Məhkəmə qərarları › İş №2-1(118)-549/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-549/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-549/2025 19.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Kimyasənaye” İstehsalat Birliyinin 20 oktyabr 1994-cü il tarixli, 530 nömrəli, 22363 seriyalı orderindən görünür ki, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5, mənzil 6 Səthi Aktiv Maddələr (SAM) İstehsalat Birliyində işləyən İddiaçı 6 dekabr 1993-cü il tarixli, 93 nömrəli protokola əsasən verilmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli qətnaməsinin surəti.

3. Sumqayıt Səthi Aktiv Maddələr zavodu Həmkarlar İttifaqı Komitəsi Mənzilməişət komissiyasının 20 aprel 2009-cu il tarixli iclasının 32 nömrəli protokolundan görünür ki, 20 aprel 2009-cu il tarixə kimi 17 saylı yataqxananın 6 saylı otağında müvəqqəti yaşamaq hüququ verən sənədlər ləğv edilib, müvəqqəti yaşamaq üçün X6 adına sənədləşdirilməsi qərara alınmışdır.

4. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)- 2867/2023 nömrəli qərarı ilə 6 yanvar 1994-cü il təvəllüdlü X3, 21 dekabr 1995-ci il təvəllüdlü X2, xx xxxxxxx 1970-ci il təvəllüdlü İddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, 5 saylı evin, 6 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin 4 sentyabr 2023-cü il tarixli, 607 nömrəli ətraflı arayışından görünür ki, ünvan 3 ünvanda X11, X7, İddiaçı qeydiyyatda olub heç vaxt yaşamadığına görə 3 iyul 2023-cü il tarixli, 2-1(118)-2867/2023 nömrəli məhkəmə aktı əsasında qeydiyyatdan çıxarılmışdır.

6. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin 6 sentyabr 2023-cü il tarixli, 2702 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanda yerləşən mənzilin sahibi X12r və həmin ünvanda X16, X17, X25 və X22 qeydiyyatdadırlar.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 sentyabr 2023-cü il tarixli, 3-21-3-31/2-3208/2023 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5 ünvanda yerləşən 6 saylı mənzil “Səthi aktiv maddələr” zavodunun Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 25 aprel 2009-cu il tarixli, 888 nömrəli order, Sumqayıt Şəhər 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 12 yanvar 2012-ci il tarixli, 365 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxsin mənzili özəlləşdirməyə razılığı barədə ərizəsi əsasında X6 adına qeydiyyata alınaraq dövlət reyestrindən 4 fevral 2012-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, 3-21-3- 31/2-Ə-01xx-xx/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5 ünvanında yerləşən 6 saylı mənzil üzərində X6 mülkiyyət hüququnun, həmçinin 4 fevral 2012-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469-2003 nömrəli qətnaməsi ilə İddiaçı, X13 qarşı yaşayış sahəsindən çıxarılmaqla, onun həmin sahəyə köçürülməsi tələbi əsaslı olduğunda təmin edilmiş, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasına İ.Aşurovaya məxsus mənzil boşaldılanədək möhlət verilmiş, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdeh mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanədək yaşayış hüququ bərpa edilməsi üçün İddiaçı ona verilmiş order üzrə eyni sahəli və şəraitli yaşayış sahəsi ilə təmin edilməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir.

10. Aktiv Maddələr Zavodunun 25 aprel 2009-cu il tarixli, 888 nömrəli orderindən görünür ki, həmin order 12 aprel 2009-cu il tarixli, 32 nömrəli protokola əsasən X14 Kimyaçılar qəsəbəsi, yataqxana 17, otaq 6 ünvana dair verilmişdir.

11. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 4 fevral 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 X6 xüsusi mülkiyyətindədir.

12. Azərbaycan Neft və X27 Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərkimya” X4 İttifaqı Komitəsinin 3 noyabr 2023-cü il tarixli, 156 nömrəli məktubu ilə qoşma şəklində Sumqayıt Səthi Aktiv Maddələr zavodu Həmkarlar İttifaqı Komitəsi Mənzil-məişət komissiyasının 20 aprel 2009-cu il tarixdə birgə keçirdiyi iclasının 32 nömrəli çıxarış protokolu (§3) göndərilmişdir.

13. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 14 noyabr 2023-cü il tarixli, 3-48-DA-10F/2-280/2023 nömrəli məktubundan görünür ki, Sumqayıt Səthi Aktiv Maddələr (SAM) istehsalat Birliyinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən sorğunun müsbət icrası mümkün olmamışdır.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 14 noyabr 2023-cü il tarixli, 18/2-36196/23 nömrəli və 11 dekabr 2023-cü il tarixli, 18/2-38728/23 nömrəli məktublarından görünür ki, 6 oktyabr 1985-ci il təvəllüdlü X18 20 fevral 2003-cü il tarixdən, 3 oktyabr 1958-ci il təvəllüdlü X16 16 iyun 2005-ci il tarixdən, 23 dekabr 1988-ci il təvəllüdlü X19 15 noyabr 2008-ci il tarixdən, 20 aprel 2012-ci il təvəllüdlü X25 3 mart 2018-ci il tarixdən, 28 aprel 2015-ci il təvəllüdlü X22 1 oktyabr 2020-ci il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilmişdir ki, xx xxxxxxx 1970-ci il təvəllüdlü İddiaçı 16 iyun 2005-ci il tarixdən 12 noyabr 2020-ci il tarixədək, 20 oktyabr 1961-ci il təvəllüdlü X20 31 may 2005-ci il tarixdən 26 iyul 2013-cü il tarixədək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata olmuşlar.

15. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 noyabr 2023-cü il tarixli, 5-6-7/2- 1360/2023 nömrəli məktubu ilə qoşma şəklində 1 saylı Mənzil-Kommunal Sahəsinin 15 noyabr 2023-cü il tarixli, 3321 nömrəli arayış və 1 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş qonşuların tərtib etdiyi akt.

16. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 noyabr 2023-cü il tarixli, 5-6-7/2- 1369/2023 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - 1 saylı Mənzil-Kommunal Sahəsinin 4 noyabr 2023-cü il tarixli, 31 saylı ətraflı arayışı. - Sumqayıt Səthi Aktiv Maddələr zavodu Həmkarlar İttifaqı Komitəsi Mənzilməişət komissiyasının 20 aprel 2009-cu il tarixdə birgə keçirdiyi iclasının 32 nömrəli çıxarış protokolu (§3); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2- 3757/2023 nömrəli məktubu. - “Kimyasənaye” İstehsalat Birliyinin 29 yanvar 1988-ci il tarixli, 2748 nömrəli, 21580 seriyalı orderindən görünür ki, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5, mənzil 6 “X36” qızına 20 yanvar 1988-ci il tarixli, 21 nömrəli protokola əsasən verilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 4 fevral 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§10).

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 noyabr 2023-cü il tarixli, 3-21-3- 31/2-4003/2023 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5 ünvanında yerləşən 6 saylı mənzilin üzərinə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(105)- 871/2023 saylı bildirişi əsasında qadağa qoyulmuşdur. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 4 fevral 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§10); - Aktiv Maddələr Zavodunun 25 aprel 2009-cu il tarixli, 888 nömrəli orderi (§9); - Sumqayıt Şəhər 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 12 yanvar 2012-ci il tarixli, 365 nömrəli arayış.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

18. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, ünvan 5-ya dair X6 adına aparılmış özəlləşmənin və bunun əsasında verilmiş çıxarışın ləğvi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi işin hallarına (§1-8) istinad edilərək onunla əsaslandırılmışdır ki, ünvan 5-da yerləşməklə bu mənzil işlədiyi SAM istehsalat birliyinin 6 dekabr 1993-cü il tarixli protokolu əsasında 530 saylı, 20 oktyabr 1994-cü il tarixli orderə əsasən iddiaçıya və oğlu İsmayılov Ceyhuna ayrılmışdır. Bu otaq əvvəlcə həmin zavodun işçisi İ.Aşurovaya ayrılmış, lakin həmin şəxsə ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 47-ci məhəllədə 3 otaqlı mənzil verildiyi üçün bu otaq boş otaq kimi iddiaçıya verilmişdir. Lakin İ.Aşurovanın mənzilində məcburi köçkün ailəsi yaşadığı üçün o, mənzildən çıxmamış və iddiaçı onun ailə üzvləri ilə birlikdə bu mənzildən çıxmaları ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, məhkəmənin 27 dekabr 2003-cü il tarixli qətnaməsi ilə İ.Aşurovaya ailə üzvləri ilə bu mənzildə həmin məcburi köçkün başqa yaşayış sahəsinə köçürülənə qədər yaşamaq üçün möhlət verilmişdir. Lakin bu mənzilə dair iddiaçının adına order olmasına baxmayaraq İ.Aşurovanın oğlu E.Aşurov iddiaçının işlədiyi SAM istehsalat birliyinə müraciət edərək 20 aprel 2009-cu il tarixdə Protokol əldə etmiş və həmin protokol əsasında öz adına order almaqla bu otağı özəlləşdirmişdir. Bundan sonra o, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçını və uşaqlarını bu mənzildən qeydiyyatdan çıxarmışdır. İddiaçı bu barədə şəxsiyyət vəsiqələri sistemdə etibarsız hesab olunmasını bildikdən sonra məlumat əldə etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. İddiaçının adına order olduğu halda “Azərkimya” İstehsalat Birliyi SAM zavodunun HK-si qanunsuz protokol əsasında iddiaçının adına olan orderi ləğv edərək həmin zavodda işləməyən Elvin Aşurovun adına protokol əsasında bu mənzili ayırmış və order vermişdir. E.Aşurov da 4 fevral 2012-ci il tarixdə bu mənzili özəlləşdirməklə adına çıxarış almışdır. İddiaçı bu barədə özünün və uşaqlarının şəxsiyyət vəsiqələri sistemdə etibarsız sayıldıqdan sonra bilmiş və məlum olmuşdur ki, E.Aşurov bu mənzili iddiaçı qeydiyyatda olduğu halda mənzili öz adına özəlləşdirməklə çıxarış almış və bundan sonra Sumqayıt İnzibatı Məhkəməsinə müraciət edərək, mənzildən qeydiyyatdan çıxarılmağına nail olmuşdur. Göründüyü kimi, cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq həyata keçirilmiş, mənzildə qeydiyyatda olanların dairəsini düzgün müəyyən etməmiş və özəlləşmə qanunsuz aparılmaqla həmin mənzilə dair çıxarış verilmişdir.

20. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 71, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 49, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.1, 2.2.2, 14.1, 35.1-ci maddələrinə istinad olunmuşdur.

21. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

22. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5-ya dair X6 adına aparılmış mülkiyyət hüquqlarının qeydiyyatını və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğvi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 19 may 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

23. Məhkəmənin 30 oktyabr 2023-cü il tarixli, 2-1(118)-5757/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə X18, X16, X8 (bundan sonra – “üçüncü şəxslər”) üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

24. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

25. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.Etiraz onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin bildirilmişdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5 ünvanında yerləşən 6 saylı mənzil üzərində üçüncü şəxs E.Aşurovun mülkiyyət hüquqları 25 aprel 2009-cu il tarixli, 888 nömrəli order, 12 yanvar 2012-ci il tarixli forma 2 arayışı və qeydiyyatda olan şəxsin razılıq ərizəsi əsasında 4 fevral 2012-ci il tarixdə qeydə alınaraq, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzillər üzərində hüquqların yaranması üçün əsaslardır.

26. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 8.0.11, 11, prosessual hüquqi əsası kimi isə İPM-in 35.1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

27. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, iddianın təmin edilməsini xahiş edərək, həmçinin bildirmişdir ki, hazırkı mübahisə ilə əlaqəli olan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə üçüncü şəxs E.Aşurova mənzilə dair verilmiş order ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhəkməsinin qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh orqan səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... 42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

30. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

31. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

32. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

33. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

34. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

35. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

37. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

38. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

39. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: M a d d ə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

M a d d ə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.

M a d d ə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. ... Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir.

M a d d ə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. M a d d ə 10. Mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)

44. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

45. Məhkəmə tərəflərin mövqelərini, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

46. İddiaçı hazırkı iddia tələbi qaldıraraq, tələbin əsası kimi mübahisə predmeti olan mənzil iddiaçıya “Azərkimya” X21 Aktiv Maddələr zavodunun protokoluna əsasən tərtib edilmiş order əsasında verilmişdir. Lakin, orderin mövcud olduğu halda həmin mənzil üçüncü şəxs E.Aşurovun müraciəti əsasında eyni müəssisənin protokoluna əsasən order əldə etmiş və nəticədə cavabdeh tərəfindən üçüncü şəxs E.Aşurovun mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış və çıxarış verilmişdir.

47. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək bildirir ki, üçüncü şəxs E.Aşurovun mənzil üzərində mülkiyyət hüquqları qanunamüvafiq olaraq 25 aprel 2009-cu il tarixli, 888 nömrəli order, 12 yanvar 2012-ci il tarixli forma 2 arayışı və qeydiyyatda olan şəxsin razılıq ərizəsi əsasında 4 fevral 2012-ci il tarixdə qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir.

48. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Kimyasənaye” İstehsalat Birliyinin 20 yanvar 1988-ci il tarixli, 21 nömrəli protokola əsasən Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5, mənzil 6 “X36” qızına verilmişdir. Daha sonra həmin şəxsə digər mənzil ayrılmış və Səthi Aktiv Maddələr (SAM) İstehsalat Birliyinin 6 dekabr 1993-cü il tarixli, 93 nömrəli protokola əsasən mübahisə predmeti olan mənzil iddiaçıya 20 oktyabr 1994-cü il tarixli, 530 nömrəli, 22363 seriyalı order ilə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2003-cü il tarixli, 2-1469- 2003 nömrəli qətnaməsinə əsasən mübahisə predmeti olan mənzildən X15 çıxarılmaqla, iddiaçının həmin sahəyə köçürülməsi qət edilmişdir. Lakin, X13 verilmiş digər mənzildə qaçqınların məskunlaşdığı üçün həmin mənzil boşaldılanədək qətnamənin icrasına möhlət verilmişdir. X9 oğlu – üçüncü şəxs – E.Aşurov iş yeri olan Səthi Aktiv Maddələr zavoduna müraciət etmiş və həmin müəssisə tərəfindən üçüncü şəxs E.Aşurova hazırkı mübahisə predmeti olan ünvan 5-ya dair 25 aprel 2009-cu il tarixli, 888 nömrəli order verilmiş, nəticədə həmin şəxsin mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq, 4 fevral 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda da iddiaçı iddia tələbini qaldıraraq, üçüncü şəxsin qeydiyyata alınmış hüququnun və onun əsasında verilmiş çıxarışın ləğvini xahiş edir.

49. Eyni zamanda iş materiallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 7 mart 2025-ci il tarixli, 2(102)-465/2025 nömrəli qərarı əlavə edilmişdir.

50. Həmin qərardan müəyyən edilir ki, iddiaçı cavabdehlər “Azərkimya” İstehsalat Birliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və X14 (hazırkı – “üçüncü şəxs”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərkimya” İstehsalat Birliyinin SAM zavodu tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, 6 saylı mənzilin E.Aşurova ayrılmasına dair 20 aprel 2009-cu il tarixli, 32 saylı protokolun və bu protokol əsasında verilmiş 25 aprel 2009-cu il tarixli, 888 saylı orderin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Azərkimya” İstehsalat Birliyinin SAM zavodu tərəfindən ünvan 5-nın X14 ayrılmasına dair 20 aprel 2009-cu il tarixli, 32 saylı protokolun X14 aid olan hissəsi və bu protokol əsasında verilmiş 25 aprel 2009-cu il tarixli, 888 saylı orderin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1536/2023 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(060)-250/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 7 mart 2025-ci il tarixli, 2(102)-465/2025 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1536/2023 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

51. Məhkəmə qərarında qeyd olunmuşdur ki, mübahisəli mənzilə dair iddiaçının adına müəssisə tərəfindən order verilmiş, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun həmin mənzilə istifadə hüquqları tanınmışdır. Bununla da onun yaşayış sahəsinə münasibətdə əmlak hüquqlarının mövcudluğu təsdiq edilmişdir. Mübahisəli əmlakla bağlı iddiaçıya aid məhkəmə qaydasında ləğv edilməmiş order mövcud olduğu halda, eyni əmlakla bağlı X1 order verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Həmin orderin verilməsindən 15 il keçsə də, iddiaçı həmin orderin mövcudluğundan Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2- 1(118)-2867/2023 nömrəli qərarına əsasən onun və digərlərinin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları zamanı məlumatlı olmuşdur.

52. Beləliklə, hazırda iddiaçı tərəfindən mübahisələndirilən üçüncü şəxs E.Aşurovun ünvan 4-ya dair mülkiyyət hüquqları “Azərkimya” X10 Aktiv Maddələr zavodunun 12 aprel 2009-cu il tarixli, 32 nömrəli protokola və ona əsasən tərtib edilən 25 aprel 2009-cu il tarixli, 888 nömrəli order əsasında qeydiyyata alınmış, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MA seriyalı, ******* nömrəli, 4 fevral 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

53. Lakin qeyd edilən order və protokolun üçüncü şəxs E.Aşurova aid olan hissəsi etibarsız hesab edilmişdir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(102)-74/2024 nömrəli qərarına əsasən “...hazırda mübahisələndirilən çıxarışın verilməsinə əsas olan ... qərarı etibarsız hesab edildiyindən, bununla da daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından, həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır.”

55. Göründüyü kimi, mübahisələdirilən mülkiyyət hüquqlarının qeydiyyatının və müvafiq çıxarışın əsasında olan akt qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

57. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

58. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, ünvan 5ya dair üçüncü şəxs E.Aşurovun adına aparılmış mülkiyyət hüquqlarının qeydiyyatı və bunun əsasında verilmiş çıxarışın ləğvi vəzifəsi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin ünvan 5 üzərində X6 adına aparılmış mülkiyyət hüquqlarının qeydiyyatı və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar