Məhkəmə qərarları › İş №2-1(118)-5475/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5475/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5475/2025 10.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N aprel 2022-ci il tarixli, 1799 nömrəli “Travma haqqında arayış”ından görünür ki, 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması (29 sentyabr 2020-ci il), sol aşağı ətrafın proksimal parezi ilə müşayiət olunan sol dik sinirinin postravmatik nevropatiyası, ətrafın funksiyasının mülayim dərəcədə pozulması, sol bud sümüyünün medial kondilusunun sümük defektli kənari sınığı ilə müşayiət olunan sol diz oynağının, əlin sağ budun, baldırın, bazunun, üzün sol yarısının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yumşaq toxumaların və sol budun media kondilusunun vad cisimləri (metal qəlpələr), sol diz oynağının vətər-sümük mənşəli açıcı kontrakturası, yerişin pozulması. Sol əlin İİİ, İV, V barmaqlarının falanqalararası kontrakturası diaqnozu ilə xəsarət almışdır. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən almışdır.

2. 16 sentyabr 2022-ci il tarixli, 11304 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı mövcud olan diaqnozun hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 3 mart 2023-cü il tarixli, 2812 nömrəli məktubu ilə göndərilmiş 2 mart 2023-cü il tarixli, 9 nömrəli “Həkim Psixiatr Komissiyasının rəyi”ndən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” diaqnozu qoyulmuşdur.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 13 fevral 2024-cü il tarixli, 3562 nömrəli məktubu ilə göndərilmiş 13 fevral 2024-cü il tarixli, 3657 nömrəli “Həkim Psixiatr Komissiyasının rəyi”ndən görünür ki, İddiaçı “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalarla F 62.0” diaqnozu qoyulmuşdur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 22 noyabr 2024-cü il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah yaralanması, partlayış travması, sağ bazunun, sol said və əlin hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, çoxsaylı kiçik qəlpələri və postravmatik kobud-kelloid çapıq toxumalar, sağ saidin orta-distal 1/3 səviyyəsində, mil-bilək oynağı ətrafında çoxsaylı metal qəlpələri. Sol əlin ll-V barmaq, daraq falanqa oynaqları ətraflarında yumşaq toxumalarda çoxsaylı metal qəlpələri. Sağ diz oynağı ətrafı yumşaq toxumalarda metal qəlpələr. Sol diz oynağının kəskin kontrakturası (bükmə 135 dərəcə). Sağ diz oynağının kontrakturası (bükmə 85 dərəcə). Aşağı ətraflarda hərəkət funksiyasının pozulması. Sol əlin tutma funksiyasının pozulması. Fəlakət (ll Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Tez-tez baş verən dekompensasiyalar, depressiv daxil olmalarla” diaqnozu ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 4 fevral 2025-ci il tarixli, 3-17- 4/2-M-2524/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında 26 noyabr 2024-cü il tarixdə Agentlikdə əyani müayinədə olmuş, təqdim edilən tibbi sənəndlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər-hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 10 dekabr 2024-cü il tarixli, 3-17-4/3-3-8984/2024 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir.

8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin 8 dekabr 2025-ci il tarixli, 18-1-66/2- 2545/2025 nömrəli məktubundan görünür ki, 1994-cü il təvəllüdlü Mehdiyev İlham oğlunun adına tərtib olunmuş, 6 noyabr 2024-cü il tarixli, D00232264KQX saylı (Forma 088) göndərişdə Azərbaycan Respublikası Nazirlər Kabintinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamalıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” uyğun XBT 10 kodu ilə qeyd edilmiş əsas diaqnoz “Y36.2 hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silah yaralanması, partalayış travması, sağ bazunun, sol said və əlin hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, çoxsaylı kiçik qəlplərlə postravmatik kobud-kelloid çapıq toxumalar, sağ saidin orta distal A səviyyəsində mil bilək oynağı ətrafında çoxsaylı metal qələpələri, sol əlin İİ-V barmaq, daraq falanqa oynaqları ətraflarında yumşaq toxumalarda çoxsaylı metal qəlpələri”. Ağırlaşmalar: “G83.1 Aşağı ətrafın monoplegiyası, sol aşağı ətrafın monoparezi, poroksimal 3.5-4, distal 3 bal” 6.5.1-ci qrafasına uyğun gəlir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Fondunun yanında X5 və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 22 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1994-cü il tarixdə anadan olmuş, 14 avqust 2018-ci il - 5 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xdmət keçmiş, müharibə iştirakçısıdır. 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində aşağıda qeyd edilən xəsarətləri almışdır: Partlayış travması, sol aşağı ətrafın proksimal parezi ilə müşayiət olunan sol bud sinirinin postravmatik neyropatiyası, ətrafın funksiyasının mülayim dərəcədə pozulması, sol bud sümüyünün medial kondilusunun sümük defektli kənari sınığı ilə müşayiət olunan sol diz oynağının, əlin sağ budun, baldırın, bazunun, üzün sol yarsının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yumşaq toxumaların və sol budun medial kondilusunun yad cisimləri (metal qəlpələr), sol diz oynağının vətərsümük mənşəli açıcı konturakturası, yerişin pozulması, sol əlin İİİ, İV, V barmaqlarının falanqalararsı kontrakturası” diaqnozu. Partlayış yaralanması bədəninin müxtəlif nahiyələrini qəlpə yaralanmalarına səbəb olmuşdur ki, hazıradək də bədənində qəlpə hissələri mövcuddur. Bu xəstəliklər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 11304 nömrəli xəstəlik haqqında şəhadətnaməsində öz əksini tapmışdır. Bu xəstəlik və travmalarla bağlı daha sonra həm dövlət, həm də özəl xəstəxanalarda müayinə aktları mövcuddur. Cavabdeh təşkilatın 22 oktyabr 2022-ci il tarixli müayinəsi ilə iddiaçıya İİİ dərəcəlik əlillik təyin olunmuşdur. Daha sonra növbəti 22 noyabr 2024-cü il tarixli müayinə zamanı əlillik əlamətinin müəyyən edilməməsi ilə bağlı qərar qəbul edilmişdir. İddiaçı bu qərarla razılaşmadığı üçün dərhal cavabdeh təşkilatın özünə yazılı müraciət etmişdir. Çünki müayinənin diaqnoz hissəsində bir neçə səbəb ümumiyyətlə göstərilməmişdir. Cavabdeh təşkilat iddiaçıya yenidən rəsmi cavab verərək, yenidən müayinəyə dəvət etmişdir. 4 aprel 2025-ci il tarixdən keçirilən sonuncu müayinədə iddiaçıya yenidən əlillik təyin olunmasından imtina edilmişdir. İddiaçı cavabdeh təşkilatın imtinasını qanunsuz və əsassız hesab edir. Bildirilmişdir ki, müharibədə iştirakından bu günə qədər səhhəti ağırlaşmaqda davam edir. Heç bir müsbət irəliləyiş olmadığı halda cavabdeh təşkilat əlilliyin təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya 2022-ci ildə əlillik eyni səbəblərdən təyin edilmişdir.

11. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 2.2.2, 33, 35-ci maddələrinə istinad edilmişdir.

12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın 22 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən orqanizm funksiyalarının pozulması 35-60 faiz olmaqla iki il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 10 dekabr 2025-ci il tarixli protokolqərardadı ilə icraata qəbul edilmişdir.

14. Məhkəmənin 9 iyul 2025-ci il tarixli, 2-1(118)-743/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Birliyi publik hüquqi şəxsinə həvalə edilmişdir.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi imtinanın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

24. Məhkəmənin 9 iyul 2025-ci il tarixli, 2-1(118)-5475/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

32. İddia tələbinin əsaslarına görə, iddiaçı 14 avqust 2018-ci il - 5 oktyabr 2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xdmət keçmiş, müharibə iştirakçısıdır və 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarətlər almış, lakin cavabdeh tərəfindən əsassız olaraq əlilliyin təyin edilməsindən imtina edilmişdir.

33. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 26 noyabr 2024-cü il tarixdə Agentlikdə əyani müayinədə olmuş, təqdim edilən tibbi sənəndlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hərhansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.

34. İş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N aprel 2022-ci il tarixli, 1799 nömrəli travma haqqında arayışına əsasən iddiaçı 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış travması, sol aşağı ətrafın proksimal parezi ilə müşayiət olunan sol dik sinirinin postravmatik nevropatiyası, ətrafın funksiyasının mülayim dərəcədə pozulması, sol bud sümüyünün medial kondilusunun sümük defektli kənari sınığı ilə müşayiət olunan sol diz oynağının, əlin sağ budun, baldırın, bazunun, üzün sol yarısının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, yumşaq toxumaların və sol budun media kondilusunun vad cisimləri (metal qəlpələr), sol diz oynağının vətər-sümük mənşəli açıcı kontrakturası, yerişin pozulması. Sol əlin İİİ, İV, V barmaqlarının falanqalararası kontrakturası diaqnozlu döyüş tapşırığını yerinə yetirərkən xəsarət almış, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 22 oktyabr 2022-ci il tarixdən 2 il müddətinə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sümük sınığının pis bitişməsi. Oynaqların kontrakturası. Oynağın başqa rubrikalarda təsnif olunmayan çətin hərəkətliyi, hərəkətsizliklə bağlı patoloji sınıqla müşayiət olunan osteoporoz” diaqnozu, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” səbəb-əlaqəsi ilə əlillik təyin edilmiş, 22 noyabr 2024-cü il və 10 dekabr 2024-cü il tarixlərdə isə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin 22 sentyabr 2025-ci il tarixli, T 707/2025 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının məhkəmə-tibbi müayinəsi zamanı sol budun aşağı 1/3-nin dairəsinin 47 sm, sağınkı isə 51 sm, sol diz oynağında hərəkətin natamam olması, gəzərkən axsaması, sanki ayağını yerə basarkən boşa çıxır, sağ baldırın orta 1/3-nin ön-içəri səthində çapıq toxuması aşkar edilmişdir. iddiaçının adına olan iş materiallarındakı tibbi sənədlərə əsasən “Sumqayıt Tibb Mərkəzi" tərəfindən tərtib edilmiş 6 noyabr 2024-cü il tarixli, D00232264KQX saylı (Forma 088) göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Y36.2 – hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silah yaralanması, partlayış travması, sağ bazunun, sol said və əlin hər iki aşağı ətrafın çoxsaylı qəlpə yaralanması, çoxsaylı kiçik qəlpələri və posttravmatik kobud-kelloid çapıq toxumalar, sağ saidin ortadistal 1/3 səviyyəsində, mil-bilək oynağı ətrafında çoxsaylı metal qəlpələri, sol əlin İİ-V barmaq, daraq falanqa oynaqları ətraflarında yumşaq toxumalarda çoxsaylı metal qəlpələri. Ağırlaşmalar: M24.5-oynaqların kontrakturası, sol əlin barmaqlarının açıcıbükücü kontrakturası, G83.1-aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi (proksimal 3,5-4, distal 3 bal), M24.6-oynağın ankilozu, sol diz oynağının kəskin kontrakturası (bükmə 135 dərəcə), sağ diz oynağının kontrakturası (bükmə 85 dərəcə), Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, sol əlin tutma funksiyasının pozulması, R26-hərəkətin və yerişin pozulmaları, aşağı ətraflarda hərəkət funksiyasının pozulması. Yanaşı xəstəliklər: F62.0 - fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” əsas xəstəlik və ağırlaşmaları ona stasionarda müayinə və müalicələri əsasında qoyulmuşdur. Əsas xəstəlik ağırlaşaraq xroniki hala keçdiyindən onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. İddiaçı hazırda da həmin xəstəliklərdən əziyyət çəkir, əsas xəstəliyin və ağırlaşmlarının yanaşı xəstəliklə birbaşa səbəb əlaqəsi vardır.

36. Məhkəmənin 10 dekabr 2025-ci il tarixli iclasında qeyd edilən ekspert rəyinin müzakirəsi aparılmış, həmçinin ekspert rəyini tərtib edən X3 məhkəmə iclasında bildirmişdir ki, ekspert rəyində göstərilmiş xəstəliklər (ağırlaşdırıcı xəstəliklər istisna olmaqla) iddiaçıda mövcuddur və zaman keçdikcə vəziyyəti daha da kəskinləşir.

37. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

38. Bundan əlavə, iddiaçının göndərişini (Forma 88) tərtib edən “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçıda mövcud olan ağırlaşma “G83.1 Aşağı ətrafın monoplegiyası, sol aşağı ətrafın monoparezi, poroksimal 3.5-4, distal 3 bal” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1-ci qrafasına uyğun gəlir.

39. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.

40. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

41. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən orqanizm funksiyalarının pozulması 35-60 faiz olmaqla iki il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar