Məhkəmə qərarları › İş №2-1(118)-5465/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5465/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5465/2024 29.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: soyadın dəyişdirilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “iddiaçıların birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 "Kazımlı" kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaçıların birgə nikahlarından doğulmuş xx.xx.2018ci il təvəllüdlü X1 "Kazımlı" kimi dəyişdirilməsinə dair cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar tələbini onunla əsaslandırır ki, İddiaçı1 və X9 xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Hazırda Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 "Kazımlı" kimi dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixində xahişdən imtina olaraq rəsmi imtina məktubunda qeyd olunmuşdur ki, "Övladınız, xx.xx.2018-ci il təvəllüdlü X1 "Kazımlı" kimi dəyişdirilməsi barədə birgə müraciətinizə şəhər İcra Hakimiyyəti yanında Qayyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşma çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətinizə cavab olaraq bildiririk ki, övladınız, xx.xx.2018-ci il təvəllüdlü X1 "Kazımlı" kimi dəyişdirilməsi şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətləri xaricindədir". Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Digər övladı xx.xx.2013-cü il təvəllüdlü X7 da soyadı "Mollakazımov" dan "Kazımova"ya Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə dəyişdirilmişdir. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: AZ-l 765931 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2012-ci ildə nikahlarını bağlamışlar. AZ-lV 171954 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 08 oktyabr 2018-ci il tarixdə anadan olmuşdur, soyadı “Mollakazımov” olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş Sumqayıt şəhər İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1317/2018 saylı, 20 aprel 2018-ci il tarixli Qərarı ilə iddiaçının digər övladı X3 Kazımovaya dəyişdirilməsi qərara alınmış, qərar xx.xx.2018-ci il tarixində icra edilmişdir. AZ-lV 099148 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 28 iyun 2013-cü il tarixdə anadan olmuşdur, soyadı “Kazımova” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçılar birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 "Kazımlı" kimi dəyişdirilməsini istəyir. Cavabdeh isə uşağın 18 yaşına çatmaması səbəbilə imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Göründüyü kimi qanunvericilik uşağın soyadının bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyini, lakin bunun istisnalarının da ola biləcəyini müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının digər övladı X3 da məhkəmə qərarı ilə Kazımovaya dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, uşağın gələcəkdə cəmiyyətdə qarşıla biləcəyi narahatlığı nəzərə alaraq və eyni zamanda bacısının da soyadının məhkəmə qərarı ilə dəyişdirilmiş olmasını nəzərə alaraq uşağın soyadının dəyişdirilməsi onun mənafeyinə uyğundur. Məhkəmə hesab edir ki, aparılan araşdırma və qeyd edilən sənədlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X1 “Mollakazımov”dan "Kazımlı"ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar