Məhkəmə qərarları › İş №2-1(118)-547/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-547/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-547/2022 09.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində mülkiyyətində olan qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində mülkiyyətində olan qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0.36 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi 29.10.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində **********48 seriya nömrəsi ilə çıxarışla qeydiyyata alınmış, daha sonra müraciətinə əsasən Sumqayıt şəhər İcra başçısının 03.12.2018-ci il tarixli 285 saylı sərəncamına əsasən həmin torpaq sahəsinə yanacaq doldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Tikintini başa çatdırdıqdan sonra 25.10.2021-ci il tarixdə qeyd edilən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi 05.11.2021-ci il tarixli **********48 saylı məktubuna əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları (baö sahəsi) kimi qeydiyyata alındığından və təyinata uyğun istifadə edilməsini əsas gətirərək Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Qanunun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi onun öz şəxsi və xüsusi mülkiyyətinə olan hüquqlarının qeydiyyatından boyun qaçırmaq üçün belə bir əsassız arqument irəli sürmüşdür. Cavabdeh orqanın ononun ərizəsinin icrasından imtina etməsi üçün Qanunun 15-ci maddəsində sadalanan xüsusatlar mövcud deyildir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Səməd İnqilab oğlu Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 25.10.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı Ləyif qızının etibarnamə üzrə nümayəndəsi Məmmədov Səməd İnqilab oğluna bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlərin araşdırılması zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyata alındığı və təyinatına uyğun istifadə olunmadığı aşkar edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Sumqayıt şəhərində qeyri-yaşayış sahələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tətib olunmalı, təsdiqlənməlidir və təqdim edilmiş sənədlərə əlavə olunmalıdır. Göründüyü kimi hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Sumayıt şəhər İcra Hakimiyyəti başçısının 285 saylı, 03 dekabr 2018-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsində yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. -Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Tikintiyə icazə barədə xüsusi nişandan görünür ki, İddiaçı yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinə icazə barədə Xüsusi nişan verilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş 13 saylı, 26 avqust 2019cu il tarixli Tikinti obyektinin istismarına icazədən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsinin istismarına icaz verilmişdir. - Cavabdeh 05 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 285 saylı, 03 dekabr 2018-ci il tarixli sərəncamı il İddiaçı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsində yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. 26 avqust 2019-cu il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həmin qeyri-yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı sözügedən əmlak üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X4 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunanların əyani təsdiqi üçün X3rşı 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi». Həmin işdə Avropa İnsan Hüquqları Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözü gedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Göründüyü kimi Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında özbaşına tikilinin dövlət orqanları tərəfindən tikinti aparılarkən qarşısının alınmaması və uzun müddət həmin tikilinin mövcudluğuna susması, tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməməsi, tikiliyə tikinti aparmış şəxsin hüququnun mülkiyyət hüququna bərabər kimi qiymətləndirmişdir. Hazırki iş üzrə inşa edilən tikili nəinki özbaşına tikili deyildir, torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla, aidiyyatı qurumlar tərəfindən də tikinti aparılmasına, layihələndirilməsinə və binanın istismarına icazə verilmişdir. Belə olan halda, inşa edilən qeyri-yaşayış binasının dövlət reyestrində mülkiyyət kimi qeydə alınması qanunsuz hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar