Məhkəmə qərarları › İş №2-1(118)-546/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-546/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-546/2020 20.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, X1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün cavabdeh inzibati orqnaa müraciət etmiş, cavabdehin xx xxxx 2013-cü il tarixli , A-39 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən verilən xx xxxx 2019-cu il tarixli 275 nömrəli arayışdan göründüyü kimi, oğlu X6 həqiqətən də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda xx xxxxxx 1993-cü il tarixdə həlak olmuşdur. Ümumilikdə 14 nəfərdən ibarət ailə üzvləri ilə birgə darısqal mənzil şəraitində- Sumqayıt şəhəri, 12-ci mkr, ev 27-də yerləşən 67 saylı mənzildə yaşayırlar. Həmin fakt Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil-Kommunal Sahəsinin xx xxxx 2019-cu il tarixli, 1263 saylı və xx xxx 2014-cü il tarixli, 820 saylı və Azərbaycan Respublikası yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli, **********99 nömrəli arayışları ilə təsdiq olunur. Yaşadığı Sumqayıt şəhəri, 12-ci mkr, ev 27-də yerləşən 67 saylı mənzilin sahəsinin qanunvericiliyin tələbləri baxımından adambaşına düşən yaşayış normasından aşağı olduğundan (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağında bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsə də bir nəticə verməmişdir. Belə ki, xx xxxxxx 2019-cu il tarixli A-330-068 nömrəli imtina məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Quba rayonu, Afurca kəndində fərdi yaşayış evi tam, 2/1 hissə torpaq sahəsi adına, həmçinin, Quba rayonu, Afurca kəndində torpaq sahəsi 2/1 hiss olmaqla arvadı X4 adına qeydə alınmışdır. İddiaçı bildirir ki, adına torpaq sahəsi olsa da, Mənzil Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri nəzərə alınmalı idi, belə ki, həmin maddədə qeyd olunur “vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyən edilir”. Göründüyü kimi, balaca bir torpaq sahəsinin olması onların yaşayış sahəsinə ehtiyacı qismində uçota alınmalarına maneə deyildir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasənyaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya bu Məcəllənin 51.4cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yol verilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) verilir; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar; Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçı iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı şəhid ailəsidir. İddiaçı tərəfindən şəhər İcra Hakimiyyətinə daxil olmuş A-330-068 saylı, xx.xx.2019-cu il tarixli müraciətə əlavə olunmuş 2 saylı Foma arayışında onun ailə tərkibi 14 nəfər (özü) olmaqla mülkiyyətində olan, yaşayış sahəsi 46,05 kvadrat metrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 12- ci mikrorayon, ev 27, mənzil 67-də 2014-cü ildən qeydiyyatda olduğu göstərilmişdir. Müraciətə əlavə edilmiş digər sənədlər əsasında məlum olmuşdur ki, İddiaçı adına Quba rayonunun Afurça kəndində xüsusi mülkiyyət hüquq əsasında fərdi yaşayış evi tam, 1/2 hissə torpaq sahəsi, həmçinin Quba rayonunun Afurça kəndində torpaq sahəsi 1/2 hissə olmaqla arvadı X4 adına qeydə alınmışdır. Beləliklə ərizəçinin mənzil uçotuna alınması üçün hüquqi əsaslar mövcud olmadığından (xüsusi mülkiyyət hüquq əsasında adına fərdi yaşayış evi tam, 14 hissə torpaq sahəsi, həmçinin Quba rayonunun Afurça kəndində torpaq sahəsi 14 hissə olmaqla arvadı X4 adına qeydə alınması səbəbdən) o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirlər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etirazı müdafiyə etmiş və bildirmişdir ki, İddiaçı adına Quba rayonunun Afurça kəndində xüsusi mülkiyyət hüquq əsasında fərdi yaşayış evi tam, 1/2 hissə torpaq sahəsi, həmçinin Quba rayonunun Afurça kəndində torpaq sahəsi 1/2 hissə olmaqla arvadı X4 adına qeydə alınması onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına imkan vermir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına dair müraciətindən imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Mənzil Məcəlləsinin 50.2-ci maddəsinə əsasən Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. İş materiallarından görsənir ki iddiaçı tərəfindən şəhər İcra Hakimiyyətinə daxil olmuş A-330-068 saylı, xx.xx.2019-cu il tarixli müraciətə əlavə olunmuş 2 saylı Forma arayışında onun ailə tərkibi 14 nəfər (özü) olmaqla mülkiyyətində olan, yaşayış sahəsi 46,05 kvadrat metrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 12- ci mikrorayon, ev 27, mənzil 67-də 2014-cü ildən qeydiyyatda olduğu göstərilmişdir. Eyni zamanda iş materiallarından görsənir ki, İddiaçı adına Quba rayonunun Afurça kəndində xüsusi mülkiyyət hüquq əsasında fərdi yaşayış evi tam, 1/2 hissə torpaq sahəsi, həmçinin Quba rayonunun Afurça kəndində torpaq sahəsi 1/2 hissə olmaqla arvadı X4 adına qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində fərdi yaşayış evinin olması onun mənzil yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını istisna edir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar