvafiq qərarının surətlərinin verilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci bəndində göstərilir ki, yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqı-satqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Məhkəmə araşdırması zamanı iddiaçı torpağın ayrılmasını təsdiq edən sənəd kimi yalnız iki vərəqdən ibarət vətəndaşların siyahısını təqdim etmişdir. Həmin siyahı bələdiyyənin qərarı ilə və ya iclasda müzakirənin predmeti olmasını təsdiq edən hər hansı sübut yoxdur. Göstərilnə siyahıda “Protokol N 9, 20 sentyabr 2006-cı il”, “Zəbt olan torpağın alqı-satqısı” yazısı altında qeyd olunmuş vətəndaşların sırasında X1 adı qeyd edilmişdir. Torpağın dəyərinin ödənilməsinə dair sənəd, alqı-satqı aktı, yerquruluşu planından çıxarış, yerli icra hakimiyyətinin memarlıq xidmətinin, DTXK-nin yerli şöbəsinin rəyləri isə təqdim olunnamışdır. Beləliklə, torpaq sahəsinin ayrılması barədə sənəd nə bələdiyyənin özü tərəfindən, nə də arxivdə olan sənədlərlə təsdiqlənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənədlərin hazlrlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı qızının cavabdeh Quba Bələdiyyəsinə qarşı Quba rayonu Əski-İqriq Bələdiyyəsinin 20.09.2006-cı il tarixli iclasında ona satılmış, zəbt əsasında onun istifadəsində olmuş Quba rayonunun Əski-İqriq kəndi ərazisində yerləşən 10 sot torpaq sahəsinin ona satılmasının tam həyata keçirilməsi öhdəliyi Quba bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının cavabdeh Quba bələdiyyəsinə qarşı Quba rayonu, Əski-iqriq Bələdiyyəsinin 20.09.2006-cı il tarixli iclasında ona satılmış, Zəbt əsasında onun istifadəsində olmuş Quba rayonunun Əski-İqriq kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin ona satılmasının tam həyata keçirilməsi öhdəliyi Quba bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddiası rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar