Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5496/2024 27.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “20 avqust 2003-cü il tarixli, inventar işi 415 №-li qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsus olan Şamaxı rayonu, İİ Cabanı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 20 avqust 2003-cü il tarixli, inventar işi 415 №-li qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsus olan Şamaxı rayonu, İİ Cabanı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 19 avqust 2003-cü il tarixdə X7 vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş və həmin tarixdə 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini alqı satqı müqaviləsinə əsasən ona satmışdır. Bu yaxınlarda Çıxarış almaq üçün DƏDRK Publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişdir. Ona çıxarış verilməsindən imtina olunmuşdur. Hesab edir ki, şəhadətnamə düzgün tərtib olunmamışdır. Sənəd hazırlanıb torpaq sahiblərinə təqdim olunan zaman ev və həyətyanı iddiaçıya satılmış olmuşdur. Buna görə də əslində aqrar islahat komissiyası bunu nəzərə alaraq Şəhadətnaməni də onun adına tərtib etdirməli idi.Amma Şəhadətnamə əvvəlki mülkiyyətçilərin adlarına tərtib olunmuşdur. Hazırda məhkəmə bu şəhadətnaməni etibarsız hesab edərsə iddiaçı evə və həyətyanı torpaq sahəsinə çıxarış ala bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayon 2-ci Cabanı kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, iddiaçı tərəfindən Şamaxı rayon 2-ci Cabanı kəndi ərazisindən əldə olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsinin 0.24 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 30 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X10 və onun arvadı X3 adlarına JN-168A, kod 41009028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0.24 ha həyətyanı torpaq sahəsi X10 və onun arvadı X3 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi iddiaçının adına qeydiyyata alınması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Şamaxı rayon İİ Cabanı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 02 saylı arayışında qeyd edilmişdir ki, Şamaxı rayonu İkinci Cabanı kəndində 2003-cü ildə aldığı yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsini istifadə edir və vergiləri vaxtında ödəyir. İş materiallarında olan JN 168A KOD 41009028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 30 saylı Qərarı ilə 0.24 ha torpaq sahəsi X12 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şamaxı rayonlararası X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 20 avqust 2003-cü il tarixdə 01 №li reyestr kitabında 415 reyestr nömrəsi ilə qeydə alınmış inventar №415 olan qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı rayonu, Dzerjinovka kəndində yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Şamaxı rayon DNK-da təsdiq olunmuş 4Ə-2-224 reyestr nömrəli, 19 avqust 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 adına qeydə alınmışdır. 19 avqust 2003-cü il tarixli müqaviləsinin, texniki pasportun surətləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 1152/2024 saylı məktubu ilə Şamaxı rayon dövlət notariat ofisində 19 avqust 2003-cü il tarixdə 4Ə-2Ə-224 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti məhkəməyə göndərilmişdir. xx.xx.2003-cü il tarixli, 4Ə-2Ə-224 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədən görünür ki, X11 Şamaxı rayon, Dzerjinovka kəndində 2500 kv.m torpaq sahəsində yerləşən yaşayış evini iddiaçıya satmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 3-21-3-41/2-2121/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, JN 168A KOD 41009028 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Şamaxı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 30 saylı Qərarına əsasən verilmişdir. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 30 saylı Qərarı Ərazi İdarəsinin arxivində mövcud deyildir. JN 168A KOD 41009028 nömrəli Şəhadətnamənin 14 saylı Şamaxı Ərazi idarəsinin arxivində mövcud olan surəti cavab məktubuna əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 3-21-3-41/2-2667/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia etdiyi Şamaxı rayon İİ Cabanı kəndində yerləşən torpaq sahəsinə naturada baxış keçirilərək müayinə (baxış) aktı tərtib olunmuşdur. Müayinə (baxış) aktının surəti və naturada koordinatları müəyyənləşdirilmiş torpaq sahəsinin ortofoto görüntüsü təqdim olunmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, hüquqmüəyyənedici sənəd üzrə 0.24 ha, faktiki istifadədə 0.2428 ha torpaq sahəsi var. Torpaq sahəsində fərdi yaşayış evi və yardımçı tikililər var. Yaşayış məntəqələri torpaqlarında yerləşir. İddiaçının faktiki istifadəsindədir. Məhkəmə prosesində iddiaçı tərəfindən təqdim edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Şamaxı İİ Cabanı kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, həqiqətən Şamaxı rayonu İkinci Cabanı kənd qəbirstanlığında qəbir daşlarının üzərindəki tarixə əsasən X9 xx.xx.1999-cu il tarixdə və onun arvadı X1 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər və Şamaxı rayon İkinci Cabanı kənd sakinlərinin iştirakı ilə kənd qəbirstanlığında dəfn olunmuşdurlar. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 20 avqust 2003-cü il tarixli, inventar işi 415 №-li qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsus olan Şamaxı rayonu, İİ Cabanı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsini istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, iddiaçı tərəfindən Şamaxı rayon 2-ci Cabanı kəndi ərazisindən əldə olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsinin 0.24 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1997-ci il tarixli 30 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X10 və onun arvadı X3 adlarına JN-168A, kod 41009028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi 0.24 ha həyətyanı torpaq sahəsi X10 və onun arvadı X3 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini vahid daşınmaz əmlak kimi iddiaçının adına qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları və məhkəmə araşdırmasından görünür ki, xx.xx.2004-cü il tarixli JN 168A KOD 41009028 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 30 saylı Qərarı ilə 0.24 ha torpaq sahəsi X12 və X5 mülkiyyətinə verildiyi qeyd edilmişdir. Lakin xx.xx.2003cü il tarixli, 4Ə-2Ə-224 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilədən görünür ki, X11 Şamaxı rayon, Dzerjinovka kəndində 2500 kv.m torpaq sahəsində yerləşən yaşayış evini iddiaçıya satmışdır. Şamaxı rayonlararası X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 20 avqust 2003-cü il tarixdə 01 №li reyestr kitabında 415 reyestr nömrəsi ilə qeydə alınmış inventar №415 olan qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı rayonu, Dzerjinovka kəndində yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Şamaxı rayon DNK-da təsdiq olunmuş 4Ə-2-224 reyestr nömrəli, 19 avqust 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X8 adına qeydə alınmışdır. Fərdi yaşayış evinin texniki pasportunda da iddiaçının adı qeyd edilmişdir. İddiaçı Şamaxı rayonu İkinci Cabanı kəndində 2003-cü ildə aldığı yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsini istifadə edir və vergiləri vaxtında ödəyir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 3-21-3-41/2- 2667/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş müayinə atı və ortofoto görüntüsündən də görünür ki, hüquqmüəyyənedici sənəd üzrə 0.24 ha, faktiki istifadədə 0.2428 ha torpaq sahəsi var. Torpaq sahəsində fərdi yaşayış evi və yardımçı tikililər var. Yaşayış məntəqələri torpaqlarında yerləşir. İddiaçının faktiki istifadəsindədir. Həmçinin məhkəmə prosesində iddiaçı tərəfindən təqdim edilmiş Şamaxı rayon İcra Hakimiyyəti Şamaxı İİ Cabanı kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, həqiqətən Şamaxı rayonu İkinci Cabanı kənd qəbirstanlığında qəbir daşlarının üzərindəki tarixə əsasən X9 xx.xx.1999-cu il tarixdə və onun arvadı X1 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər və Şamaxı rayon İkinci Cabanı kənd sakinlərinin iştirakı ilə kənd qəbirstanlığında dəfn olunmuşdurlar. Belə ki, X12 1999-cu və X2 isə 2000-ci ildə vəfat etdiyi halda xx.xx.2004-cü il tarixdə onların adına şəhadətnamə tərtib edilmişdir. Baxmayaraq ki, X11 ilə İddiaçı arasında 4Ə-2-224 reyestr nömrəli, 19 avqust 2003-cü il tarixli alqı-satqı müqaviləsi olmuş, qeydiyyat vəsiqəsi və texniki pasport iddiaçının adına işlənmişdir. Məhkəmə hesab edir ki, sözügedən şəhadətnamənin mərhum şəxslərin adına tərtib edilmiş olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 88.1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə əldə edənə keçir. Göründüyü kimi iddiaçının fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı zəruri sənədləri mövcuddur və torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması onun gözlənilən hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 20 avqust 2003-cü il tarixli, inventar işi 415 №-li qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsus olan Şamaxı rayonu, İİ Cabanı kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.24 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5496/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5496/2024
27.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver