Məhkəmə qərarları › İş №2-1(118)-549/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-549/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-549/2023 10.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz şəhərinin 61-ci ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasının əsassız hesab edilməklə, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz şəhərinin 61-ci ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasının əsassız hesab edilməklə, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz ımlakın dövlət reyestrində qeydiyyata alınması, mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi vəzifəsinin Cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz şəhərinin 61-ci ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz şəhərinin ərazisindən fərdi yaşayış evi tikmak üçün iddiaçıya 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Torpağın dəyəri bələdiyyənin hesabına köçürülmüşdür. Torpaq sahəsi alınmamışdan əvvəl ləğv edilmişDT və XK-nın Xaçmaz rayon şöbəsinin müdüri Ş.Aslanovun xx.xx.2007-ci il tarixli siyahısında iddiaçının adı da torpaq sahəsi satılması nəzərdə tutlan şəxs kimi vardır. Torpaqların alqı-satqısına dair tərtib edilmiş aktda ləğv edilmiş DTvə XK-nın Xaçmaz rayon şöbəsinin möhürünün və qeydinin olmaması iddiaçının təqsiri deyildir.Torpaq sahəsi satılarkən rayonun Baş Memarının 12.06 2007-ci tarixli 234 nömrəli rəyi alınmış, torpaq sahəsinin sxamatık plan, və baş planından çıxarış hazırlanaraq bələdiyyə sədri və baş memar tərəfindən təsdiqlənmişdir. Lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Tərəflər məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının nümayəndəsi X1 müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, göstərilən 0.05 ha torpaq sahəsi Xaçmaz rayonu, Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsin iştirakı təmin edilməmişdir. Belə ki, alqı-satqı aktında DTXK-nın Xaçmaz rayon şöbəsin möhürü və qeydi yoxdur.Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. İş materiallarında olan : - Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarından görünür ki, Xaçmaz bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan Xaçmaz şəhər 61-ci ərazisindəki torpaq sahəsindən İddiaçı 500 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. -DTXK-nin Xaçmaz rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 43 saylı rəyindən görünür ki, idarə İddiaçı və qeyrilərinə satılmasl nəzərdə tutulan torpaq sahəsi Xaçmaz bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-atqı predmetidir. -Xaçmaz RİH Tikinti Memarlıq Şöbəsi tərəfindən tərtib edilmiş Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin baş planından və Xaçmaz şəhərinin sxematik baş planından çıxarışlardan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.05 torpaq sahəsinə dair tərtib edilmişdir. -Torpaqların alqı-stqısına dair aktdan görünür ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən adları qeyd olunan vətəndaşlara o cümlədən İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.05 ha torpaq sahəsi satılması qərara alınmışdır. -Xaçmaz rayon Xaçmaz bələdiyyəsi tərəfindən verilmiş 122 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Xaçmaz rayon dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 981 saylı çıxarış məktubunda göstərildiyinə görə Xaçmaz rayon Xaçmaz bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən fərdi mənzil tikmək məqsədi ilə Xaçmaz şəhəri, 61-ci kvartal ərazisində İddiaçı 0.05 ha torpaq sahəsi ayrılmışdır. - Xaçmaz rayon Memarlıq Şöbəsinin 234 nömrəli xx.xx.2007-ci il tarili rəyindən görünür ki, İddiaçı satılması nəzərdə tuutlan 500 kv.m torpaq sahəsi Xaçmz bələdiyyəsinin torpaq fonduna aiddir və orada tikinti norma qaydalarına riayət edilməklə tikinti işləri aparılması məqsədəuyğundur. - Xaçmaz rayon dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 981 saylı arxiv arayışından görünür ki, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarına əsasən Xaçmaz rayon Xaçmaz bələdiyyəsi İddiaçı 0.05 ha torpaq sahəsi satmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Məhkəmə hesab edir ki, torpaqların alqı-satqısına dair aktında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsinin nümayəndəsinin iştirakının olmaması hazırda imtina üçün əsas deyildir. Belə ki, torpağın alqı-satqısına dair aktın tərtib edilməsi iddiaçının vəzifələrinə aid olmamışdır və həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib edilməsi onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz şəhəri, 61-ci məhəllə ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin 31 iyul 2007-ci il tarixli 08 saylı qərarı ilə Xaçmaz şəhəri, 61-ci məhəllə ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar