Məhkəmə qərarları › İş №2-1(118)-5503/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5503/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5503/2024 31.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər:vahid aylıq müavinətin bərpa edilməsi, ödənilməmiş müavinətlərin ödənilməsi, cinsi fərqliliyə görə ayrı-seçkilik) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və və İddiaçı2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və və İddiaçı2 Cavabdehnə qarşı “İddiaçı1 və İddiaçı2 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, həmçinin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı1 Cavabdehnə qarşı iddia qaldıraraq məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, həmçinin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Sumqayıt şəhəri, 16-cı mkr., İ.Qayıbov küçəsində yerləşən yarımçıq binada Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşmışdır və hazırda övladı xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 ilə birlikdə həmin ünvanda yaşayır. Məcburi köçkün kimi bütün imtiyazlara sahib olmaqla övladı ilə birlikdə aylıq yemək xərci müavinətini də almışdır. Lakin bununla belə aylıq yemək xərci müavinəti kəsilmişdir. Bununla bağlı olaraq Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək yemək xərclərinin bərpa olunması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Komitə müraciətini Cavabdehnə yönləndirərək ərizəyə baxılmasını xahiş etmişdir. Cavabdeh 25 iyun 2024-cü il tarixli, 5-83/2-Q-18-1/2024 saylı cavab məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün status olmayan şəxsə ərə getmiş, nikahla və ya nikaha daxil olmadan, həmçinin sonradan boşanmış qadınlara), 2.6-cı bəndinə əsasən (valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara) isə övladına vahid aylıq müavinatın verilməsinin dayandırılması bildirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən aylıq müavinətlərinin dayandırılması əsassızdır. Əvvəla məcburi köçkünlərə aylıq müavinətlərin verilməsi 05 fevral 2002-ci il tarixli "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimata əsasən tənzimlənir. Həmin Təlimatın 4.1-ci bəndinə uyğun olaraq 4.4-cü bəndinə uyğun olaraq isə övladına aylıq müavinət ödənilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qaydanın 2-ci maddəsinə əsasən aylıq müavinətin şamil edilmədiyi məcburi köçkün statusuna malik olan şəxslər dairəsi müəyyən edilmişdir. Cavabdehin istinad etdiyi 2.4-cü maddəyə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara, 2.6-cı maddəyə əsasən isə valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Göründüyü kimi, cavabdehin məktubunda müavinətin dayandırılması səbəbi kimi, məcburi köçkün olmayan biri ilə ailə həyatı qurmağı göstərilmişdir. İddiaçı 1996-cı il tarixdə X4 ilə faktiki nikaha daxil olmuşdur. Yəni istinad edilən maddədə göstərilən “faktiki və ya rəsmi surətdə ərə getmiş’’ halı 1996-cı ildən mövcud olmuşdur. Lakin Qərar onun "ərə getdiyi" vaxtdan əvvəl, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Bir qayda olaraq normativ hüquqi aktlar qüvvəyə mindiyi tarixdən etibarən yaranan münasibətlərə şamil olunur və həmin münasibətlərin tənzimlənməsi zamanı tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Hüquq doktrinasında və qanunvericilikdə hüquqi müəyyənlik (sabitlik) və hüquqa etimad prinsiplərindən irəli gələrək hüquq normalarının bir qayda olaraq geriyə şamil olunmasının yolverilməzliyi prinsipi tətbiq edilir. Belə ki, ictimai münasibətlərin iştirakçıları bütün hərəkət və davranışlarını məhz mövcud hüquq qaydalarına uyğun həyata keçirirlər. Bu səbəbdəndir ki, insanların hüquqa olan etimad və etibarının qorunması, habelə hüquqi qeyri-müəyyənliyə yol verilməməsi üçün hüquq normalarının, bir qayda olaraq, geriyə şamil edilməməsi hüququn hamılıqla qəbul olunmuş prinsiplərindəndir (Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyun 2023-cü il tarixli Qərarı) İstinadların şərh olunan məzmunundan göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normative hüquqi akt özündən əvvəlki münasibətlərə şamil oluna bilər. NK qərarının 2.4-cü və 2.6-cı maddələri isə əvvəllər ölkə ərazisində yaşayan və məcburi köçkün statusuna malik olmaqla aylıq müavinət alan qadınların və onların uşaqlarının (Təlimatın 4.1-ci və 4.4-cü bəndləri) qərarın qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdən etibarən müavinət almasının qarşısım almaqla onların hüquqi vəziyyətini pisləşdirir. Odur ki. qeyd olunan hüquq normalarında göstərilən pozitiv nəticələr baş vermir, əksinə müavinət almaq hüququnu əlindən alınır. Buna görə də normativ hüquqi aktın onun və övladının vəziyyətini pisləşdirdiyini nəzərə alaraq onun sözügedən müddəasının bizə şamil olunması qanunazidd olduğuna görə müavinətin verilməsinin dayandırılması əsassız hesab olunmalı və müavinəti bərpa edilməlidir. Eyni zamanda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. (Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qamın və məhkəmə qarşısında bərabərdir). Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14- cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)0616/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərarı). “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasımın 2-ci bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilikdə eyni statusda olan şəxslərə ("məcburi köçkün" statusu olmayan şəxslə ailə həyatı quranlara) aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda “məcburi köçkün” statusu olmayan şəxslə nikahda olan qadınlara aylıq müavinətin verilməsi ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur (Yuxarıda istinad edilən 2- 1(102)0616/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərar). Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” İ dekabr 2010-cu il tarixli Qərarı). Eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası istinad edilən qərarda bu nəticəyə gəlmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasımın 2.4-cü bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməsinin dayandırılması onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 15 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı2 ərizə təqdim edərək birgə iddiaçı qismində nəzərə alınmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 2-1(118)- 5503/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı2 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 31 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçılar İddiaçı1 və və İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı1 sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bır etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının vətəndaş İddiaçı1 iddia ərizəsinə əsasən vahid aylıq müavinətin dayandırılmasının səbəbi ilə əlaqədar Cavabdehnə sorğu göndərilmiş və müəyyən edilmişdir ki, 2021-ci il 1 dekabr tarixindən İddiaçı1 verilən vahid aylıq müavinət, 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarın 2.4 bəndinə uyğun olaraq dayandırılmışdır. İddiaçının övladı İddiaçı2 verilən vahid aylıq müavinət adıçəkilən Qərarın 2.6-cı bəndinə əsasən dayandırılmışdır. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur. Bununla yanaşı İddiaçı1 Əbıl qızına Cavabdeh tərəfindən vahid aylıq müavinətin verilməməsi qanunvericiliyin tələbinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur. İddiaçı1 məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan xx.xx.1959-cu il təvəllüdlü X4 ilə ailə münasibətlərinə daxil olduğundan 1 dekabr 2021-ci il tarixindən ona verilən vahid aylıq müavinətin dayandırıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-cı il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq, İddiaçı1 vahid aylıq müavinət verilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, qadının sonradan boşanması halı və ya ailə münasibətinə daxil olduğu şəxsin vəfatı belə ona vahid aylıq müavinət verilməsini istisna etmir. İddiaçı1 iddia tələbində özü ilə yanaşı xx.xx.1999-cu il təvəllüdlü qızı İddiaçı2 da vahid aylıq müavinətin verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə uyğun olaraq, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil edilmir. Belə ki, İddiaçı2 atası X4 məcburi köçkün statusu və onu təsdiq edən sənədə malik olmamışdır. Qeyd edilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyun tarixli 2-1(102)- 710/2021 nömrəli qərarı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2021-ci il 30 iyun tarixli 2-1 (102)-710/2021 nömrəli qərarının 29, 35-ci və 36-cı bəndlərində qeyd etmişdir ki, “Belə ki, hazırkı iş üzrə işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı “məcburi köçkün’’ statusuna malik olmuş, o, daha sonra “məcburi köçkün" statusu olmayan şəxslə faktiki nikah münasibətlərində olmuş və həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü övladı dünyaya gəlmişdir. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olur ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki, sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən, aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, onda “Qaydalardakı bəzi müddəaların (məs.: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün" statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçıya və qızına münasibətdə hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda iddiaçının qızının yeni tənzimləməyə əsasən aylıq müavinət almaq hüququ yoxdur”. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Zəngilan rayon Məhkəməsinin 16 fevral 2010-cu il tarixli, 2(034)-55/2010 saylı Qətnaməsinə əsasən 28 avqust 1999-cu il tarixdə anadan olmuş İddiaçı2 adlı uşağın öz anası İddiaçı1 yanında yaşamaqla onun himayəsində olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrindən görünür ki, iddiaçılar Zəngilan rayonunda qeydiyyatdadır. Seriya AA 087064 olan məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı1 məcburi köçkün statusuna malikdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçılar vahid aylıq müavinətin bərpasını və ödənilməmiş müavinətin ödənilməsini istəyir. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü və 2.6-cı bəndlərinə və xx.xx.2017-ci il tarixli 244 nömrəli əlavəyə istinad edərək qeyd edir ki, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil olunmur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: .... dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a əsasən: İV. Yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.1. "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; 4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara; 4.4. Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; 4.5. Ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara; 4.6. Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); 4.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara; 4.8. "Məcburi köçkün" statusu olan hər iki valideynini itirmiş uşaqlara (belə uşaqların adından yalnız onların qəyyumları və himayəçiləri çıxış edirlər); V. Yemək xərci üçün aylıq müavinət aşağıdakı şəxslərə verilmir: 5.1. Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla); 5.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; 5.3. Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; 5.4. Həbsdə olan məcburi köçkünlərə; 5.5. "Məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; 5.6. "Məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); 5.7. Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; 5.8. Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən:

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2- ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.4. məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara; 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İşin hallarından görünür ki, Zəngilan rayon Məhkəməsinin 16 fevral 2010-cu il tarixli, 2(034)-55/2010 saylı Qətnaməsinə əsasən 28 avqust 1999-cu il tarixdə anadan olmuş İddiaçı2 adlı uşağın öz anası İddiaçı1 yanında yaşamaqla onun himayəsində olması faktı müəyyən edilmişdir. İddiaçılar Zəngilan rayonunda qeydiyyatdadır. İddiaçı1 məcburi köçkün statusuna malik şəxsdir. İddiaçılara "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"a əsasən, (qüvvədə olduğu müddətdə) aylıq müavinət ödənilmişdir. Həmin təlimata əsasən 4.1. "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; 4.4. Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; 4.6. Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə) yemək xərci üçün aylıq müavinət verilir. Cavabdeh tərəfindən isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü və 2.6-cı bəndlərinə əsaslanmaqla iddiaçılara ödənilən vahid aylıq müavinət dayandırılmışdır. İddiaçılara münasibətdə cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsaslanmaqla aylıq müavinətin verilməsinin dayandırılması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. (Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-616/2023 saylı Qərarı) Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2-1(102)-1084/2021 Qərarında qeyd edilmişdir: “41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin istinad etdiyi qaydaların heç birində məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan qadınla ailə qurmuş, həmçinin sonradan boşanmış məcburi köçkün statusu olan kişilər aylıq müavinət almayan şəxslər sırasına şamil edilməmişdir.

42. Lakin istinad edilən qaydaların tələbinə görə məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş, həmçinin sonradan boşanmış qadınlar aylıq müavinət almayan şəxslər sırasına şamil edilmişdir.

43. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən ayrı-seçkiliyə yol verilərək hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə riayət edilməmişdir.” Cavabdeh 12 sentyabr 2024-cü il tarixli, 5-83/2-473/2024 saylı cavab məktubunda İddiaçı2 verilən vahid aylıq müavinətin 2021-ci ilin iyul ayının 1-dən, İddiaçı1 verilən vahid aylıq müavinətin isə 2021-ci ilin dekabr ayının 1-dən dayandırıldığı qeyd edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçılara müavinət ödənildikdən sonra qanunvericilikdə baş vermiş onların hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar onlara münasibətdə tətbiq edilə bilməz. Qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 məcburi köçkünlər üçün nəzərdə tutulan dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, həmçinin dayandırıldığı vaxtdan ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar