Məhkəmə qərarları › İş №2-1(118)-5467/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5467/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5467/2025 12.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: xəstəlik haqqında şəhadətnamədə dəyişiklik edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “xəstəlik haqqında şəhadətnamədə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2na iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7599 nömrəli, xx.xx.2024-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamədə” müvafiq dəyişikliyin edilərək iddiaçının xəstəliyinin səbəb əlaqəsinin “Ümumi xəstəlikdir” ifadəsindən xəstəlikdir, “Hərbi xidmət dövrü alınmışdır” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmətdə, xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Müdafiə Nazirliyinin N və N №-li hərbi hissələrində MAXE kimi həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən xəstəliyə görə ehtiyyata buraxılmışdır. (əsas: 7599 №-li, xx.xx.2024-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”) Ehtiyata buraxılmağına səbəb olmuş xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” ifadəsi ilə göstərilmişdir. İddiaçı hesab edir ki, xəstəliyinin səbəb əlaqəsi düzgün göstərilməmişdir. xx.xx.2025-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət edərək X3 Hərbi Həkim Komissiyasının qərarında göstərilən xəstəliyinin səbəb əlaqəsinin “Ümumi xəstəlikdir” ifadəsindən “xəstəlikdir, hərbi xidmət dövrü alınmışdır” ifadəsinə dəyişdirilməsi (əvəz olunması) barədə qərar qəbul etmələrini xahiş etmişdir. Lakin cavabdeh iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla imtina cavabı vermişdir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Hərbi Həkim Ekspertizası haqqında” Əsasnamənin 5.1, 7.1, 7.2, 7.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) qarşı 06.08 2024-cü il tarixli 7599 saylı xəstəlik haqqında şəhadətnamədə xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “ümumi xəstəlikdir” əvəzinə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(118)-5467/2025 saylı sərəncamı və vətəndaş İddiaçı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə MN MHHK-na göndərilmiş və araşdırılmışdır. SHXÇDX-nin Abşeron rayon şöbəsi tərəfindən 2017-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2024-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli nin 5 “b” maddəsinin İİİ qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və ya xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin e) yarımbəndinə əsasən “ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 1.8-ci bəndinə əsasən şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkimmütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır. Xəstəlik ilk dəfə İddiaçı xx.xx.2024-cü il tarixdə MN BKH-da “sağ ağciyərin aşağı payının yüngül dərəcəli ocaqlı pnevmoniyası” diaqnozu ilə müalicə aldığı zamanı aşkar edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü ildə tarixdə o, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinədə olmuş, diaqnoz təsdiq olunmuş və o dispanser qeydiyyatına götürülmüşdür. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 668 nömrəli göndərişi ilə MN MHP-da tibbi şəhadətləndirilmiş, SQ BKH-da baş infeksionist tərəfindən konsultasiya olunmuşdur İddiaçı aid tibbi sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisi terapevt tərəfindən araşdırılmış və İddiaçı yoluxma olduğu nəzərə alınmış və MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının qərarı MN MHHK-sı tərəfindən xx.xx.2024 cü il tarixdə təsdiq edilmişdir. Yuxanda qeyd olunanlara əsasən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır və işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş edir.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2015ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

9. X5 xx.xx.2024-cü il tarixli, 22 nömrəli analizindən görünür ki, İddiaçı QİÇS -1 HİV 1+2 aşkar edilmişdir.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubda qeyd edilmişdir ki, İddiaçı qeyd olunan xəstəliyə yoluxma halı təsdiq olunmuş və Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser müşahidə qeydiyyatına götürülmüşdür.

11. xx.xx.2024-cü il tarixli, 7599 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, İddiaçı X2nın qərarına əsasən xəstəliyə görə (insanın immun çatışmazığı virusu ilə yoluxma diaqnozu) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağına səbəb olmuş xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlikdir” ifadəsi ilə göstərilmişdir.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komisiyyasının xx.xx.2025-ci il tarixli 88/274 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozuna əsasən onun xəstəliyinin səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin e) yarımbəndinə əsasən “Ümumi xəstəlikdir” kimi düzgün təyin edilmişdir. Hərbi Həkim Komissiyasının hərbi xidmətə yararlılıq haqqında qərarı: xəstəliklər cədvəli”nin 5 ”b”, maddəsinin İİİ qrafası və ƏTC-na əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin e) yarımbəndinə əsasən “Ümumi Xəstəlikdir” kimi düzgün təyin edilmiş və dəyişdirilməsi üçün əsas yoxdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

16. “Hərbi qulluqçuların statusu" haqqında Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 3-cü hissəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2-ci bəndinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3-cü bəndinə əsasən hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 1.7-ci bəndinə əsasən hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; b) “Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”; ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”; d) “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”; e) “Ümumi xəstəlikdir”. ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

22. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək və xx.xx.2017ci il tarixdən xx.xx.2024-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu dövrdə onda QİÇS -1 HİV 1+2 aşkar edilmiş və Respublika QİÇS-lə Mübarizə Mərkəzində dispanser müşahidə qeydiyyatına götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 7599 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, İddiaçı X2nın qərarına əsasən xəstəliyə görə (insanın immun çatışmazığı virusu ilə yoluxma diaqnozu) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmağına səbəb olmuş xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlikdir” ifadəsi ilə göstərilmişdir. İddiaçı xəstəliyinin səbəb əlaqəsinin “ümumi xəstəlikdir” ifadəsindən xəstəlikdir, “hərbi xidmət dövrü alınmışdır” ifadəsi ilə əvəz olunması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli məktubla müraciətin icrasından imtina etmişdir.

23. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıda aşkar olunmuş xəstəlik hərbi xidmət dövründən qabaq və hərbi xidmətə qəbul edilən zaman mövcud olmadığından və xidmət dövründə yarandığından, xəstəliyin səbəbli əlaqəsinin “ümumi xəstəlik” kimi qeyd edilməsinin qanunvericilikdə qeyd olunan əsasları müəyyən olunmur.

24. İddiaçı sağlam şəkildə hərbi xidmətə qəbul edilmiş, həkim komissiyaları tərəfindən dispanser müayinələrindən keçirilən zaman da onda həmin xəstəlik aşkar edilməmişdir. Cavabdehin məhkəməyə ünvanladığı məktubda qeyd edilmişdir ki, həmin xəstəlik ilk dəfə İddiaçı xx.xx.2024-cü il tarixdə MN BKH-da “sağ ağciyərin aşağı payının yüngül dərəcəli ocaqlı pnevmoniyası” diaqnozu ilə müalicə aldığı zamanı aşkar edilmişdir. İddiaçının qeyd edilən xəstəliyi hərbi xidmətə qəbul edilənədək aldığı öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçıda xəstəlik bilavasitə hərbi xidmət dövründə aşkar edilmiş və bundan sonra iddiaçı xəstəliyə görə ehtiyata buraxılmışdır.

25. Beləliklə, məhkəmənin istinad etdiyi mötəbər sübutlar iddiaçıda aşkar olunan xəstəliyin hərbi xidmət keçmə dövründə yarandığının müəyyən olunmasına, xəstəliyin səbəbli əlaqəsinin ç) “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd olunması nəticəsinə gəlməsinə əsas verir.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 7599 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 7599 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar