Məhkəmə qərarları › İş №2-1(118)-5450/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5450/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5450/2025 12.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: plan-ölçü sxeminin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999cu il tarixli, 65 nömrəli sərəncamı ilə X3 ayrılmış 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamına əsasən X3 0,0115 ha torpaq sahəsi ayrılmışdır. X4 xx.xx.2023-cü ildə vəfat etmiş, Sumqayıt Asan Xidmət mərkəzində miras əmlakın qəbul edilməsi ilə əlaqədar İddiaçı ərizəsi qəbul edilmişdir. 13.0.2025-ci il tarixli Abşeron rayon X5 çıxarışına əsasən xx.xx.1999-cu il tarixli, 65 saylı sərəncamına əsasən X3 0,0115 ha torpaq sahəsi ayrılmışdır. Lakin əmrə ayrıc aktı və ilkin baş plan daxil edilməmişdir. Ayrılan torpaq sahəsinin mövcud istifadə vəziyyətinə dair ərizə ilə müraciət edilsə də xx.xx.2025-ci il tarixdə aidiyyəti olmayan cavabla ərizəyə baxılmasından imtina edilmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamın qəbul edildiyi tarixdə qüvvədə olan Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndiənə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarə edilməyən dövlət orqanlarını, müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstutusiyası 29, 71. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43, 48, 65, 84, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə köçürülməsi fəaliyyəti yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, çizgi-plan, çizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "torpaq sahəsinin yerquruluşu planı” adlanır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanına əsasən yuxarıda qeyd olunan Məcəllənin 65-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra keçmiş Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 1998-ci il tarixli, 593- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmalk üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 2 dekabr 1998-ci il 593-İQ Qanununun 19-cu maddəsində yerquruluşu işlərinin aparılma qaydası aşağıdakı kimi müəyyən olunmuşdur: yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir. Təsdiq edilmiş yerquruluşu layihələri yerə (naturaya) keçirilir, dövlət torpaq kadastrında qeydiyyata alınır, sənədləşdirilir və hüquqi qüvvəyə malik olur. Yerquruluşu işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası 12 mart 1999-cu il 113 nömrəli Fərmanında qeyd olunur ki, həmin Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının iddia etdiyi yerləşmə sxeminin (yerquruluşu planından çıxarış) hazırlanması üçün Rayon İcra Hakimiyyətində texniki vasitələr, bu sahə üzrə mütəxəssis və torpaqların elektron kadastr bazası mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilir.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamına əsasən X3 0,0115 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə ona yaşayış evi tikməyə icazə verilmişdir.

10. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə X2 xx.xx.1994-cü il tarixli, 59 saylı əmri ilə qəsəbə daxilində boş istifadəyə yararsız torpaq sahələri və Cavabdeh Başçısının 28 sentyabr 1992-ci il tarixli, 488 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti Nümayəndəliyinin sərəncamına verilmiş 37,7 ha torpaq sahəsində X3 torpq sahəsi ayrılmış və yaşayış evi tikməsinə icazə verilmişdir.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3056 saylı məktubunda qeyd edilmişdir ki, 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə xx.xx.2023-cü ildə vəfat etmiş X1 (Fin kod:3GK7WCX, doğum tarixi: xx.xx.1955) (ölüm haqqında şəhadətnamə:AZ-İİ 378509, Abşeron rayon qeydiyyat şöbəsi, xx.xx.2023) miras əmlakını qəbul etmək üçün ərizə il müraciət edən vərəsəsi - oğlu - İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsi, Südçülük Sovxozu ərazisində 0,0115 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verilməsini xahiş edilmişdir.

12. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

16. 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin: 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. 29-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

17. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

20. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X3 Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamına əsasən 0,0115 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə ona yaşayış evi tikməyə icazə verilmişdir. P.Paşayev xx.xx.2023-cü ildə vəfat etmiş və İddiaçı miras əmlakını qəbul etmək üçün ərizə il müraciət etmişdir. İddiaçı atasına ayrılmış ,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli məktubda onun ərizəsinin icrasından imtina etmişdir.

22. Məhkəmə qeyd edir ki, torpaq sahəsi iddiaçının mərhum atasına ayrılarkən qüvvədə olmuş Torpaq Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri baxımından cavabdeh tərəfindən torpaq sahəsi ayrılan zaman onun ayrıc aktı olmalı və həmin akt sərəncama əlavə edilməli idi. Yəni iddiaçı həmin ayrıc aktını tələb etməkdə haqlıdır.

23. Torpaq sahəsi iddiaçının atasına naturada təhvil verilmiş olsa da, sözügedən sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi hazırlanılaraq təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən ayrılmış torpaq sahəsinə dair ayrıc aktının həmin dövrdə sərəncam ilə birlikdə vətəndaşa təqdim edilməsində dair isə heç bir sübut işə əlavə edilməmişdir.

24. Məhkəmə hesab edir ki, iddiaçının müraciətindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur və onun hüquqlarının pozulması ilə nəticələnmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamı ilə X3 ayrılmış 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) hazırlanaraq İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

26. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 52, 68, 69, 75.4, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 65 nömrəli sərəncamı ilə X3 ayrılmış 0,0115 ha torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) hazırlanaraq İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar