Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5487/2023 15.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X7 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslər xx.xx.1967cı təvəllüdlü X1, xx.xx.1992-ci təvəllüdlü X5, xx.xx.1973-cü il təvəllüdlü X2, xx.xx.1995-ci il təvəllüdlü X4, xx.xx.1988-ci il təvəllüdlü X6, xx.xx.1993-cü il təvəllüdlü X3 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Abşeron Rayon Polis İdarəsinə həvalə edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9E, mənzil 3 mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzildə ailəsi ilə birlikdə qeydiyyatdadır və orada daimi yaşayır. Mənzil onun adına vərəsəlik yolu keçmişdir. Lakin onlardan başqa mənzildə keçmiş arvadı, övladları, bacısı, bacısı övladları qeydiyyatdadır. Həmin şəxslər formal olaraq qeydiyyatdadırlar. Hər birinin özlərinə məxsus mənzilləri vardır. Onlar iddiaçının evində qeydiyyatda olsalar da uzun illərdir ki, orada yaşamırlar. Hal-hazırda cavabdehlərin iddiaçıya məxsus mənzildə hələ də formal olaraq qeydiyyatda qalması onun hüquqlarının pozulmasına, əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi məhkəməyə dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqan qismində Abşeron rayon Polis İdarəsini qeyd etsə də üçüncü şəxsləri qeydiyyatdan çıxarmaq istədiyi mənzil Sumqayıt şəhərində yerləşir. Bu səbəbdən iddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilsə də məhkəmə iclasında iştirak etməmiş, iddia tələbinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Abşeron rayon Polis İdarəsi hazırkı iddiaya cavabverməli orqan olmadığına görə iddia mümkün hesab edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, keçmiş arvadı, övladları, bacısı, bacısı övladlarının qeydiyyatdan çıxarılmasını istəyir, lakin üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev