Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-55/2024 05.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Üçüncü şəxs X5 nümayəndəsi-vəkili Vəkil2 Elman oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha torpaq hissəsinə üçüncü şəxs X5 adına xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin dövlət aktının ləğv edilməsi ” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriyalı çıxarışa əsasən X12 xüsusi mülkiyyətinə verilmiş **********20 reyestr nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının ləğv edilməsi (dövlət qeydiyyatına xitam verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha torpaq hissəsinə üçüncü şəxs X5 adına xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktının verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və həmin dövlət aktının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1324/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə X13, 2-1(118)-1324/20232 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X15 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və onun ailə üzvlərinə Qusar Rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində 2.14 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin adına 13 iyul 2000-ci il tarixdə KOD 301210** JN *** saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. İddiaçı həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən həmin idarə tərəfindən sənədlərə baxılmış və ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 229 hissəsi olan 0.25 hektar torpaq sahəsinə dair X5 adına ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, o və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Həmin torpaq sahəsinin hansı əsaslara görə qeyd olunan şəxsin adına qeydiyyata alınması isə ona məlum deyildir. Bundan sonra iddiaçı cavabdeh X7 (üçüncü şəxslər X15, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi) qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(029)-72/2020 saylı, 01 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2545/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, 01 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X7 qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya Qusar rayonu, Çiləgir kəndindəki 0.25 hektar torpaq sahəsinə dair cavabdeh X5 adın verilmiş ********** qeydiyvat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı cavabdeh X8 qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki işə Qusar Rayon Məhkəməsində baxılarkən iş üzrə təyin olunmuş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-torpaqşünaslıq ekspertizasının 11 oktyabr 2019-cu il tarixli 19599 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən cavabdeh X5 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, KOD 30121028, JN:229 saylı 13 iyul 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2.14 hektar torpaq sahəsinin koordinatlarının hamısı ilə üst-üstə düşür. Hesab edirik ki, cavabdeh inzibati orqan iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 hektar hissəsinə üçüncü şəxs X5 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verərkən iddiaçı və ailə üzvlərinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qanunsuzluğa yol vermişdir. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan qanunsuz hərəkətləri nəticəsində üçüncü şəxs X6 adına xx.xx.2017-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati məhkəmə icraatı qaydasında etibarsız hesab edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş üçüncü şəxs X5 nümayəndəsi-vəkili Vəkil2 Elman oğlu iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X15 iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Qusar rayonu, Çiləgir kəndində yerləşən əmlaka dair vətəndaş X5 mülkiyyət hüququnun təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 31 yanvar 2022-ci il tarixdə daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu Çiləgir kəndində yerləşən torpaq sahəsinə dair X5 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların oldıb-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası əsassız olduğundan təmin edilə bilməz: Belə ki, iddia ərizəsində göstərilir ki, “...İddiaçı və onun ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli 5/2 saylı qərarı ilə Qusar rayonu, Çiləgir kəndi ərazisində cizgidə göstərilən sərhəd daxilində 2,14 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə iddiaçı və ailə üzvlərinin adına 13 iyul 2000-ci il tarixdə KOD 30121028 JN: 229 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı ” verilmişdir. İddiaçı həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərkən həmin idarə tərəfindən sənədlərə baxılmış və ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 229 hissəsi olan 0,25 hektar torpaq sahəsinə dair X5 adına ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, o və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Həmin torpaq sahəsinin hansı əsaslara görə həmin şəxsin adına qeydiyyata alınması isə ona məlum deyildir...” Sonra iddia ərizəsində, Qusar rayon məhkəməsinə eyni tələblə iddia ərizəsi ilə müraciət etməsi, həmin məhkəmənin 01 iyul 2020-ci il tarixli 2(29)-72/2020 №-li qətnaməsi ilə iddianın təmin olunmaması, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(105)-2545/2020 №-li qərardadı ilə də qətnamə ləğv olunaraq, işin icraatına xitam verilməsi və həmin tələblə bağlı İnzibati məhkəməyə müraciət edilməli olmasının izah edilməsi göstərilmişdir. İddia ərizəsində daha sonra da həmin işə Qusar rayon Məhkəməsində baxılarkən alınmış 11 oktyabr 2019-cu il tarixl 19599 nömrəli ekspertiza rəyinə əsaslanaraq göstərilir ki, “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən cavabdeh X5 adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli serira RX ******* saylı xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan KOD 30121028 JN: 229 saylı 13 iyul 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2,14 hektar torpaq sahəsinin koordinatlarının hamısı ilə üst-üstə düşür...” Göründüyü kimi, iddia ərizəsində Fuad Mirzəxanovun adına verilmiş qeyd olunan çıxarışın, məhz İddiaçı iddia etdiyi həmin torpaq sahəsində göstərilən koordinatlar üzrə verilməsini təsdiq edəcək heç bir əsaslı sübuta istinad olunmur, yalnız sübut kimi bu barədə Qusar rayon məhkəməsində işə baxılarkən ilk dəfə alınmış 11 oktyabr 2019-cu il tarixli 19599 №-li ekspertiza rəyinə istinad edilir. İşin faktiki halları isə ondan ibarətdir ki, X13 tərəfindən qeyd olunan torpaq sahəsi Seyidəhmədovlardan yox, digər torpaq sahəsi ilə birlikdə 14 noyabr 2003-cü il il tarixli müqavilə əsasında başqa şəxsdən satın alınmış və bu barədə əvvəlcə DT və XK-nin Qusar rayon şöbəsi tərəfindən Torpağa mülkiyyət hüququna dair dövlət aktı, sonra da DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən yuxarıda qeyd olunan mülkiyyət Çıxarışı verilmişdir. Sonra da torpaq sahəsi X13 tərəfindən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 və həmin alqı-satqı müqaviləsi əsasında da qeyd olunan 0,25 hektar torpaq sahəsi üzərində X9 xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış verilmiş və hazırda da qeyd olunan torpaq sahəsi Aqil Ələkbərovun xüsusi mülkiyyətindədir. İddiaçı hazırkı mübahisə ilə bağlı Qusar rayon məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə araşdırmaları zamanı da, məhz yuxarıda qeyd olunan 11 oktyabr 2019- cu il tarixli, 19599 №-li ekspertiza rəyi alındıqdan sonra X15 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş və onun vəsatəti əsasında da iş üzrə təkrar məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 08 iyun 2020-ci il tarixli 10/707 №-li ekspertiza rəyi, eləcə də Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Məkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsindən 16 mart 2020-ci il tarixli C-33 №-li mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyi əsasında verilmiş həmin ekspertiza rəyindən də görünür ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları ilə DƏDRX tərəfindən RX seriyalı ******* saylı çıxarış ilə X9 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən olunur. İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN saylı 30121028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2,29 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üst- üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Bu barədə olan mütəxəssis rəyində daha sonra göstərilir ki, qeyd olunan sualın cavablandırılması və xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Bundan başqa mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi X15 onun vicdanlı alıcısı olmaqla, qeyd olunan 0,25 ha torpaq sahəsinin alqı-satqısı barədə X13 ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi, eləcə də Aqil Ələkbərovun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan Seriya RX ******* №-li Çıxarış, qanuni qüvvədə olan rəsmi hüquq müəyyənedici sənədlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli qərarında da qeyd olunduğu kimi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 139cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6- cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N. Məmmədov anın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün , ver ilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 48.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Bütün yuxarıda qeyd olunanlara görə də İddiaçı, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, üçüncü şəxslər X13 və X11 qarşı, "DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 hektar hissəsinə üçüncü şəxs X5 adına * xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı hərəkətlərin qanunsuz və üçüncü şəxs X5 adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd olunmalıdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: cavabdeh orqanın 04 fevral 2022-ci il tarixli imtina məktubu; Qusar rayon Məhkəməsinin 2(029)-72/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi; Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2545/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı; 19599 nömrəli, 11 oktyabr 2019-cu il tarixli ekspert rəyi; JN 229, Kod 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; məhkəmə sorğusu əsasında əldə edilən digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə ona və ailə üzvlərinə ayrılmış 2.14 ha torpaq sahəsinə dair çıxarış almaq üçün müraciət etdiyi zaman məlum olmuşdur ki, torpaq sahəsinin 0.25 ha hissəsinə dair başqa şəxsin X9 adına çıxarış verilmişdir. Üçüncü şəxs X15 isə qeyd edilən torpaq sahəsini X4 alqı-satqı əsasında almışdır. Sonuncu mübahisəli torpaq sahəsinə dair JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış almışdır. İddiaçı X7 məxsus JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın ləğv edilməsi ilə bağlı cavabdeh orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehin 03 sentyabr 2024-cü il tarixli məktubu ilə JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən dövlət aktının ləğvi ilə bağlı imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə İddiaçı və onun ailə üzvlərinə JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi məqsədilə müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq Qusar rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 29 iyul 2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı və onun ailə üzvlərinə torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı ilə ayrılmış və iddiaçının təsərrüfatı Qusar rayon İHB-nın Urva kənd İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin 2001-2005-ci illərin Çiləgir kəndi üzrə 12 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 849 olaraq qeyd edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə daxil olmuş 14 noyabr 2023-cü il tarixli məktuba əlavə edilmiş Qusar rayon Aqrar İslahat Komissiyasının 17 mart 1998-ci il tarixli, 5/2 saylı qərarı və Qusar rayonu, Çiləgir kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan aydın olur ki, İddiaçı və onun ailə üzvlərinə Qusar rayonu, Çiləgir kəndi ərazisindən pay torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Eyni zamanda məhkəmə üçüncü şəxs X5 nümayəndəsi-vəkili Vəkil2 Elman oğlu tərəfindən surəti məhkəməyə təqdim edilmiş torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin araşdırılması və JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğular ünvanlamış, lakin məhkəmə sorğularına əsasən daxil olmuş cavab məktublarında qeyd edilmişdir ki, sözügedən aktın verilməsinə əsas olan alqı-satqı müqaviləsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Göründüyü kimi üçüncü şəxs X7 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər aşkar edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması şübhə doğurur. Məhkəmə İddiaçı iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxs X5 mülkiyyət hüquqları tanınmış 0.25 ha torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək məqsədilə müvafiq sorğular ünvanlamış və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, iş materiallarında bir-birinə zidd mütəxəssis rəyləri və ekspert rəyləri mövcuddur. Tərəflər arasında əvvəl baş vermiş məhkəmə çəkişməsi zamanı Qusar Rayon Məhkəməsinin 2-(029)-705/2019 saylı iş üzrə təyin edilmiş ekspertiza nəticəsində 19599 nömrəli, 11 oktyabr 2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, X5 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışda göstərilən 0.25 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə ayrılmış JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən torpaq sahəsinin koordinatlarının hamısı üst-üstə düşür. Daha sonra Qusar Rayon Məhkəməsinin 2(029)-72/2020 saylı işi üzrə yenidən tikinti-texniki ekspertiza təyin edilmişdir. 08 iyun 2020-ci il tarixli, 10/707 nömrəli ekspert rəyində də qeyd edilmişdir ki, iddiaçının mübahisələndirdiyi 0.25 ha torpaq sahəsi ilə ona və ailə üzvlərinə ayrılmış JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilmiş 2.29 ha torpaq sahəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) vardır. Qeyd edilən ziddiyyətli məqamların araşdırılması məqsədilə mütəxəssis rəyinin verilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş arayışda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin sənədində göstərilən koordinatlarla uyğunsuzluq mövcuddur (ümumi ərazidə koordinat sürüşməsi mövcud olduğundan) və Qusar rayon son elektron uçot xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsi üzrə məlumatlarının tam inteqrasiyası olmamış, yəni mülkiyyətdə olan torpaq sahəsinə dair sənədin məlumatlarının elektron uçot xəritələrinin məlumat bazasında tam əksini tapmamışdır. Yuxarıda qeyd edilən hallardan sonra iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli, 10/8354 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin sənədində göstərilən koordinatlarla uyğunsuzluq mövcuddur və Qusar rayon son elektron uçot xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsi üzrə məlumatları tam inteqrasiyası olunmamışdır. Məhkəmə işin araşdırması zamanı üst-üstə düşmə halının müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh orqana təkrar sorğu ünvanlamışdır. Cavabdeh orqan tərəfindən 29 sentyabr 2013-cü il tarixli təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir: mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatları kameral şəraitdə, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqlarının elektron kadastr uçotu məlumat bazasında dəqiqləşdirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə İddiaçı və onun ailə üzvlərinin adlarına qeydə alınmış torpaq sahəsinin koordinatlarının naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə uyğundur və həmin torpaq sahəsinin koordinatları RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il traixli, ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli çıxarışla X9 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə bütövlükdə 0.25 ha olmaqla üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin hazırki işdə cavabdeh inzibati orqan üçüncü şəxsin adına qeydə alınmış JN 293 KOD 30121028 saylı dövlət aktının ləğvindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində X5 adına JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olan alqı-satqı müqaviləsi olmuşdur ki, həmin alqı-satqı müqaviləsi mövcud deyildir. X1 adına tərtib edilmiş JN 293 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın əsasını təşkil edən alqı-satqı müqaviləsinin mövcud olmadığı öz təsdiqini tapdığından və mübahisələndirilən dövlət aktı hər hansı hüquqi əsasa malik olmadığından, həmin dövlət aktının hər hansı hüquqi qüvvəsidə qalmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə İddiaçı və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsinə üçüncü şəxs X5 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktı ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. JN 229 KOD 30121028 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə İddiaçı və onun ailə üzvlərinə məxsus olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 2.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.25 ha hissəsinə üçüncü şəxs X5 adına tərtib edilmiş xx.xx.2003-cü il tarixli, JN 293 Kod 30121028 saylı Dövlət Aktı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva