Məhkəmə qərarları › İş №2-1(118)-5445/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5445/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5445/2025 14.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ X11-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının məbləğinin xx.xx.2021-ci il tarixdə hesablanaraq ödənilməsi öhdəliyinin AR Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən müddətdə aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Siyəzən şəhərində anadan olmuşdur. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh təşkilata etdiyi müraciətə AR Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən imtina məktubu almışdır. Cavabdeh təşkilatın imtina məktubu qanunsuz və əsassızdır, qanuni həqiqəti əks etdirmir. Belə ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1982-ci ildən başlamışdır. xx.xx.1982-ci ildən xx.xx.2004-cü il tarixinədək Azərsənayetikinti SC-nin 2 saylı müəssisəsində “İzoləedici” vəzifəsində çalışmışdır. Əmək fəaliyyətinin bütün dövrləri güzəştli şərtlərlə əmək pensiyası hüququ almağa imkan verən vəzifədə olmuşdur. Bununla bağlı müəssisənin arayışı da mövcuddur. Cavabdeh təşkilat iddiaçının analıq məzuniyyətdə olduğu xx.xx.1989-cu il və xx.xx.1995-ci il tarixləri əmək qanunvericiliyin tələlərinə zidd olaraq iş stajına aid etməmişdir. Hər iki övladının doğum haqqında şəhadətnaməsini ərizəyə əlavə edilmişdir. Həmçinin cavabdeh təşkilat əsassız olaraq iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2004-cü il tarixədək öz hesabına məzuniyyətdə olduğunu iddia etmişdir. Bu məlumat yanlışdır. İddiaçı həmin dövrlərdə işləmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz bildirilmişdir ki, M. Güləliyeva iddia ərizəsində 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini və xx.xx.2021-ci il tarixindən pensiya məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçı M. Güləliyeva xx.xx.1963-cü il tarixində doğulmuş, beləliklə də, xx.xx.2015-ci il tarixdə 52 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.”. İstinad olunan normanın müddəaları baxımından M. Güləliyevaya xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1.İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi); 2.İddiaçı iş stajının ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); 3.İddiaçı ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi iş stajı tələbi). Belə ki, “Azərsənayetikinti” SC tərəfindən sorğumuza cavab olaraq təqdim olunmuş xx.xx.2024-cü il tarixli 09/04 nömrəli arayışda iddiaçının xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində, xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə ödənişsiz məzuniyyətdə olduğu qeyd olunub. Beləliklə də, onun güzəştli iş stajı 10 ildən az (7 il 6 ay 19 gün (xx.xx.1982-31.01,1989-cu il, xx.xx.1995xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı M. Güləliyeva iddia ərizəsində xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti ilə məşğul olduğunu, cavabdeh tərəfindən həmin müddətin ödənişsiz məzuniyyətdə olduğunu dövr kimi geyd edildiyini bildirmişdir. İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bununla bağlı məhkəmənin diqqətinə çatdırırıq ki, həmin Qaydalara 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüguqu verən işdə çalışmasına dair iş verinin arayışı təqdim edilməlidir. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Qanunun 31.2-2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı tələb edilən sənədlərdən biri də şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair işəgötürənin arayışıdır. Həmin sənədin Mərkəzi Filial tərəfindən X5 Sistemi vasitəsilə əldə edilməsi qeyri-mümkündür və bilavasitə işəgötürən tərəfindən ərizəçiyə təqdim edilə bilər. Mərkəzi Filial tərəfindən İddiaçıva ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-G-276742/2024 nömrəli məktubdan da aydın olduğu kimi onun ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1996-cı ildən xx.xx.2004-cü il tarixinədək olan dövrün 6 ayı (xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) ümumi iş stajına daxil edilmişdir. Onu da qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun əsaslarından biri də şəxsin incəsənətin xüsusi sahələrinin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmasıdır, yəni müvafiq işlərdə çalışan işçilərə qeyd olunan güzəştlərin tətbiq olunmasının əsas səbəbi onların əmək şəraitinin digərlərinə münasibətdə zərərli və ağır olması, habelə bu fəaliyyətin onun sağlamlığına təsirləri ilə bağlıdır, lakin analıq və digər məzuniyyət dövrlərində işçi yuxarıda qeyd olunan hər hansı əmək fəaliyyəti ilə məşğul olmur, beləliklə də, onu digərlərindən fərqləndirən zərərli işləri görmür, bu işin onun əmək şəraiti və sağlamlığına hər hansı təsiri müşahidə olunmur. İddiaçının yuxarıda qeyd olunmuş analıq və ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə çalışmadığını nəzərə alaraq həmin dövrlərin onun güzəştli iş stajına daxil edilməməsi hüquqauyğundur. Belə ki, xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək iddiaçının güzəştli şərtlərlə pensiya təminatına imkan verən əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı is verindən arayış təqdim edilməmiş, “Azərsənayetikinti" SC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 09/04 nömrəli arayışda isə həmin dövrdə İddiaçı ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Həmçinin bildiririk ki, yuxarıda qeyd olunmuş digər dispozisiya şərti, yəni iddiaçının ümumi is stajı da həmin dövrdə qüvvədə olan qanunvercilivə əsasən güzəştli şərtlərlə pensiya təminatı üçün nəzərdə tutulmuş 20 il sığorta stajı tələbini ödəmir. Belə ki, İddiaçı ümumi iş stajı 20 ildən az (14 il 19 gün (xx.xx.1982-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1995-ci il (sosial məzuniyyətdə olduğu dövr), xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq onu da qeyd edirik ki, M. Güləliyeva tərəfindən analıq məzuniyyətində olduğu xx.xx.1989xx.xx.1995-ci il tarixləri arasındakı dövrün iş stajına daxil edilib-edilməməsi məsələsinin həll edilməsi məqsədilə tələb olunan, həmin dövr ərzində doğulmuş uşaqların doğum haqqında şəhadətnamələri təqdim edilməmişdir. Buna görə də, Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-G-276742/2024 nömrəli məktubda həmin dövrün iddiaçının ümumi iş stajına daxil edilib-edilməməsinə münasibət bildirilməsi mümkün olmamışdır, lakin iddia ərizəsi ilə birgə məhkəməyə təqdim olunmuş müvafiq sənədlər əsasında iddiaçının analıq məzuniyyətində olduğu dövr (xx.xx.1989-xx.xx.1995-ci il) onun ümumi iş stajına daxil edilmişdir.

5. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o, iddiaçı ilə eyni briqadada işləmişdir. O, qaynaqçı, iddiaçı isə izolyaçı işləmişdir. 1989-1995-ci illərdə də iddiaçı ilə birlikdə işləmişdir. İddiaçı 2004, o isə 2006-cı ilə qədər işləmişdir.

6. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 1984-cü ildən işləmişdir. İddiaçı ondan əvvəl artıq müəssisədə işləyirdi. İddiaçı ilə 1984-2004-cü illərdə birlikdə işləyib, 2013-cü ildə işdən ayrılıb. 1989-1995-ci illərdə iddiaçı analıq məzuniyyətində olmuşdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

14. Azərbaycan Respublikası “Azərsənayetikinti” SC 2 №-li müəssisə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 09/04 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2004-cü ilədək “Azərsənayetikinti” SC-nin 2 №-li müəssisəsində izoləedici peşəsində işləmişdir. Bu peşə xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 №-li siyahısının 2290000-cı 12520 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var.

15. Azərbaycan Respublikası “Azərsənayetikinti” SC 2 №-li müəssisə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 09/42 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, 2000-ci ilin fevral, mart, aprel aylarında və 2003-cü ilin iyun ayından işdən azad olunana qədər öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur.

16. XİV-ЖГ 385653 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur.

17. AZ-T 257333 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur.

III.Tətbiq edilən hüquq

18. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

19. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

20. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada). 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD N°li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”.

24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

25. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.

26. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.

27. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

IV. Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

12. İşin hallarına görə, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının ümumi və xüsusi iş stajını mübahisələndirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

13. Cavabdehin dəlili ondan ibarətdir ki, Belə ki, “Azərsənayetikinti” SC tərəfindən sorğuya cavab olaraq təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 09/04 nömrəli arayışda iddiaçının xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində analıq məzuniyyətində, xx.xx.1996-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində isə ödənişsiz məzuniyyətdə olduğu qeyd olunub. Beləliklə də, onun güzəştli is stajı 10 ildən az (7 il 6 ay 19 gün (xx.xx.1982-xx.xx.1989-cu il, xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı iddia ərizəsində xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti ilə məşğul olduğunu, cavabdeh tərəfindən həmin müddətin ödənişsiz məzuniyyətdə olduğunu dövr kimi qeyd edildiyini bildirmişdir. Mərkəzi Filial tərəfindən İddiaçıva ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-G-276742/2024 nömrəli məktubdan da aydın olduğu kimi onun ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1996-cı ildən xx.xx.2004-cü il tarixinədək olan dövrün 6 ayı (xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr) ümumi iş stajına daxil edilmişdir. xx.xx.1996-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək iddiaçının güzəştli şərtlərlə pensiya təminatına imkan verən əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı iş yerindən arayış təqdim edilməmiş, “Azərsənayetikinti” SC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, 09/04 nömrəli arayışda isə həmin dövrdə İddiaçı ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Həmçinin bildirilir ki, yuxarıda qeyd olunmuş digər dispozisiya şərti, yəni iddiaçının ümumi iş stajı da həmin dövrdə qüvvədə olan qanunverciliyə əsasən güzəştli şərtlərlə pensiya təminatı üçün nəzərdə tutulmuş 20 il sığorta stajı tələbini ödəmir. Belə ki, İddiaçı ümumi iş stajı 20 ildən az (14 il 19 gün (xx.xx.1982-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1995-ci il (sosial məzuniyyətdə olduğu dövr), xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq, onu da qeyd edirik ki, M. Güləliyeva tərəfindən analıq məzuniyyətində olduğu xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövrün is stajına daxil eilibedilməməsi məsələsinin həll edilməsi məqsədilə tələb olunan, həmin dövr ərzində doğulmuş uşaqların doğum haqqında şəhadətnamələri təqdim edilməmişdir. Buna görə də, Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-G-276742/2024 nömrəli məktubda həmin dövrün iddiaçının ümumi iş stajına daxil edilib-edilməməsinə münasibət bildirilməsi mümkün olmamışdır. Lakin iddia ərizəsi ilə birgə məhkəməyə təqdim olunmuş müvafiq sənədlər əsasında iddiaçının analıq məzuniyyətində olduğu dövr (xx.xx.1989xx.xx.1995-ci il) onun ümumi iş stajına daxil edilmişdir.

14. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası “Azərsənayetikinti” SC 2 №-li müəssisə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 09/04 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2004-cü ilədək “Azərsənayetikinti” SC-nin 2 №-li müəssisəsində izoləedici peşəsində işləmişdir. Bu peşə xx.xx.1993-cü il Nazirlər Kabinetinin qərarının 2 №-li siyahısının 2290000-cı 12520 şifrə kodu üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ var. Azərbaycan Respublikası “Azərsənayetikinti” SC 2 №-li müəssisə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 09/42 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, 2000-ci ilin fevral, mart, aprel aylarında və 2003-cü ilin iyun ayından işdən azad olunana qədər öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur.

15. Bununla da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda qeyd olunan üç dispozisiya şərtləri ödənilmiş hesab olunur.

16. Odur ki, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.

17. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

20. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

21. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X11-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar