Məhkəmə qərarları › İş №2-1(118)-551/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-551/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-551/2022 22.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı Məlikhüseyn oğlunun cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində soyadının “Daşdiyevadan“ “Daşdiyev” soyadına və cinsinin “qadın”dan “kişi”yə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Məlikhüseyn oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh 19.11.2021-ci il tarixli 05Q-1383/66 saylı imtinasının əsassız hesab olunması və doğum akt qeydində soyadının “Daşdiyevadan“ “Daşdiyev” soyadına və cinsinin “qadın”dan “kişi”yə düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh əsl cavabdeh Şamaxı Regional “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 30 mart 2022-ci il tarixli qərardadı ilə cavabdeh qismində Şamaxı Regional “ASAN Xidmət” Mərkəzi cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Məlikhüseyn oğlu 03 avqust 1971-ci il tarixdə Sabirabad rayonu Pokrovka kəndində anadan olmuşdur. 1978-ci ildən iddiaçı Şamaxı rayonu Qurdtəpə kəndində qardaşının yanında yaşamış və oxumuşdur. Onun bütün sənədlərində, o cümlədən hərbi biletində, şəxsiyyət vəsiqəsində, nikah şəhadətnaməsində və s. soyadı, adı və ata adı “İddiaçı Məlikhüseyn oğlu” kimi qeyd edilmişdir. Sənədlərində hər hansı problemin olmasını bilməmişdir. Bu yaxınlarda oğlu Malikə şəxsiyyət vəsiqəsi alarkən məlum olmuşdur ki, onun doğum akt qeydində soyadı “Daşdiyeva”, cinsi isə “qadın” kimi qeyd olunmuşdur. Bununla bağlı o, cavabdeh orqana müraciət etmişdir, lakin ona imtina cavabı verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəm iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi, hərbi bilet, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsində iddiaçının adının “Sədaqət”, soyadının “Daşdiyev”, ata adının “ Məlikhüseyn oğlu” kimi qeyd olunduğu müəyyən edildi. X4 filialından verilmiş Şamaxı rayon İcra Hakimiyyəti Mirikənd İƏD nümayəndəliyinin 1980-1982-ci illəin Novo-Dmitrovka kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitablarından arxiv çıxarışından görünür ki, həmin kitablarda kənd sakini 01.07.1956-cı il təvəllüdlü X1 ailə tərkibində qardaşı xx.xx.1971-ci il təvəllüdlü İddiaçı Malikhüseyn oğlunun olması qeyd edilmişdir. Məhkəmə sorğusuna əsasən Sabirabad rayon qeydiyyat şöbəsindən alınmış 70 nömrəli 30.08.1971-ci il tarilxli doğum haqqında akt qeydinin surətindən görünür ki, uşağın adı qrafasında “Sədaqət”, soyadı qrafasında “Daşdiyeva”, ata adı qrafasında “Məlikhüseyn”, cinsi qrafasında “qadın” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı doğum haqqında akt qeydində soyadın “Daşdıyev”, cinsin “kişi” yazilması və müvafiq şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh özünün 19.11.2021-ci il tarixli 05/Q-1383/66 saylı məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X5: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Məlikhüsyn oğlu doğularkən ona “Sədaqət” adı verilmiş, soyadı “Daşdıyev”, ata adı “Məlikhüseyn” olmuş və hazıradək onun bütün sənədlərində ona uyğun qeyd edilmişdir. Lakin ilkin doğum haqqında akt qeydində soyadı səhvən “Daşdiyeva”, cinsi isə “qadın” kimi göstərilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və gələcəkdə iddiaçının doğum haqqında akt qeydi və şəhadətnaməsi ilə digər şəxsi sənədləri arasında ziddiyyət yaranmadığı üçün doğum haqqında akt qeydində soyadı və cinsi qrafalarında düzəliş edilərək müvafiq olaraq “Daşdiyev”, cinsi “kişi” göstərilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Məlikhüseyn oğlunun doğum akt qeydində soyadı və cinsi qrafalarında düzəliş edilərək müvafiq olaraq “Daşdıyev” və cinsi “kişi” göstərilməsi öhdəliyi cavabdeh X6 xidmət Mərkəzi Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar